Zabit Səmədov: "Onlar kimi qəhrəman olmaq istədim"

Day.Az представляет новость на азербайджанском языке:


"Əlbəttə ki, müvəffəqiyyətin sərhədi yoxdur. Bu səbəbdən uğurları davam etdirmək və azarkeşləri, xalqımı qələbələrlə sevindirmək istəyirəm. Mən fikirləşirəm ki, hələ çox müvəffəqiyyət və qələbə qazanacağam".

Bu barədə "Report"a Azərbaycanın tanınmış döyüşçüsü, K-1 ustası Zabit Səmədov deyib.

Zabit Səmədov 1984-cü il iyunun 21-də Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçüb. O, 9 yaşından idmanla məşğul olmağa başlayıb. Əvvəllər Zabit Səmədov Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olub. Sonra o, may-tay idman növü ilə məşğul olmağa başlayır. Zabit Səmədov 1998-ci ildən etibarən Minskdə döyüş sənətləri təlimi sahəsində tanınan klublardan biri olan "Chinuk GYM"də idmanını davam etdirir. O, Aleksey İqnaşev və Sergey Qur ilə birlikdə məşqçi Dmitry Pioçeskunun təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və Avropa çempionu olub. O, daha sonra peşəkar döyüşlərə üz tutub.

"Mən bu döyüş növü ilə ona görə məşğul olmağa başladım ki, o vaxtlar Jan Klod van Dam və Rembo (Silvestr Stallone) haqqında filmlərə baxmaq dəbdə idi. Onlar kimi qəhrəman olmaq istədim", - Z.Səmədov deyib.

O, ən yaddaqalan döyüşü haqqında xatirələrini də bölüşüb: "Karyeramda bir çox peşəkar, yaddaqalan döyüşlərim olub. Ancaq ən əsas qələbəmi qeyd etmək istərdim. Bu, Badr Hari üzərində 2 il əvvəl qazandığım qələbədir. Badra iki dəfə uduzandan sonra növbəti döyüş mənim üçün çox vacib oldu. Üçüncü döyüşü udmaq lazım idi və biz bunu etdik. Bu, əlbəttə ki, çox vacib qələbədir, amma mən istisna etmirəm ki, aramızda dördüncü görüş olacaq".

Zabit Səmədov iyunun 7-də Bakıda I Avropa Oyunlarının məşəl estafetində iştirak edənlərdən olub. Döyüşçü təəssüratlarını bölüşüb: "Mən məşəl daşıyanlardan biri olduğum üçün qürur duyuram və bu missiyanı mənə həvalə edənlərə minnətdaram. Avropa Oyunları bizim ölkə və şəhərimiz üçün böyük əhəmiyyətə malikdir. Çünki Avropa və bütün dünyanın gözü bizdədir. Hamı Oyunların möhtəşəm açılış mərasiminə baxıb. Biz göstərdik ki, çox möhtəşəm və irimiqyaslı idman yarışlarını yüksək səviyyədə keçirməyə qadirik".

"Mauqli" ləqəbli Zabit Səmədov dünyada peşəkar rinqdə 9 ardıcıl qələbə ilə yadda qalıb. Onun ən böyük uğurları sırasında bir neçə K-1 yarışlarının iştirakçısı, qara kəmər sahibi Makoto Uyexara, Türkiyənin yerli idmançısı Mert Akın, Dubayda keçirilən "Global Fighting Championship 3" turnirində Stiv Makkun və Konqo- Almaniya əsilli Danyo İlunqa üzərində qələbələri olub.