Azərbaycanda bəzi dövlət qulluqçuları üçün yeni qaydalar tətbiq edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan ASAN xidmət mərkəzlərində qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarında dəyişiklik edilib.

Day.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, dəyişiklik dövlət qulluqçusunun xidməti və xidmətdən kənar davranışı qaydalarını özündə ehtiva edir.

Qüvvədə olan qanunvericiliyə əsasən, dövlət qulluqçusu ona təklif edilən qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyaz və ya güzəştlərdən imtina etməlidir.

Dəyişikliyə əsasən, yuxarıda qeyd edilənlər dövlət qulluqçusunun xəbəri olmadan və ya digər ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna əsasən, yaradılmış səlahiyyətli struktur bölməyə (şəxsə) məlumat verməli (daha əvvəl rəhbərinə məlumat verməli idi) və akt üzrə Dövlət Agentliyinə təhvil verməlidir.

Qüvvədə olan qanunvericiliyə görə, dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrası (icra etməməsi) ilə bağlı məsələlərdə ona təsir etmək cəhdlərinin qarşısını qətiyyətlə almalı, belə cəhdlərin mövcudluğunu ehtimal etməyə əsas olduqda heç kimdən hər hansı formada hədiyyə, bəxşiş, ödənc və s. tələb və ya qəbul etməməlidir.

Dəyişikliyə görə, yuxarıda qeyd edilən hallar barədə dərhal "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna əsasən, yaradılmış səlahiyyətli struktur bölməyə (şəxsə) məlumat verməlidir (daha əvvəl bilavasitə rəhbərinə məlumat verməli idi).

Analoji dəyişikliklər "ASAN xidmət" mərkəzlərində fəaliyyətin tənzimlənməsi və davranış qaydalarında da tətbiq ediləcək.

Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanuna əsasən, səlahiyyətli struktur bölmə (şəxs) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyata keçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs hesab edilir.