Vyetnam kinosunun əsasını qoyan azərbaycanlı rejissor

Sovet dövründə Azərbaycanda hind filmləri ilə yanaşı, Vyetnam filmləri də maraqla izlənilirdi. Təbii ki, bunun ilk səbəbi Vyetnam xalqının müstəqil dövlət qurmaq uğrunda apardığı mübarizəyə sevgidən doğurdu. Amma çoxları bilmir ki, Vyetnamda kinematoqrafiyanın əsası azərbaycanlı kinorejissor, SSRİ xalq artisti Əjdər İbrahimov tərəfindən qoyulub. Bəs bu hadisə necə baş vermişdi?

1958-ci ildə Əjdər İbrahimov İmran Qasımovun ssenarisi əsasında "Onun böyük ürəyi" filmini çəkmişdi. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə edilirdi. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi. Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş etmişdilər.

Əjdər İbrahimov 1959-1962-ci illərdə müasir Vyetnamın banisi Ho Şi Minin dəvəti və SSRİ hökumətinin təklifi ilə Vyetnamda yaşamışdı. Onun məhsuldar fəaliyyəti nəticəsində Vyetnam kino məktəbi yaradılmış, 3 film çəkilmiş və Vyetnam haqqında bir neçə kitab yazılaraq çap edilmişdi.

Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzərək, bu xalqı və onun adət-ənənələrini öyrənmiş, kino məktəbi üçün uşaqlar topladı. Hanoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına - Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verilmişdi. Beləliklə, 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanması azərbaycanlı kinorejisrroun rəhbərliyi və iştirakı ilə baş tutmuşdu. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə "İki əsgər", "Acgöz quş", "Bir payız günündə" filmləri çəkilmişdi. Artıq Vyetnamın öz kinosu yaradılırdı.

Bakıya qayıtdıqdan sonra Əjdər İbrahimov "Vyetnamda gördüklərim" (1964), "Günəş ağlayır" (1971), "Döyüşən Vyetnamın kino sənəti" (1968) və "Tai qəbiləsindən olan qız" (1970) kitablarını qələmə almışdı.

Təsadüfi deyil ki, Vyetnam xalqının Azərbaycana sevgisində Əjdər İbrahimovun da rolu hər zaman xatırlanır. Rejissorun "Vyetnamda gördüklərim" adlı kitabı Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə vyetnam dilinə tərcümə olunub və yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.