Nanə Ağamalıyeva: "Bizim ailədə buna çox pis baxırlar"
Tanınmış teleaparıcı Nanə Ağamalıyevanın "Qafqazinfo"ya müsahibəsi:
- Həkimlikdən ayrılıb televiziyaya gəldiniz. Televiziyada sizi cəlb edən nə idi?
- Mən uşaqlıqdan aparıcı olmaq istəmişəm. Rejissor olaraq da özümü görürdüm, ssenarilər yazırdım. Aktrisa da olmaq istəyirdim, məktəbdə tez-tez səhnəciklər qururdum. Lakin valideynlərim razı olmadılar. Biz anamın istədiyi ixtisaslara yiyələnmişik. Anam məni həkim olaraq görürdü. Mən də Azərbaycan Tibb Universitetinə qəbul oldum. Universitetdə çox fəal idim. "Çinar" rəqs qrupunda rəqs edirdim. Universiteti bitirib diş həkimi işləməyə başladım. Həkimliyi çox sevirəm. İndiyə kimi valideynlərimə təşəkkür edirəm ki, onların israrı ilə bu təhsili aldım. Lakin düşünürdüm ki, bu mən deyiləm. VIII sinifə kimi rus bölməsində təhsil almışam. 5 yaşımdan Fidan adlı qızla dostluq edirdim. Məktəbdə dəcəllik etdiyimiz üçün məni Azərbaycan bölməsinə keçirdilər. Burada Azərbaycan dili və ədəbiyyatı müəllimim çox güclü idi. Ona görə indi mən Azərbaycan dilində mükəmməl danışıram. Amma ağlıma gəlməzdi ki, gəlib televiziyada karyeramı qura bilərəm. Məncə, bu bir qismətdir.
- Bəs televiziyaya gəlişiniz necə oldu?
- Universitetdə də, xəstəxanada da işləyərkən stolun üstə çıxıb hər gün şou göstərirdim. Yaşlı həkimlər mənim dəcəlliklərimə baxırdılar. Hələ də vaxtım olanda xəstələrimi müalicə edirəm. Ölkə xaricinə gedib ixtisasımı mükəmməlləşdirməyi planlayırdım. Doğum günümdə düşündüm ki, dəyişiklik etməliyəm və internet kluba getdim ki, televiziyalara CV göndərim. Rəfiqəm elə internetdə yazdı ki, radioda televiziyaya aparıcı axtardıqları barədə elan gedib, nömrəni götürüb zəng etdim, kastinqlərdə iştirak etdim və 500 nəfərin içindən seçildim.
- Sizcə, Nanə Ağamalıyeva deyəndə tamaşaçının ağlına kim və hansı obraz gəlir?
- Heç istəməzdim belə olsun. Son vaxtlar Nanə deyəndə ağıla müğənniləri ağladan aparıcı gəlir. Məni yaxşı şeir deyən aparıcı və həkim qız olaraq da xatırlayırlar.
- "Ulduz oldun" verilişində müğənniləri bilərəkdən, reytinq xatirinəmi ağladırdınız, yoxsa elə alınırdı?
- Elə alınırdı. Təməli Aygün Kazımova qoydu. İlk qonağım idi və qızı İlqarədən danışanda ağlamağa başladı. Daha sonra qonağım Nisə Qasımova oldu. Anası rəhmətə getdiyi üçün efirə çıxmaq istəmirdi. Nisə xanımı dünyalar qədər sevirəm. Bilirdim ki, o insan anasına çox bağlıdır və o veriliş böyük reytinq toplayacaq. Daha sonra Vasif Məhərrəmli gəldi, sonra Nadir Qafarzadə qonaq oldu. Veriliş səmimi insanlar üzərində quruldu. Nə onlar oynadı mənimlə, nə də mən onlarla. Düzdür, verilişimdə rol oynayanlar da oldu, gələn kimi başlayırdılar ağlamağa və mən başa düşmürdüm, nəyə görə ağlayırlar. Əsasən bunlar gənc ifaçılar idi, onlardan çəkinirdim. Çünki insan dərdini belə tez danışmaz. Elə insanlar olurdu ki, deyirdim onları ağlatmayacam. Amma ürəklə elə danışırdım ki, onlar başlayırdı ağlamağa və mən də onlara qoşulurdum. Mən çox kövrək insanam. Aşıq Tellini heç vaxt ağlatmaq istəməzdim. Düşünürdüm ki, bu qadın ağlamaz, amma ağladı. Manana heç yerdə danışmadığı hadisələri mənim verilişimdə danışdı, Bakıya köçmə səbəbələrini açıqladı. Bütün verilişlər maraqlı alındı. Buna görə hər kəsə təşəkkür edirəm.
- "Mən bir az ondan danış" şeiri sizin ifanızda məşhurlaşdı. Bu şeir haqda nə deyə bilərsiniz?
- Şeirin müəllifi Vüqar Rahildir. Bu şeiri ilk dəfə sumqayıtlı otaq yoldaşlarımdan eşitdim. Dedilər müəllifi Nüsrət Kəsəmənlidir. Nə qədər axtardım, müəllifi tapmadım və efirdə şeirin müəllifinin Nüsrət Kəsəmənli olduğunu dedim. Bu şairin şanssızlığı idi. Amma şeir mənim ifamda bəyənildi və məşhurlaşdı.
- Teleaparıcılardan kimləri bəyənirsiniz?
- ATV kanalında çalışan bütün aparıcıları sevirəm. Digər telekanallardan Kamilə Babayeva, Nəsib, dj Fateh, Murad Arif, İlham Mirzəyev, Nərgiz Cəlilova sevdiyim aparıcılardır.
- Televiziyada kimləri və nələri görmək istəməzdiniz?
- Mən səmimi insanam. Ona görə düzünü deyəcəm. Reytinq xətrinə şəxsi həyatından nələrisə yalandan paylaşan insanlar məndə ikrah hissi oyadır. Çünki mən həqiqətləri bilirəm və onların necə oynadığını görürəm. Bu cür hadisələrin baş verməsini istəməzdim. O ki qaldı kimləri görmək istəmirəm sualına, hamını görmək istəyirəm. Məndə aqressiya yoxdur.
- Ailə qurmaq haqqında düşünmürsünüzmü?
- Mən heç vaxt aşırı ailə qurmaq həvəskarı olmamışam. Mən bu insanla həyatımın sonuna qədər yaşaya bilərəm, o insana aid ola bilərəm və ya o insan mənə aid ola bilər deyib söykənə biləcəyim biri qarşıma çıxmayıb. Uşaqları həddindən artıq çox istəyirəm. Allahın qismətinə çox inanıram. İstəyirəm ki, yanımdakı insan mənə doğma əziz olsun, ata evindən çıxanda ağlaya-ağlaya çıxmayım, gözlərim sevincdən parıldasın.
- Karyeranızı televiziyada qurmusun. Kariyeranızı ailənizə qurban verərsinizmi?
- Əlbəttə, qurban verərəm. Ailə qurmaq, ana olmaq istəyirəm. İstəyirəm uşağımın ilk addımını mən görüm. Niyə dayə görməlidir? Neçə il əvvəl bu sualı mənə versəydiniz, yox deyərdim. Amma indi fərqli düşünürəm. Hazırda işim məni xoşbəxt edir. Ailə qurduğum adam məni işim qədər xoşbəxt edəcəksə, televiziyadan ayrılaram.
- Xəyalınızdakı "Ana Nanə" obrazı necədir?
- Siz haradan bildiniz ki, mən iki gündür bu haqda düşünürəm? Xəyalımdakı "Ana Nanə" çox şən, pozitiv, dost, uşağının hər addımını biləcək, onu xoşbəxt edəcək və o xoşbəxtliyi ona dəfələrlə xatırladacaq ana olacaq. Çalışacam həyatımın heç bir neqativini ona hiss etdirməyim. Bizi kənardan bədbəxt etmək istəyən insanlar çoxdur. Uşağımı çox şən və pozitiv böyüdəcəm. O zaman ona heç nə təsir etməyəcək və o mükəmməl olacaq. İstəyirəm uşaqlarım məni adımla çağırsınlar. Düşünürəm ki, mənə ana desələr, kövrələrəm. İstəyirəm ki, mama yox, ana desinlər.
- Həyatınızda hansı məqamlar var ki, onların baş verməsini istəməzdiniz?
- Çox təəssüf ki, həyatımda görmək istəmədiyim insanların hamısı ilə rastlaşdım. Həyatda heç nə səbəbsiz olmur. Qardaşımın rəhmətə getməsini heç istəməzdim. Ondan sonra gözlərim gülmür, üzüm gülsə də, gözlərim gülmür. Valideynlərim arzu və xəyallarının yarısını onunla itirdilər.
- Haqqınızda təhqirlər və tənqidlər oxuyanda nə düşünürsünüz, hansı hisləri keçirirsiniz?
- Axır vaxtlar təhqirləri oxumuram, şəkil paylaşıram şərhlərə baxmıram, şifrəmi dostlarım bilir girib təhqirləri silirlər. Mən o təhqirləri öz aləmimdə oxumuram, gözüm görür, amma görməzliyə vururam. Təhqir edənlərə tərbiyəsiz və əlinə fürsət düşən insan kimi baxıram. Elə tənqidlər var ki, bizim xeyirimizə olur. Biz bu cəmiyyət üçün yaşayırıq. Onların tənqidini necə nəzərə almamaq olar? Əgər bu gün özümüzü qonşuya göstərmək üçün bahalı telefon alırıqsa, qohumdan utanıb istədiyimiz böyük hadisələrdən imtina ediriksə, deməli, cəmiyyətin fikri bizə maraqlıdır.
- Nanə müasir qadındır?
- Müasirlik nədir mən bilmirəm. Mən diskotekaya getməmişəm. Bizim ailədə buna çox pis baxırlar. Televiziyaya gələndən sonra sərbəstləşmişəm. Əsas odur evdə özümü doğrultmuşam. Mən heç vaxt klublara getmirəm. Orada mənim ruhum qidalanmır. Mən Məhəbbət Kazımova, Baloğlan Əşrəfova, Akif İslamzadəyə, Şövqət Ələkbərovaya qulaq asıram və milli rəqslər edirəm.
- "Gül güzeli" mahnısını ifa etmişdiniz. Oxumaq fikri sizdə necə yarandı?
- Türkiyədə dedim ki, bu mahnını ifa edə bilərəm. Mənə dedilər ki, ifa edə bilməzsən, çox çətindir. Gökhan Hakan qardaşlar var. Onlara zəng etdim dedim bu mahnının minusunu mənim üçün çıxarda bilərsiniz? Dedilər ki, çox çətindir. Daha sonra zəng etdilər ki, bir dəfə xahiş etmisiniz gəlib ifa edin. Mahnı internetdə yayılanda mən Türkiyədə idim. Bir gündə 10 min dəfə izlənmişdi. Müğənnilər yazırdı ki, çörəyimizi əlimizdən aldın və heç kim mənfi rəy yazmadı. Düşünürəm ki, bunu davam etdirmək lazımdır. Artıq növbəti mahnı hazırdır, yaxın günlərdə səslənəcək.
- Yeni mövsümdə hansı yeniliklər və layihələr olacaq?
- "Gün keçir" proqramı tam fərqli formatda ekranlara gələcək. Mən tamaşaçı olsaydım, sevə-sevə izləyərdim. Tamaşaçını bir çox sürprizlər gözləyir və sentyabrda bu veriliş partlayış edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре