Avropadakı ikili standartlar Cənubi Qafqazda sülh gündəliyini zəiflədir

Müəllif: Azərbaycanın Qırmızı Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində real və praktik irəliləyişlərin müşahidə olunduğu bir mərhələdə bəzi Avropa siyasi dairələrinin sərgilədiyi mövqe açıq şəkildə qərəzli və destruktiv xarakter alır. Xüsusilə müəyyən Avropa ölkələrində fəaliyyət göstərən siyasi qrupların ardıcıl şəkildə sülh prosesini kölgə altına almağa yönəlmiş addımları artıq təsadüfi yanaşma deyil, sistemli siyasi xətt kimi qiymətləndirilməlidir.

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv və müsbət atmosferdə keçirilmiş görüşü ilə eyni gündə Fransa Senatının müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılmasına çağıran qətnamə qəbul etməsi siyasi məsuliyyətsizliyin və açıq ikili standartların bariz nümunəsidir. Bu addım beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, on minlərlə azərbaycanlının həyatına son qoymuş ağır cinayətlərin faktiki olaraq legitimləşdirilməsinə yönəlmiş təhlükəli cəhddir. Belə yanaşma sülhə dəstək deyil, əksinə, cəzasızlığın təşviqi və revanşist düşüncələrin gücləndirilməsi deməkdir.

Fransa hökumətinin bu qərara səssiz qalması Senatın mövqeyinin rəsmi Parisin ümumi siyasi kursundan kənarda olmadığını açıq şəkildə ortaya qoyur. Özünü beynəlxalq hüququn və insan haqlarının müdafiəçisi kimi təqdim edən Fransanın bu məsələdə nümayiş etdirdiyi selektiv yanaşma onun vasitəçilik iddialarını ciddi şəkildə şübhə altına alır. Bitmiş bir münaqişəni yenidən gündəmə daşımağa çalışan və açıq təxribatçı mövqe sərgiləyən qüvvələrə siyasi himayədarlıq edən dövlətin vasitəçi statusunda çıxış etməsi qəbuledilməzdir.

Eyni zamanda Avropa Parlamentində və bəzi Avropa ölkələrinin siyasi dairələrində qondarma strukturların "nümayəndələri" ilə təmasların davam etdirilməsi, "Qarabağ məsələsi bağlanmayıb" kimi reallıqdan uzaq bəyanatların səsləndirilməsi beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Qarabağ münaqişəsi artıq tarixə qovuşmuş bir mərhələdir və bu reallığı inkar etmək cəhdləri yalnız regionda gərginliyi süni şəkildə qoruyub saxlamağa xidmət edir.

Bu cür məsuliyyətsiz siyasi davranışlar Ermənistan cəmiyyətində əsassız gözləntilər formalaşdırır, sülh gündəliyini zəiflədir və Cənubi Qafqazda dayanıqlı sabitliyin bərqərar olmasına ciddi zərbə vurur. Avropa Parlamentinin və Fransa siyasi institutlarının bəzi nümayəndələri dərk etməlidirlər ki, sülh prosesinə qarşı atılan hər bir addım təkcə Azərbaycana deyil, bütövlükdə regionun təhlükəsiz gələcəyinə yönəlmiş təhdiddir.

Azərbaycan beynəlxalq hüquqa, suverenliyinə və sülh prinsiplərinə əsaslanan mövqeyindən geri çəkilməyəcək. Bu kontekstdə Avropa siyasi dairələrinin, xüsusilə Fransa hökuməti və Fransa Senatının destruktiv yanaşmalardan imtina etməsi, ikili standartlara son qoyması və regionda davamlı sülhə real töhfə verməsi tarixi və siyasi məsuliyyətdir.