Aİ missiyası İrəvana hansı məqsədlə gəlir?

Ermənistanın baş naziri Nikol Paşinyan həm müxalifətdə olarkən, həm də hakimiyyətə gələndən sonra ölkənin Rusiyanın təsirindən çıxarılması ilə bağlı verdiyi vədləri reallaşdırmağa başlayıb.

Day.Az xəbər verir ki, bu barədə erməni analitik Tevos Arşakyan "Armenianreport" saytında dərc etdiyi məqalədə qeyd edib.

Analitik Paşinyanın Rusiyaya qarşı planının ilginc detallarını yazıb və Avropa İttifaqının Azərbaycanla sərhəddə göndərdiyi iki illik mülki missiyanın əsl məqsədini açıqlayıb.

Tevos Arşakyan yazır ki, iki illik Aİ missiyası ilk baxışda sırf sərhəd təhlükəsizliyi məsələsini diqtə etsə də, pərdə arxasında başqa məqamlar var.

"Brüssel və İrəvan açıq şəkildə bəyan edib ki, Aİ-nin Ermənistan ərazisində tamhüquqlu mülki missiyası patrul xidməti həyata keçirəcək. Vəziyyət barədə məlumat verəcək, Ermənistan və Azərbaycan arasında təhlükəsizliyin təmin edilməsinə və etimadın möhkəmlənməsinə töhfə verəcək. Müəyyən dərəcədə bu, həqiqətən də belədir".

Analitik məsələyə təkcə sərhəd təhlükəsizliyi nöqeyi-nəzərindən baxmamağı təklif edir.  O, bu məqamda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında yaşanan ziddiyyətlərə xüsusilə diqqət çəkir.

"Xatırladığımız kimi, Rusiya və KTMT İrəvana Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməyi təklif etmişdi. Lakin erməni tərəfi bu təklifə qəti şəkildə rədd cavabı vermişdi".

Tevos Arşakyan rədd cavabını Moskvanın və KTMT-dəki müttəfiqlərinin son iki il yarımdakı davranışları ilə əlaqələndirib.

"Ermənistan Rusiyanı rədd edir, Qərbə doğru irəliləyir. İndi Ai-yə doğru gedirik. Amma tezliklə ola bilsin ki, NATO ilə münasibətlər müzakirə olunacaq. Rusiya isə Azərbaycan və Türkiyə ilə eyni komandada çıxış edir".

Müəllif Qərbin də Ermənistanda xüsusi maraqlarının olduğunu qeyd edib.

"Ermənistan göstərir ki, Cənubi Qafqaz təkcə Rusiyanın deyil, həm də Avropanın maraq zonası ola bilər. Ona görə ki, Brüssel regional məsələlərdə daha mühüm rol oynamaq istəyir. İrəvan buna qarşı deyil. Bəli, biz çox gözəl anlayırıq ki, Ermənistan vasitəsilə regionumuza nüfuz edən Qərb Rusiyanı sıxışdırıb çıxarmaq kimi geosiyasi məqsədlərini həyata keçirir".

Analitik yazının əvvəlində Nikol Paşinyanın siyasi xəttinin təməlində Qərbə meyilliyin dayandığını vurğulasa da, daha sonra Ermənistanın Rusiyadan üz döndərməsinə səbəbin Moskva olduğunu qeyd edib. O bildirib ki, İrəvanın Moskvaya qarşı siyasi kursunun dəyişməsinin səbəbi Rusiyanın Ermənistana xəyanətidir.

"Bəs İrəvanın xarici siyasət kursunu Moskvadan Brüsselə dəyişməsində günahkar kimdir?  Bu dəyişikliyə səbəb həm 44 günlük müharibədə, həm də ondan sonrakı dövrdə Rusiyanın Ermənistana xəyanətidir. Rusiya regiondaki yeganə müttəfiqinin maraqlarını Azərbaycan və Türkiyəyə metodik şəkildə təslim etdi. Doğrudanmı, Moskvadakılar bu qədər sadəlövhdürlər və Ermənistanın əks tədbir görməyəcəyinə inanırlar? Hətta küncə sıxışdırılmış siçan vəhşi heyvana çevrilir".

Müəllif Ermənistanın Qərbə doğru irəliləməsinin Moskvada ciddi narahatlığa səbəb olduğunu da vurğulayıb.

"Moskvada başa düşdülər ki, Ermənistan Qərbə doğru gedir. Narazılıq Lavrovun və Zaxarovanın qəzəbli nitqlərində də öz əksini tapır. Amma artıq gecdir, Ermənistan sizə güvənmir".

Moskvanın İrəvana təzyiq rıçaqlarından yazan müəllif qeyd edib ki, Ermənistan rus əsgərləri və terrorçuları ilə doludur.

"Rusiyanın hələ də Ermənistana təzyiq imkanları var. Məsələn, müxalifət, iqtisadiyyat, təhlükəsizlik məsələləri vasitəsi ilə ölkəmizə təzyiq edə bilərlər. Unutmayaq ki, ölkəmiz sözün əsl mənasında rus əsgərləri və terrorçuları ilə doludur".

Tevos Arşakyan yaxın günlərdə Moskvanın İrəvana qarşı bütün təzyiq rıçaqlarını işə salacağını qeyd edib.

"Buna heç şübhə etmirəm. Bu kontekstdə ərazimizdə Rusiyanın hərbi mövcudluğunun ləğv edilməsi məsələsi yenidən gündəmə gəlir. Biz öz sərhədlərimizi özümüz qoruya bilərik. Əlavə təhlükəsizliyə Aİ-nin uzunmüddətli missiyası zəmanət verir". 

Elvin Səxavətoğlu