Problemli kreditlər niyə ARTIR? - Ekspert AÇIQLADI
Son zamanlar problemli kreditlərlə bağlı gündəm formalaşıb. Maraqlı sual yaranır ki, buna səbəb nədir?
Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib ki, Mərkəzi Bankın statistik icmalına görə, gecikmədə olan problemli kreditlər arasında biznes kreditləri ilk yerdədir.
Sonrakı yerlərdə istehlak və ipoteka kreditləri qərarlaşıb:
"Problemli kreditlərin yaranma səbəbləri kreditin növünə görə dəyişir və burada həm iqtisadi, həm də sosial faktorlar mühüm rol oynayır.
Biznes və aqrar sahəyə verilən kreditlər daha çox bazar və təbii risklərdən təsirlənir. Quraqlıq, sel, daşqın və məhsuldarlığın aşağı olması fermer və sahibkarların gəlirlərini azaldır, nəticədə kredit ödənişlərində gecikmələr yaranır. Mikro kreditlərdə də oxşar risklər müşahidə olunur, xüsusilə istehsal və xidmət sektorunda fəaliyyət göstərən şəxslər maliyyə çətinlikləri ilə üzləşə bilir", - o deyib.
İstehlak kreditlərində isə əsas səbəblər iş yerlərinin bağlanması, maaş azalması, ailə və sağlamlıqla bağlı gözlənilməz xərclərdir.
"Bununla yanaşı, bəzi şəxslərin kredit öhdəliklərinə məsuliyyətsiz yanaşması, başqa şəxslərin adına kredit götürməsi və ya paralel şəkildə çoxsaylı kreditlərdən istifadə etməsi də problemli borcların artmasına səbəb olur.
Gecikmədə olan kreditlərin həll yollarından ən geniş yayılanı restrukturizasiyadır. Bu zaman bir neçə kredit birləşdirilir, daha uzunmüddətli və aşağı faizli yeni ödəniş planı hazırlanır. Bəzi hallarda kreditlər minimal faizlə və ya güzəştli şərtlərlə 3-5 il müddətinə yenidən rəsmiləşdirilir ki, bu da vətəndaşların borc yükünü azaltmağa kömək edir", - ekspert qeyd edib.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре