"Atamın anama xəyanət etdiyini anama deyə bilmədim" - bir gəncin iztirabları

Day.Az представляет новость на азербайджанском языке
Valideynlərinizdən birinin başqası ilə eşq yaşadığını düşünmək necə hissdir?
BBC Radio 1-in Newsbeat verilişində 25 yaşlı bir oğlan uzun illər atasının anasına xəyanət etdiyini bilməsindən danışıb. Bundan sonra o, qəzəb, inkar və qəmginlik içində yaşayıb.
Anonim olsa belə, eyni hadisələri yaşayanlara kömək etmək üçün hekayəsini danışmaq qərarına gəlib.
Hamamdakı telefon
19 yaşında idim və yenicə bir festivaldan qayıtmışdım.
Hamama girdim və vannanın qırağında gözümə bir telefon sataşdı.
Atamın telefonu olduğunu bildim, çünki 5-6 il bundan əvvəl həmin telefonu onun maşınında görmüşdüm.
O zaman yeniyetmə idim və ağlıma başqa heç nə gəlməmişdi.
İndi isə şübhələndim.
Telefonu əlimə aldım. Şifrəsi yox idi.
Onu eşələdikcə bir qadından gələn mesajları gördüm.
O qədər qəzəblənmişdim ki, yazılanları oxuya bilmirdim.
Hər şey gözümün qabağında açılmağa başladı.
Amma mesajlar sevgi münasibətini sübut edən məzmunda deyildi.
Mən duş qəbul etdim, bir az sakitləşdim və otağıma getdim.
Atamın yuxarı qalxdığını eşidib, otağıma çağırdım və telefonu ona göstərdim.
İlkin reaksiyası təxminən belə oldu: "Nə dediyini anlamıram."
O, telefonu götürdü və aşağı düşdü.
Sonra əlində itin xaltası yanıma gəldi və dedi: "Yaxşı, gəl bir az söhbət edək."
Bir gəzməyə çıxdıq və mən həyəcanlı idim. Ona ciddi qarşı çıxmadım.
O, söhbəti işinə bağladı və həmin qadının ona işdəki çətinlikləri keçmək üçün kömək etdiyini söylədi.
"Mənim çox dostum yoxdur deyə düşündüm ki, anan qadın dostu fikrini yaxşı qarşılamaz," o dedi.
O vaxt beynimdə atamın dediklərinə haqq qazandırmağa çalışırdım.
Onun sözlərinə inanmaq məcburiyyətində idim.
O, məsələyə təmkinlə yanaşdığıma görə mənə təşəkkür etdi və söhbət bağlandı
Amos
Üzərindən iki il keçməsinə baxmayaraq, hələ də bu söhbət beynimin bir hissəsində dururdu.
Atam yeni mənzilə köçməkdə mənə kömək edirdi.
Özünə təz iPhone almışdı və şəkilimi çəkib, kiməsə göndərdi.
Bir az sonra anama mesaj yazıb, atamın ona mənim şəklimi göndərib-göndərmədiyini soruşdum. Anam: "Necə? Atan mənə mesaj yazmayıb."
Bu məndə şübhə yaratdı.
Atamın yanına gəldim və onun Amos adlı birinə mesaj yazdığını gördüm.
Atamın Amos adında dostu olmadığına görə, dərhal anladım ki, yalançı addır.
Atam gecə mənimlə qalacaqdı və mütləq onun telefonunu ələ keçirməli idim.
Gecənin bir yarısı otaqda Matrix tərzində iməkləyərək telefonu götürdüm və aşağı düşməyə başladım.
Atam otaqdan çıxıb, dedi: "Zəhmət olmasa, telefonumu qaytar."
Mən üzr istəyib, zəngli saatı qurmaq lazım olduğunu uydurdum.
Səhər biz birlikdə səhər yeməyi yedik və atam getdi - gecə barədə heç nə vurğulamadı.
Çox qəribə idi.
Atamın doğum günü
Altı ay keçdi və artıq demək olar ki, hər şeyi unutmuşdum.
Atamın doğum günü idi.
Anam və atamla restorana gedirdik. Balaca bacımla görüşəcəkdik, amma o gecikirdi və atam gözləməkdən bezməyə başlamışdı.
O geri çevrildi və sürətlə evə tərəf yeriməyə başladı.
Mən çox əsəbi idim və onun arxasınca gedib qışqırır, onu qorxaq adlandırırdım.
"Amos kimdir?" özümdən asılı olmayaraq ağzımdan çıxdı.
O, arxaya çevrildi. Bənizi atmışdı.
O, suala əhəmiyyət verməməyə çalışırdı, "Bu haqda danışma" deyirdi.
Evə çatanda içəri girmək üçün heç birimizin açarı yox idi. Hər şey o qədər qəribə idi ki, hönkürməyə başladım və atamı qucaqladım.
Nə etdiyimi bilmirdim.
