Namiq Qaraçuxurlu Aygün Kazımova ilə bağlı hansı xəbəri təsdiqlədi?

Day.Az представляет вниманию читателей интервью на азербайджанском языке.

Tanınmış meyxanaçı - müğənni Namiq Qaraçuxurlunun Milli.Az xəbər portalına müsahibəsi

- Namiq, adın tez-tez qalmaqallı məsələlərdə hallanır. Bunları necə qəbul edirsən?

- Mənə elə gəlir ki, bu, təbii haldır. Çünki tanınan insan bu cür halları normal qarşılamalıdır. Artıq neçə ildir ki, mübarizə aparıram və nəticəsidə uğurlu alınır. Ona görə də, məni heç bir qalmaqala qata bilmirlər. Əgər söhbət tənqiddən gedirsə, buna da münasibətim yaxşıdır. Niyə? Diqqət yetirin, yeniliklər edən müğənni mütləq tənqid olunur. Özüm də hər hansı müğənni də yeniliyin şahidi olanda tənqid edirəm. Çünki nə belə bir səsi qulaq eşidib, nə də belə bir görkəmi göz görüb. Ona görə də qəbul etmək çətin olur. Zaman keçdikcə isə həmin yeniliyi istər-istəməz qəbul edirsən. Hazırda tənqid olunanların 99 faizini qəbul etmirəm. Amma gerçək olaraq çox yaxşı anlayıram ki, tənqid olmalıdır. Niyə hazırki vəziyyətdə tənqidi qəbul etmirəm? Bəzi hörmətli media nümayəndələrimiz otaqdan çölə çıxmırlar. Olduğu yerdən camaatın danışdığını yazırlar. Bu artıq jurnalistika deyil, qeybətdir! Təbii ki, bu cür halları qəbul etmirəm. Təəssüflər olsun ki, bu cür hallara öyrəşmişəm. Amma camaat arasına çıxsalar, hər kəsdən nə isə eşitsələr, bəlkə məsələdən agah olarlar. Onu da bilirəm ki, elə jurnalistlərimiz də var ki, hadisənin gerçəkliyini üzə çıxarmaq üçün axtarışlarda olurlar. Bu gün həyatımda baş verən proseslər - Aygün xanımla bağlı, yeniliklərlə və digər hadisələrlə bağlı hadisələrin gerçəkliyini aşkar etmək istəyən media nümayəndələrinin evdən çölə çıxmaqları məsləhətlidir. Məsələn, həmin jurnalistlər bir dəfə arxamca düşərsə, yaxud Aygün xanımın həyatını öyrənərsə, artıq məsələnin nə yerdə olduğunu biləcəklər. Bu mənada tənqidləri qəbul etmirəm.

Yeri gəlmişkən onu da qeyd edim ki, həmin tənqidlər forumlarda da müzakirə olunur və kimin ağzına nə gəlirsə yazırlar. Təbii ki, bununla mübarizə aparmaq çox çətindir. Oxuduqca insan əsəblərinə hakim ola bilmir. Açığı deyim ki, həmin hadisələrə baş qoşmuram.

- Əvvəllər görkəmin, saç düzümün başqa cür idi. Amma Aygün Kazımova ilə duet oxuduqdan sonra görkəmində müəyyən dəyişikliklər oldu. Bundan sonra bir çox insanlar üçün müzakirə obyektinə çevrildin. Hazırda da görkəminlə bağlı fikirlər səslənilir. Maraqlıdır, Namiq Qaraçuxurlu qarşıdaki günlərdə xarici görünüşündə hər hansı dəyişikliklər edəcək ki, müzakirə obyektinə çevrilməsin?

- Hazırda gördüyünüz kimi saçlarımı keçəl kimi düzəltdirmişəm. Bu yeni imicimdir. İnanmıram ki, görkəmimdə elə bir dəyişiklik edim. Çünki 32 yaşımın olması buna imkan vermir. O vaxtları elə bir dövrüm idi ki, "Next" qrupunun uşaqları kimi saçımı uzadardım, qısaldardım və s. Amma hazırda elə bir dövrümdür ki, gördüyünüz kimi qalmaq istəyirəm. Ola bilsin ki, qarşıdaki illərdə cavanlaşdım və dəyişikliklər olsun. (gülür) Ancaq güman etmirəm ki, görkəmimdə hər hansı dəyişiklik olsun.

- Tamaşaçıları təəccübləndirəcək planların varmı?

- Hazırda şeirə çox bağlanmışam. Şeirlər, qəzəllər yazıram. Amma əsas planım odur ki, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edim. Demək olar ki, boş vaxtımda konsertin ssenarisini yazıram. Bundan əlavə, yeni mahnılarımı hazırlayıram. İnşallah, gələcəkdə tamaşaçılar yeni mahnıları eşidəcəklər. Əsas məqsəd müğənninin səhnəyə çıxıb mahnı oxumaqla kifayətlənməsi deyil. Müğənni səhnədə nə isə etməlidir ki, yadda qalsın. Keçən dəfə Heydər Əliyev Sarayında olan konsertimdə "step" rəqsləri, muğam olmuşdur. Budəfəki konsertimdə də eyniylə maraqlı və yadda qalan nə isə etmək fikirindəyəm.

- Qeyd etdiyin kimi hazırda şeirlər, qəzəllər yazırsan. Əksər şeirlərinin əsas mövzusu sevgidən bəhs olunur. Yenə də yazdığın şeirlərin mövzusu sevgi hisslərinə yönəlib?

- Hazırda fəlsəfi şeir yazıram. Şeirin süjet xətti insanın hissi ilə söhbətindən bəhs edir. Belə bir şeirim vardı ki, ürəklə insanın söhbət edirdi. İndi isə ürəyimlə deyil, hissim ilə söhbət edirəm. Bildiyiniz kimi hisslə ağıl düşmən olurlar. Ağılla hissin ortaq dil tapmasında insan xoşbəxt olur. İnsan ancaq nə ağılı ilə, nə də ki hissi ilə yaşaya bilməz. Hiss də, ağıl da olmalıdır. Amma bəzən hisslərinə qapanırsan, səni deyil, sənin ağlını yarı yolda qoyur. Sonra yana-yana qalırsan ki, bundan sonra mən nə etməliyəm?! Bu baxımdan son vaxtlar fəlsəfəyə meylim artıb, marağım oyanıb.

- Namiq Qaraçuxurlunun həyat fəlsəfəsi nədən ibarətdir?

- Ümumiyyətlə, mənim üçün fəlsəfə mücərrəd anlayışdır. Fəlsəfə elmdir.

Mənim üçün düşüncə, əqidə paklığı vacib amildir. Həyata sənətçi kimi baxıram. Fəlsəfəmdə, həyatımda budur! Fincana hərə bir cür baxırsa, mən isə bir başqa cür baxıram. Yəni, yanaşmam fərqlidir. Həyatım da, fəlsəfəm də incəsənətlə bağlıdır. Təbii ki, müəyyən Azərbaycançılıq ideyaları da var ki, bu da həyatımla bağlıdır.

- Bir qədər mövzudan kənarlaşaraq növbəti sualımı cavablandırmağınızı istəyirəm: Hazırda Aygün Kazımova ilə münasibətiniz nə yerdədir?

- Aygün xanımla münasibətim çox gözəldir. Hazırda yeni mahnı-duet üzərində çalışırıq. Az vaxt ərzində yeni duetlə tamaşaçıların qarşısına çıxacağıq.

- Aygün Kazımova ilə ayrılıq xəbəriniz tamaşaçıların marağına səbəb oldu. Amma hazırda Aygün xanımla yeni duet üzərində çalışırsınız. Bu duetdən sonra tamaşaçıda fikir yarana bilər ki, dünən ayrılan cütlük bu gün yeni duet oxuyurlar. Həqiqətən, ayrılığınız doğrudur, yoxsa şou xatirinə bunu etdiniz?

- Ümumiyyətlə, bəzi saytlarda da, forumlarda da ayrılmağımızla bağlı xəbərləri oxudum və heç kimin ayrılmağımıza inanmadığının şahidi oldum. Təbii ki, bu barədə Aygün xanımla aramızda danışıqlıqlar olub və xəbər doğrudur. Əlbəttə ki, yeni duetimizdən sonra söz-söhbətlər olacaq ki, buna da hazıram. Çünki artıq söz-söhbətlərə öyrəşmişəm.

- Namiq, təsəvvür etdiyin ailəni cəmiyyətdə görə bilirsənmi?

- Şükür Allaha, ətrafımda olan insanların ailəsi ürəyim istədiyi səviyyədədir. Təbii ki, bəzi ailələr çox inkişaf ediblər. Övladları ölkə hüdudlarından kənarda yaşayaraq təhsil alırlar və təhsildən sonra Vətənə müsbət hisslərlə qayıdırlar. Amma bəzi ailələr də var ki, çox təəssüflər olsun Azərbaycanı düşünmürlər. Məsələn, son vaxtlar ən dəbdə olan fikir söyləyirlər: "Mən Azərbaycan televiziya kanllarına baxmıram. Ancaq xarici televiziya kanallarlına baxıram!" Əslində müəyyən məqamlar var ki, insanlar haqlıdırlar. Amma bu cür ifadələri fəxrlə demək çox pis şeydir. Bu bizi hara aparır? Bilmirəm! Ona görə də ailələlərdə mütləq Azərbaycançılıq ideyası olmalıdır. Uşaqların, kişilərin kişi kimi böyüməsi lazımdır. Hazırki vəziyyətdə ailələrdə nələrin baş verdiyini görürük. Məncə, azyaşlı oğlan uşaqlarına kişilikdən dərs keçmək lazımdır. Təbii ki, xanımlarımız da qız uşaqlarını məişət işlərinə cəlb etməlidirlər. Çünki gələcəkdə həmin uşaqlar ailədə müəyyən statusa sahib çıxacaqlar. Amma çox təəssüflər olsun ki, bəzi xanımların ev-məişət işləri ilə məşğul ola bilməməsiylə rastlaşırıq. Hətta, bəzi qadınlar fəxrlə deyirlər ki, "mən yemək bişirə bilmirəm!" Necə yəni yemək bişirə bilmirsən?! Elə şey olar! Axı sən xanımsan?! Bil ki, hərənin öz işi var. Səhnəyə üz tuturlar...

Ailədə kişi də, qadın da öz hüquqlarını bilməlidir. Çünki bəzən qadınlar kişilərlə eyni hüququ bölüşür ki, sonda ailənin dağılmasına səbəb olur. Yəni ailədə xanımın da, kişinində öz işi, öz hüququ var. Əgər görsək ki, kişi maşınını saxlayıb, xanımı isə onun maşınının qapısını açırsa, və yaxud kişi evdə oturub, küçədə xanım onun maşınını yuyursa, əlbəttə ki, bu cür hallar cəmiyyətdə pis qarşılancaq.

- Sən özün necə, yenidən ailə qurmaq fikirindəsən?

- Təbii ki, ailə quracağam. Amma hələ ki, bu barədə yox deyirəm.

- İkinci dəfə Azərbaycan xanımıyla, yoxsa əcnəbi xanımla ailə quracaqsan?

- Bu, qəlb-könül məsələsidir. Əslində, birinci növbədə məni başa düşən bir xanım olmalıdır. Düzünü desəm, dost məclislərinə, tədbirlərə gedəndə ətarafa göz gəzdirirəm. Amma hələ ki, qarşıma istəyimə layiq olan bir xanım çıxmayıb. Yaşıma görə, narahat deyiləm. Çünki biz ailədən danışırıqsa, yaşımı nəzərə alıb tez ailə quraram və sonra ailəm müəyyən vaxtdan sonra dağıla bilər. Ona görə də ailə qurmağa tələsmirəm.

Onu da qeyd edim ki, ailə qurmağım gizli olacaq. Ona görə də inanmıram ki, cəmiyyətə də təsir göstərim. Hər halda düzgün-dürüst ailə quracağam. Elə müğənnilər var ki, ailəsində dava-dalaş, söz-söhbət olur. Amma səhnəyə çıxıb ailəsində hər şeyin yaxşı olduğunu deyir. Mən o cür ailə qurmaq istəmirəm. Fikirləşirəm ki, əslində şou-biznesdə kişi və qadın müğənniləri ailə məsələlərində başqa bir şeyə təsir göstərir. Söhbət insanların müğənnilərə olan baxışından gedir. Xanım müğənnilərimiz inciməsinlər! Bəzən bəzi xanım müğənnilərimiz elə hərəkətlər edirlər ki, onu mən bilirəm. Hansı ki, efirlərdə onlardan müsahibə alan zaman fikirləşərsən ki, onun min metrə yaxınına yaxınlaşa bilmərsən. Amma həmin müğənnilər səhnə arxası elə şeylər edirlər ki, insanlar da haqlı olaraq "mən müğənni xanımla ailə qurmaram"- söyləyirlər. Bizim namuslu-qeyrətli xanım müğənnilərimiz də var. Amma bəzi müğənnilərimiz də var ki... Əslində onlar müğənni deyillər, onlar elə həmin adamdırlar. Sadəcə olaraq, müğənni olublar. Yəni normal insandan düşüncə baxımından aşağı səviyyədə olan insanlardırlar. Gərək hər bir insanın əqidəsi olmalıdır. Elə kişi, yaxud qadın müğənniləri var ki, onlar üçün pul-para, bahalı hədiyyələr, bugünki həyat tərzi maraqlıdır. Amma elə xanım müğənnilər var ki, mən onlara öz qohumlarım kimi baxıram. Hər hansı məclisdə özlərini elə qürurlu, kişi kimi aparırlar ki, onları başımın tacı hesab edirəm. Ümumilikdə isə neqativ fikir formalaşdıran müğənnilərimiz var.

Məclisə dəvət olunan kişi müğənnisi elə bir hərəkət edib gedir ki, sonra eyni hərəkəti səndən tələb edirlər. Sən yox deyəndə isə, deyirlər ki, bəs onda niyə özündən qürrələnirsən. Onlar elə bilirlər ki, bir çırtmaya qaçıb onun masasaına yaxınlaşmaq məcburiyyətindəyik. Çünki səndən qabaq o biri müğənni o cür edib. Bir çırtmaya onun qabağında oynayıb, cibinədə beş manatda pul basıblar. Artıq müğənni adı gələndə iş adamları ağız büzərək "müğənidir də!..." deyirlər. Səhv hər bir müğənnidə olur. Amma müğənnilərə demək istəyirəm ki, dərin səhvlərə yol verməsinlər. Özlərini elə aparsınlar ki, onlara dərin hörmətlə yanaşsınlar.

- Namiq Qaraçuxurlu müğənnidir, yoxsa meyxanaçı?

- Mən əslində meyxanaçıyam, müğənniliyi də bacarıram. Zaman-zaman müğənni olduğumu təsdiq edəcəyəm. Tam müğənni olamq üçün isə illərimi həsr etməliyəm. Ümumiyyətlə, müğənni olmaq fikirim də yoxdur. Təvazükarlıqdan uzaq olsun, bəzi sənətçilər ifamda mahnıların səslənməsini yaxşı alındığını deyirlər.

- Şou-biznesdə necə, qadınla kişi arasında hüquq bərabərdirmi, yoxsa ziddiyyət təşkil edən məqamlar var?

- Məncə bərabərdir. Məsələn, Allah tərəfindən qadın müğənnisinə də, kişi müğənnisinə də vergi verilir. Digər bir misal, hər hansı bir tədbirə dəvət olunan qadın və kişi müğənniyə səhnədəki çıxışına görə vaxt yazılır. Heç biri deyə bilməz ki, filankəsdən sonra mən oxuyum, yaxud məni siyahıda ondan əvvələ-sonraya sal. Uzaqbaşı kişi deyər ki, eybi yox, qadın necə istəyirsə, elə də olsun! Hansı müğənniyə tələbat varsa, onu çox tədbirlər çağırırlar. Bir də ki, qadın müğənniləri zahirən gözəl və cəlb edici simaya malik olurlarsa, onlara üstünlük verirlər. Amma gözəl olmaq, yaxşı oxumaq deyil. Müğənniyə baxırsan ki, gözəldir, amma sənəti yoxdur. Nə olsun ki? Yenə də həmin müğənniləri verilişlərə çağırırlar, tədbirlərə qonaq qismində dəvət edirlər.

Əlavə olaraq onu da qeyd edim ki, əgər hər hansı qadın müğənnisi ilə mübahisən yaranırsa, onunla söhbət etmək olmur. Amma kişi ilə mübahisə yaranırsa, söhbət etmək daha asan olur.

- Namiq, artıq neçə ildir ki, müəyyən etaplar keçərək öz adını brend etmisən. Maraqlıdır, keçmişdən bu günə kimi Namiqin itirdiyi və qazandığı nə olub?

- Düşünürəm ki, heç nə itirməmişəm. Amma böyük miqyasda yanaşsaq, ailə qurmamışam. Bu və başqa məsələlər də var ki, hamısı incə məqamlardı. Amma o qədər maddi və mənəvi qazancım olub ki, onların qarşısında illəri itirmək gözə görünmür. Çox qazanmışam və bu qazancım sayəsində ağılla-başla hər hansı söhbətə düzgün qərarımı verə bilirəm. Demək olar ki, heç nə itirməmişəm.