İmtahanda maksimum nəticə toplayanların sayı NİYƏ AZALIB?
2026-cı ilin 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanları artıq bir neçə aydır ki, təhsil gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.
Bunu Day.Az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.
O, buraxılış imtahanından maksimum nəticə toplayanların sayındakı azalmanın səbəblərini izah edib.
Ekspert bildirib ki, müzakirələrin əsas səbəbi isə bu iki tarixdə təşkil olunan imtahanlar arasında sualların çətinlik dərəcəsində fərq olub-olmaması ilə bağlı fikir ayrılığıdır.
"Dövlət İmtahan Mərkəzi rəsmi açıqlamalarında belə fərqin olmadığını, sualların əvvəlki illərlə müqayisədə çətinləşdirilmədiyini bildirir. Bununla belə, bir çox müəllim və repetitorlar imtahanların xüsusilə bəzi suallar baxımından daha mürəkkəb olduğunu, şagirdlərin vaxt baxımından çətinlik çəkdiyini qeyd edirlər.
Hər iki tərəfin arqumentlərinə obyektiv yanaşmaq vacibdir. Bir tərəfdə imtahan prosesini təşkil edən və statistik təhlillərə əsaslanan rəsmi qurum, digər tərəfdə isə illərdir abituriyent hazırlığı ilə məşğul olan təcrübəli müəllimlər dayanır. Lakin nəticələr də diqqətdən kənarda qalmamalıdır. Belə ki, cari ildə keçirilən iki imtahan üzrə cəmi 11 nəfərin maksimal nəticə göstərməsi, əvvəlki illərdə bu göstəricinin 45, hətta bəzi illərdə 50-dən çox olması müəyyən fərqlərin mövcudluğunu ehtimal etməyə əsas verir. Çünki bir il ərzində şagirdlərin intellektual səviyyəsində kəskin dəyişiklik baş verməsi real görünmür", - o deyib.
E.Nuri qeyd edib ki, təhsil sistemi davamlı və tədrici inkişaf üzərində qurulduğundan, bu kimi kəskin nəticə fərqləri daha çox qiymətləndirmə mexanizmləri və ya sual çətinliyi ilə əlaqələndirilir.
"Əgər qarşıdakı blok imtahanlarında da oxşar çətinlik səviyyəsi müşahidə olunarsa, bu, ümumi nəticələrin aşağı düşməsinə və nəticə etibarilə ixtisas seçimi zamanı keçid ballarının azalmasına səbəb ola bilər. Bu isə həm abituriyentlərin seçim strategiyasına, həm də ali təhsil müəssisələrinə qəbul prosesinin ümumi dinamikasına təsir göstərəcək", - o vurğulayıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре