Əksər ailələrin ən böyük problemi nədir

Day.Az представляет новость на азербайджанском языке.


Məhz bu problemə görə dağılan ailələr də az deyil. Yeni ailə quran gənclərin 25 faizi sonsuzluqdan əziyyət çəkir. Dünyada bu vəziyyətdə olan təxminən 5 milyon ailə var.

Ancaq bu cütlərdən yalnız 10 faizi həkimə gedərək müalicə yollarını axtarmaqdadır. Çox zaman isə günahkar qadın olur. Dünyaya uşaq gətirə bilmədiyi üçün ailəsi tərəfindən təzyiqlərə məruz qalan qadınlar yoldaşını bədbəxt etdiyini düşünərək çarəni boşanmaqda görürlər. Halbuki vəziyyət tamam başqa olur. Sonsuz olan qadın yox, əksər hallarda məhz kişilərdir.

Əvvəllər uşaq sahibi ola bilməyən ailələrdə günahı qadında görürdülərsə, zaman keçdikcə kişi sonsuzluğu da qəbul edilməyə başlandı. Bu gün sonsuzluq problem, demək olar ki, kişilərlə qadınlar arasında yarı bölünüb. İnkişaf edən tibb sayəsində isə artıq sonsuzluq ağır problem sayılmır.

Həkim uroloq Rauf Kazımovun sözlərinə görə, sonsuzluq çox faktorlu bir diaqnozdur. Hansı ki, bu problemin həllində müxtəlif ixtisaslı mütəxəssislər bir komanda şəklində iştirak etməlidirlər: "Ailə quran insanlarda 1 il ərzində hamiləliyin baş tutmamasına sonsuzluq deyilir. Hər il təxminən cütlüklərin 15 faizi hamiləliyin baş tutmaması səbəbindən müalicəyə ehtiyac duyaraq həkimlərə müraciət edirlər. Sonsuzluğun səbəbi hər iki tərəfdə ola bilər. Kişi sonsuzluğunun səbəblərinə gəlincə, bunlar qazanılmış və anadangəlmə urogenital anomaliyalar, urogenital traktın infeksiyaları, endokrin pozğunluqlar, genetik anomaliyalar, immunoloji faktorlari saymaq olar".

Müsahibimiz bildirir ki, fiziki, hormonal və USM müayinələr sonsuzluq araşdırmalarının ən əhəmiyyətli pillələrindən biridir. Müayinəyə başlamazdan əvvəl tam anamnestik məlumat toplanmalıdır. Bəzən elə hallar olur ki, kişi sonsuzluğunun səbəbi tapılmır. Bu isə 30% hallarda olur. Bu halda diaqnoz idiopatik kişi sonsuzluğu adlanır. Belə kişilərdə kişi sonsuzluğunun səbəbi ola bilən heç bir fakt aşkarlanmır: "Fiziki, laborator və instrumental müayinələrin nəticələri normalar çərçivəsində olur. İdiopatik kişi sonsuzluğu bir neçə halla izah oluna bilir. Bura ətraf mühit çirklənməsinin nəticəsi kimi endokrin pozulmaları, aktiv oksigen radikallarının spermatozoidlərə təsirini göstərmək olar. Kişi sonsuzluğunun proqnozuna sonsuzluğun davam etdiyi müddəti, kişinin yaşı da təsir edir".

Əvvəllər qadınlar 18-20 yaşlarında ərə gedirdilərsə, bu yaş həddi indi 25-30-a qədər qalxıb. Bu da önəmli faktlardan biridir. Günümüzdə süni mayalanma nəticəsində sonsuzluq sayı demək olar ki, minimuma çatıb. Ötən 5 ilə nisbətdə ölkəmizdə süni mayalanmaya üz tutan ailələrin sayı 2 dəfə artıb. İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 8 ildir ki, Azərbaycanda da tətbiq edilir və bu müddətdə sözügedən üsulla dünyaya gələn uşaqların sayı 3 mini keçib. Lakin bunun üçün də vaxtında müraciət etmək lazımdır. 40 yaşdan sonra süni mayalanma ilə hamilə olma ehtimalı 3 faizdir. R.Kazımov qeyd edir ki, vaxtında edilən effektli müayinə və müalicələr ailələrin övlad sahibi olma istəyini reallaşdıra bilər.

Psixoloq Azad Xanıyevin sözlərinə görə, sonsuzluq ailə üçün yaşanacaq ağır bir travma olduğu halda ətrafdakı insanlardan yağan sual atəşi də kifayət qədər vəziyyəti gərginləşdirir. Məhz sonsuzluqla bağlı olan suallar gənc ailə tərəfindən psixoloji təzyiq kimi qəbul edilir. Buna görə də cütlüklərin ən böyük düşməni psixoloji təzyiq sayılır: "Psixoloji təzyiq ailə üzvləri tərəfindən başlanılır. Qaynana, baldız, ana, qohumlar, qonşular tərəfindən verilən suallar, məsləhətlər gənc evliləri stressə salır. Əksər hallarda qadınlar təklənir, problemin səbəbi kimi göstərilir. Psixoloji təzyiqlər gənclərin müayinə və müalicəsində alacaqları nəticənin müsbətliliyini yarı-yarıya endirir. Ümumiyyətlə, dünya üzrə bu sahədə psixoloqların məsləhətlərinə baxsaq, hamısı eyni yolu göstərir. Heç kimə qulaq asmamaq, övladlıq barəsində edilən təklifləri qulaq ardı etmək və mümkün qədər pozitiv olmaq".

Psixoloq bildirir ki, sonsuzluqla mübarizə aparan gənclərə ətrafdakı insanlar xəstə kimi yanaşmamalı, uşaq mövzusunu açmamalı, sanki hər şey belə də olmalı imiş kimi davranmalıdırlar. Onların aqressiv münasibətlərini yola verməli, başa düşməlidirlər: "Bir ailəyə sonsuz olduğunu demək onların həyata lazımsız olduğunu demək kimi bir şeydir. Həkimlər məhz bu sözü deməkdən çəkinir və mümkün qədər müalicəsi mümkün bir problem kimi izah edirlər. Bu müddət ərzində ailə gərgin, əsəbi, uşaqlı ailələrə qarşı qısqanc olur, xəyal qırıqlığı, ümidsizlik ilə qarşılaşırlar. Məhz bu ərəfədə bir-birini günahlandıramaq, dəstək olmaq lazımdır".

Sonsuzluqla mübarizə psixoloji dəstəklə birlikdə aparılmalıdır. Psixoloji dəstək alan ailələrin daha tez nəticə əldə etdiyi məlumdur. Xüsusən süni mayalanmaya qərar verən ailələrə psixoterapevt köməyi mütləqdir. Süni mayalanmaya müraciət edən ailələr psixoloji gərginlik keçirirlər. Uşaq olmaması qorxusu, ailədə öz yerini itirmək qorxusu, nəsil artırma qabiliyyətinin olmaması qorxusu onların beyinlərini psixoloji olaraq yükləyir. Ona görə, psixoloji dəstək olmazsa, edilən müalicələr daha uzunmüddətli və az effektli ola bilər.

Eskpress.az