TDT xidmətlər və investisiyalar üzrə azad ticarət sazişi ilə bağlı üzv-dövlətlər arasında tez bir zamanda konsensusun əldə olunacağına ümid edir
Türk Dövlətləri Təşkilatı xidmətlər və investisiyalar üzrə azad ticarət sazişi ilə bağlı üzv-dövlətlər arasında tez bir zamanda konsensusun əldə olunacağına ümid edir.
Day.Az xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın bu gün Türküstanda (Qazaxıstan) keçiriləcək qeyri-rəsmi sammiti ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
"TDT üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə etməyə davam edir. Hazırda TDT-nin himayəsi altında iqtisadiyyatın demək olar ki, bütün sahələrini əhatə edən 58 əməkdaşlıq mexanizmi fəaliyyət göstərir. Bu səyləri dəstəkləyən əsas alətlərdən biri 600 milyon ABŞ dolları kapitala malik Türk İnvestisiya Fondudur. Fond qarşılıqlı investisiyaları təşviq edir, innovasiyaları stimullaşdırır və xüsusilə kiçik və orta biznes arasında sahibkarlığın inkişafına dəstək verir. Digər mühüm qurum isə 2 milyondan çox şirkəti birləşdirən və sahibkarlar arasında praktik əməkdaşlığı təşviq edən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palataları Birliyidir (TCCI). Hazırda biz TCCI-nin müvafiq institusionallaşdırılması üzərində işləyirik", - deyə o bildirib.
Ömüralıyev xatırladıb ki, ötən il TDT çərçivəsində Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi (TurkIPAnet) fəaliyyətə başlayıb və bu platforma bütün türk regionunda investisiya, innovasiya və dayanıqlı inkişafı təşviq edən əməkdaşlığın inkişafına xidmət edəcək.
"Ötən il həmçinin TDT iştirakçısı olan ölkələrin mərkəzi (milli) bankları şurasının və TDT-nin "yaşıl" maliyyə üzrə Türk Şurasının (TGFC) ilk iclasları keçirilib. Bu qurum regionda "yaşıl" iqtisadiyyat üçün kapital bazarının inkişafına, eləcə də TDT üzv dövlətləri arasında pul-kredit siyasəti, ödəniş sistemləri və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib. Ötən il biz həmçinin TDT üzv ölkələrinin maliyyə monitorinqi qurumları və anti-inhisar orqanları arasında tammiqyaslı əməkdaşlığa başladıq ki, bu da gələcəkdə iqtisadi qarşılıqlı fəaliyyətimizi daha da gücləndirəcək", - deyə o vurğulayıb.
"Bundan əlavə, xidmətlər və investisiyalar üzrə azad ticarət sazişinin bağlanması da TDT çərçivəsində daxili regional ticarətin artırılması baxımından həyati əhəmiyyət daşıyır və ümid edirəm ki, yaxın gələcəkdə üzv dövlətlər bu məsələ ilə bağlı konsensusa nail olacaqlar. Bundan başqa, TDT-nin Bişkekdə keçirilmiş 11-ci sammiti çərçivəsində imzalanmış Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi (DEPA) qüvvəyə mindikdən sonra TDT üzv dövlətləri arasında elektron əməliyyatlara etimadın artacağını gözləyirik ki, bu da regionda elektron ticarətin genişlənməsinə yol açacaq", - deyə TDT-nin Baş katibi bildirib.
Ömüralıyev qeyd edib ki, TDT çərçivəsində həyata keçirilən bütün bu təşəbbüslər türk dövlətlərinin iqtisadiyyatlarının inteqrasiyasına yönəlib və bu da regionda ticarət və investisiyaların dərinləşməsinə müsbət təsir göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре