Xəyanətə görə təzminat alına

Azərbaycan Respublikasında ailə münasibətlərində sədaqət prinsipi mühüm hüquqi və mənəvi dəyər kimi qəbul olunur.

Day.Az xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi-nin 11-ci maddəsinə əsasən ər və arvad ailə münasibətlərində qarşılıqlı hörmət, sədaqət və yardım prinsiplərinə əməl etməlidirlər.

Bu öhdəliyin pozulması, xüsusilə xəyanət halları, tərəflərdən birinin şəxsiyyət hüquqlarına zərər vura bilər. Bu baxımdan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərarı 24 dekabr 2025 həmin hallarda hüquqi müdafiə mexanizmlərini konkretləşdirir və zərərçəkmiş tərəfin məhkəməyə müraciət hüququnu təsbit edir.

Məhkəməyə müraciət zamanı iddiaçı xəyanət faktını sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi-nin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını təşkil edən halları sübut etməyə borcludur. Bu məqsədlə video və audio yazılar, fotoşəkillər, elektron yazışmalar, şahid ifadələri və digər qanuni sübut vasitələri təqdim oluna bilər. Sübutların qanunauyğun əldə edilməsi də xüsusi əhəmiyyət daşıyır, çünki qanunsuz əldə edilmiş materiallar məhkəmə tərəfindən qəbul edilməyə bilər.

Mənəvi zərərin məbləğinin müəyyən edilməsi isə konkret halların qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nin 23-cü maddəsinə əsasən fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər vurulduqda mənəvi ziyanın ödənilməsi tələb oluna bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin yaşı, sosial vəziyyəti, davranış xüsusiyyətləri, nikahın müddəti, ailə münasibətlərinin xarakteri, sağlamlıq durumu və digər mühüm halları nəzərə alır. Bu yanaşma hər bir iş üzrə fərdi və ədalətli qərarın çıxarılmasına xidmət edir.

Nəsimi Ələsgərli