Avropalı deputatların üzünü ermənilərə çevirən

Müəllif: Elvin Səxavətoğlu

Avropa Parlamenti yenə Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Hər iki qətnamədə Azərbaycana dərhal sanksiyaların tətbiq edilməsi və strateji enerji tərəfdaşlığa dair anlaşma memorandumunun dayandırılması tələb olunur.

Avropa təşkilatları bundan əvvəl də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Amma onların heç biri effektiv olmayıb. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövrüyyəsi ilbəil artır. Digər tərəfdən Azərbaycan İttifaqın ən etibarlı enerji tərəfdaşıdır.

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Azərbaycandan son dörd ildə maksimum həcmdə - 20,3 milyon ton neft idxal ediblər. Azərbaycan ötən il 24 milyard kubmetrdən çox qaz ixrac edib. İxracatın ən azı yarısı Avropaya istiqamətlənib. Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər qaz ixracının artırılması ilə bağlı müqavilə imzalanıb.

Bəs kimlər münasibətləri pozmağa çalışır?

Göründüyü kimi, anti-Azərbaycan qətnamələrin qəbuluna baxmayaraq, Bakı və Brüssel arasında münasibətlər sürətlə inkişaf edir. Amma Avropadakı bəzi dairələr öz maddi maraqları naminə bu münasibətlərin pozulması üçün canla-başla çalışırlar.

Avropa qurumları bəzi dövlətləri rüşvət və korrupsiyada ittiham etsə də, öz daxilində maliyyə maxinasiyalarını görməzdən gəlir. Məsələn, yeni seçkilərə hazırlaşan Avropa Parlamentinin deputatları Azərbaycana qarşı olan istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazırdır. Çünki hər deputatın parlamentdə yer tutması üçün ciddi maliyyəyə ehtiyacı var.

Təbii ki, belə bir məqamda əsas maliyyə mənbəyi erməni lobbisi ola bilər. Məlumdur ki, erməni lobbisi avropalı deputatlara maliyyə verməsi üçün ilkin şərti anti-Azərbaycan qətnaməsinin qəbulunda onlara köməklik göstərilməsidir. Avropalı deputatlar bu şərti qəbul etdiklərini öz çıxışlarında, Azərbaycana qarşı qərəzli mövqelərində açıq şəkildə göstərirlər.

Deputatların əsas sponsoru isə erməni əsilli brilyant qaçaqmalçısı Kaspar Karapetyandır.

Kaspar Karapetyan Belçikadakı erməni mafiyasının əsas idarəçilərindən biridir. O, qanunsuz almaz biznesi ilə məşğuldur.

Əsasən Rusiyadan və Afrikanın münaqişəli bölgələrindən Avropaya qanunsuz yollarla almaz daşıyır. Karapetyan Avropa İttifaqının Rusiya almazına qoyduğu sanksiyaların effektivliyini sual altına qoyan şəxsdir. Qaçaqmalçı Karapetyan Rusiyada gizli yollarla almazı alır və Belçikada cilalayır, oradan isə dünya bazarına çıxarır. Almazlar Ermənistandan da eyni qaydada ixrac olunur.

Satılan almazın pulu isə Avropa Parlamentinin deputatlarına verilir. Onlar da Azərbaycana qarşı kampaniyada yer almağa razı olurlar.

Bu prosesdə təkcə erməni lobbisi deyil, Avropada hakimiyyətdə olan bəzi siyasi liderlər də iştirak edir. Fransa prezidenti Emmanuel Makron həmin siyasətçilər sırasındadır. Məsələn, Makron erməni diasporu ilə baş nazir Nikol Paşinyan hakimiyyəti arasında yaşanan gərginliyin sonlandırılması üçün səy göstərir. Makron Paşinyanı Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşdürüb. Məqsəd isə xaricdə yaşayan erməniləri və Ermənistan hakimiyyətini Azərbaycana qarşı sıx birləşdirməkdir. 

Amma proseslər göstərir ki, nə Avropa Parlamentinin deputatlarının qəbul etdiyi qətnamələr, nə Makron kimilərinin erməni lobbisi vasitəsi ilə Azərbaycana qarşı apardığı kampaniya heç bir nəticə vermir. Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib və bu prosesdə ölkəmizə qarşı aparılan kampaniyalara peşəkarlıqla müqavimət göstərməyi bacarıb, bundan sonra da bacaracaq. 

Digər tərəfdən, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ciddi təhdidlərlə üz-üzədir. Azərbaycana sanksiyaların tətbiq olunması yuxarıda qeyd edilən enerji siyasətinin iflasa uğraması ilə nəticələnə bilər. Bu iflasın isə "köhnə qitə"də hansı fəsadlar törədəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.