Prezident İlham Əliyev: Biz Albaniya hökuməti ilə gələcəkdə qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq

Biz Albaniya hökuməti ilə gələcəkdə qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Təbii ki, Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır. Çünki yaxşı bilirik ki, Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və biz uzunmüddətli kontraktlarda maraqlıyıq. Ümid edirəm ki, biz bu məsələləri bir-biri ilə uzlaşdıra bilərik. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərinə qoyulan sərmayəni nəzərə alsaq, hazırda elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz da Avropaya ixrac edilə bilər və beləliklə, gələcəkdə bizim nəzərdə tutduğumuzdan daha böyük rəqəmlə bizim ixracatımız ölçülə bilər".