Anamla bacım bizim sadəcə mübahisə etdiyimizi düşündülər. Bacım məktəbli idi və ona heç nə demək istəmədim.
Bu yükü özümlə daşımalı idim.
Alison Cooper, Münasibət məsləhətxanası
Özünü tənha hiss etmək və bütün yükü çiynində daşımaq çox çətindir.
Əgər eyni vəziyyətdəsinizsə, dəstək üçün münasibət məsləhəti xidmətinə müraciət edə bilərsiniz. Narahatlıq və ya panika keçirirsinizsə, həkiminizlə görüşmək də məsləhətdir.
Məktəb, kollec və ya universitet tələbəsi olanlar bir müəllim ilə də söhbət edə bilərlər. Bu zaman onlar sizin davranışınız və ya təhsilinizdəki dəyişiklikləri başa düşərlər.
Xala və ya əmi kimi başqa ailə üzvü ilə də söhbət etməyə dəyər və onlardan sizin adınızdan həmin valideyninizlə danışmasını xahiş edə bilərsiniz.
Mənə elə gəlir ki, itkidən yaranan hissləri qaydasına salmaq üçün kiminləsə dərdləşmək bu çətin zamanı ötürməyə və buna görə sənin məsuliyyət daşımadığını qəbul etməyə kömək olur.
Və sonra bacım hər şeyi öyrəndi
İki il sonra, bir gün bacımdan mesaj aldım: "Sənə zəng vura bilərəmmi?"
Onun gözləri kəlləsinə çıxmışdı.
"Aman Allahım, ata anaya xəyanət edir," o dedi.
Mənim kimi o da onun telefonundan şübhələnib və "Amos"-la olan mesajları görüb.
Həmin an bir az rahatladım.
Atama zəng vurmaq qərarına gəldim.
"Mən və bacım hər şeyi bilirik," dedim.
"Sən bunu anaya demək məcburiyyətindəsən, əks halda səninlə normal münasibətimi davam etdirmək çox çətin olacaq."
O, tamamilə sakit qulaq asırdı.
Sağollaşanda mənə dedi: "Bunları mənə başa saldığın üçün sağ ol."
Vəssalam.
Qeyd
O, anamla dərhal söhbət etmədi.
Heç bacımla da bu barədə heç nə danışmadı. Bacım hələ onlarla yaşayırdı.
Beləcə üç ay keçdi və hələ də anama heç nə söyləməmişdi.
Artıq elə bir həddə çatmışdım ki, atamı yumruqlamaq istəyirdim.
Bir dəfə məni qatar stansiyasına aparırdı və maşında mən onun üstünə düşdüm.
Həmin gecə o, mənə mesaj göndərdi: "Bu gecə evi tərk edirəm, divardakı saatın içinə məktub qoymuşam. Bacından xahiş etmişəm ki, məktubu cümə günü çıxartsın."
Məsələni bu cür həll etməsinə görə bir az əsəbiləşdim.
Amma bunları bilən bacım üç ay onlarla eyni evdə yaşamışdısa, onun etiraf formasının mənim gözümdə artıq heç bir fərqi yox idi.
Mən evimizə gedənə qədər anam artıq məktubu oxumuşdu. Və son.
25 illik evliliyi bitirən xəyanəti bu cür bilmək son dərəcə pis idi.
Sonrası
Hər şeyin üzə çıxması ilə bağlı heç peşman deyiləm.
Düşünürəm ki, əlimdən gələn hər şeyi etdim.
Bunu anama deyən kəs olmaq istəmirdim.
Bu qədər vaxt hər şeyi ondan gizlətdiyimə görə anam məndən inciməyib. Əksinə, yaşadığım sarsıntılara görə kövrəlib.
Mənim məsləhətim
Bunları yaşayan insanlara iki əsas məsləhətim var.
Birincisi, isti başla hərəkət etməyin.
Acıqlı başla bir neçə dəfə nə isə etmək istəmişdim. Duş qəbul etmək kimi şeylər məni sakitləşdirirdi.
İkincisi, şəxsi söhbət etmək vərdişinə yiyələndim.
Hələ də bacı-qardaş davaları yaşamağımıza baxmayaraq, bu hadisə bizim münasibətimizi gücləndirdi.
Çətin olan isə atamın münasibətidir.
O, bacıma çatan haqqı ödəmir və bu da bacım üçün çətinlik yaradır.
Bir Milad bayramında anamın valideynlərinin atama hədiyyə etdiyi kompüteri tələb etmək kimi kiçik şeylərlə canımızı sıxır.
Atama zəng vurub, bunu etməməsini söylədim. Bacım da söhbətə qarışdı.
Növbəti gün hər ikimizə mesaj yazaraq, 'yaxşısı budur ki, əlaqə saxlamayaq' dedi.
Anamla atam boşanma prosesindən keçirlər və mənə elə gəlir ki, hələ də həmin qadınla bir yerdədir. Tez-tez gələcəkdəki münasibətimizin necə olacağı barədə düşünürəm.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре