ABŞ-Azərbaycan arasında imzalanmış xartiya ölkəmizin iqtisadi güc mərkəzinə çevrilməsi prespektivlərini möhkəmləndirəcək - Sevil Mikayılova
ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya yalnız ikitərəfli əlaqələrin deyil, həm də regionda geosiyasi və iqtisadi proseslərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən sənəddir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayıova əlavə edib ki, bu sənəd 2025-ci ildə Vaşinqtonda keçirilmiş görüşlərdən sonra formalaşan yeni siyasi dialoqun məntiqi davamıdır:
"Xartiya Azərbaycanın ABŞ ilə münasibətlərini yalnız siyasi əməkdaşlıq çərçivəsində deyil, iqtisadi, texnoloji, təhlükəsizlik və enerji sahələrində kompleks tərəfdaşlıq səviyyəsinə yüksəldir.
Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasəti uzun illərdir müxtəlif qlobal güc mərkəzləri ilə əməkdaşlıq qurmağa imkan verib. ABŞ ilə strateji tərəfdaşlığın gücləndirilməsi isə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və ölkənin regionda sabitlik və əməkdaşlıq platforması kimi qəbul olunduğunu göstərir".
Deputat bildirib ki, vitse-prezidentin səfərinin əsas siyasi nəticələrindən biri regionda sülh prosesinin təşviqi istiqamətində əldə olunan razılaşmaların davam etdirilməsi oldu:
"Azərbaycanın regionda əməkdaşlıq və iqtisadi inteqrasiyanı təşviq edən siyasəti artıq konkret nəticələr verməyə başlayıb. Ermənistan istiqamətində tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji resurslarının təchizatının başlanması regionda qarşılıqlı etimadın formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir.
Bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsi xüsusi əhəmiyyət kəsb edir. Layihə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının təmin edilməsinə yanaşı, Asiya ilə Avropa arasında yeni nəqliyyat-logistika xəttinin formalaşdırılmasını nəzərdə tutur. Bu isə Azərbaycanın qlobal ticarət və tranzit mərkəzi kimi rolunu daha da gücləndirir.
Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində enerji əməkdaşlığının genişləndirilməsi, təchizat marşrutlarının şaxələndirilməsi və interkonnektor layihələrinin inkişafı nəzərdə tutulur. Eyni zamanda mülki nüvə energetikası və kritik mineralların tranziti sahəsində əməkdaşlıq perspektivləri də gündəmdədir.
Bu əməkdaşlıq Azərbaycanın Avropa və qlobal enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir".
Deputat Sevil Mikayılova vurğulayıb ki, xartiyanın mühüm istiqamətlərindən biri süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıqdır.
"ABŞ şirkətləri ilə AI mərkəzlərinin yaradılması, innovasiya platformalarının qurulması və kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslər Azərbaycanın rəqəmsal iqtisadiyyata keçid strategiyasına mühüm töhfə verə bilər.
Texnologiya transferi, tədqiqat və inkişaf layihələri, həmçinin texnoloji işçi qüvvəsinin hazırlanması istiqamətində əməkdaşlıq Azərbaycanın regional innovasiya mərkəzinə çevrilməsi perspektivlərini gücləndirir".
Onun sözlərinə görə, Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq uzunmüddətli strateji xarakter daşıyır:
"Xartiyada müdafiə sənayesi məhsullarının satışı, antiterror əməliyyatlarının genişləndirilməsi, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq xüsusi yer tutur.
Azərbaycanın beynəlxalq sülhməramlı missiyalarda fəal iştirakı Vaşinqton tərəfindən yüksək qiymətləndirilir və bu əməkdaşlıq regional təhlükəsizlik sisteminin gücləndirilməsinə xidmət edir.
Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri bir daha göstərdi ki, ölkə balanslaşdırılmış və praqmatik xarici siyasət kursu nəticəsində beynəlxalq arenada etibarlı tərəfdaş statusunu möhkəmləndirib. Azərbaycan həm Şərq, həm Qərb, həm də region ölkələri ilə əməkdaşlıq edərək geosiyasi körpü rolunu uğurla yerinə yetirir.
Enerji, nəqliyyat, texnologiya və təhlükəsizlik sahələrində həyata keçirilən çoxşaxəli diplomatiya Azərbaycanın regional liderliyini gücləndirməklə yanaşı, ölkənin qlobal iqtisadi və siyasi proseslərdə rolunu artırır.
ABŞ Vitse-prezidentinin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu sənəd yalnız iki ölkə arasında əməkdaşlığın genişlənməsi deyil, həm də Cənubi Qafqazda sabitlik, iqtisadi inteqrasiya və təhlükəsizlik baxımından mühüm geosiyasi platforma formalaşdırır.
Mövcud reallıqlar göstərir ki, Azərbaycan qlobal əməkdaşlıq modelini uğurla inkişaf etdirərək regionda sülh və tərəqqinin əsas aktorlarından birinə çevrilməkdə davam edir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре