Ermənistan iqtisadiyyatında vəziyyət ermənicədir - ARAŞDIRMA
![Ermənistan iqtisadiyyatında vəziyyət ermənicədir](https://img.day.az/2025/02/14/800x550/pashinyan_28785.jpg)
Müəllif: Elçin Alıoğlu
Mənbə: Trend
2024-cü il Ermənistan iqtisadiyyatının sistemli böhran vəziyyətində olduğunu bir daha sübut etdi. Baş nazir Nikol Paşinyan və dəstəsi isə bunu əsla utanmadan, çəkinmədən "diversifikasiya" və "artım" kimi səs-küylü bəyanatlarla gizlətməyə çalışır.
Halbuki Ermənistan iqtisadiyyatındakı vəziyyəti hətta səthi təhlil edəndə belə, hər şey aşkar görünür. Ölkədə ümumdaxili məhsulun (ÜDM) artımı yavaşlayıb, işsizlik səviyyəsi sürətlə artır, birbaşa xarici investisiyalar azalır, dövlət borcunun həcmi sürəkli böyüyür.
Ermənistan iqtisadiyyatı 2024-cü ildə ÜDM artımının "axsaması" göstərdi ki, bu da xarici amillərdən və qeyri-sabit daxili iqtisadi siyasətdən asılı olan ölkə üçün əcəl zəngi sayıla bilər.
Asiya İnkişaf Bankının (AİB) məlumatına görə, 2023-cü ildə ÜDM-in artım tempi 8,7% olduğu halda, 2024-cü ildə bu göstərici 5,7%-ə enib. Baş verənlər iqtisadi dinamikanın azalmasına işarə edir.
Səbəblər az deyil və onların arasında qlobal və regional proseslərin təsiri, pul köçürmələrinin azalması və qlobal iqtisadi risklərin əzici müdaxiləsi xüsusi yer tutur.
Ermənistandan olan miqrantların, xüsusən də Rusiyadakı erməni "qastarbayter"lərin yolladıqları pul köçürmələri ailə büdcələrinin əhəmiyyətli bir hissəsini təşkil edir. 2024-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 12,4% azalıb. Proses Rusiya iqtisadiyyatının Qərb sanksiyaları və neft-qaz gəlirlərinin azalması fonunda pisləşməsi ilə bağlıdır.
2023-cü ildə Rusiyadan Ermənistana göndərilən pul köçürmələrinin həcmi təxminən 2,1 milyard ABŞ dolları təşkil edib və bu da ölkənin ÜDM-in 13%-nə bərabər olmuşdur. Amma ötən il bu rəqəm 1,84 milyard dollara düşüb.
Ermənistanın Rusiya iqtisadiyyatından asılılığı hələ də kritik olaraq qalır. İrəvanın xarici ticarət dövriyyəsinin 30%-dən çoxu Rusiya ilə bağlıdır. Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalar Ermənistan məhsullarının, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracının azalmasına və Rusiya bazarına istiqamətlənmiş Ermənistan biznesinin şərtlərinin pisləşməsinə səbəb olub.
İnflyasiya və maliyyə bazarlarında qeyri-sabitlik ilə bağlı qlobal iqtisadiyyatın yavaşlaması da Ermənistana mənfi təsir göstərib.
Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirmələrinə görə, 2024-cü ildə qlobal iqtisadi artım cəmi 3% təşkil edib və bu da Ermənistan məhsullarına xarici tələbatın azalmasına səbəb olub. Buna baxmayaraq, Ermənistan iqtisadiyyatı daxili amillər hesabına xarici şokları qismən kompensasiya edə bilib. 2024-cü ildə tikinti sektoru infrastruktur və yaşayış binalarına aktiv investisiyalar sayəsində 12,3% artım göstərib. Ermənistan hökuməti yol, körpü tikintisi və infrastrukturun modernləşdirilməsi layihələrinə təxminən 1,5 milyard dollar sərmayə qoyub ki, bu da iş yerlərinin yaradılmasının mühüm mənbəyi olub.
2024-cü ildə turist sayı 18% artaraq 2,3 milyon nəfərə çatıb və turizmdən gələn gəlir 1,6 milyard dollar təşkil edib ki, bu da ölkə üçün rekord göstəricidir. Turistlər əsasən Rusiya, İran və Avropa İttifaqı ölkələrinin vətəndaşlarıdır. Yüksək texnologiyalara əsaslanan sənaye istehsal həcmini 2024-cü ildə 10,8% artırıb. Ermənistan fəal şəkildə İT sektorunu inkişaf etdirir, proqram təminatı və xidmətlərin ixracı 1,1 milyard dollara yaxın olubki, bu da 2023-cü ildən 15% çoxdur.
Fəqət İrəvan ciddi struktur problemləri ilə üzləşir. Rəsmi işsizlik səviyyəsi 13,5% olaraq qalır ki, bu da daxili istehlaka təzyiq göstərir. 2024-cü ildə inflyasiya 7,2% təşkil edib ki, bu da Ermənistan Mərkəzi Bankının hədəf göstəricisini aşıb.
Ərzaq və enerji məhsullarının qiymətlərinin artması sosial bərabərsizliyi daha da kəskinləşdirir. Dövlət büdcəsinin kəsiri ÜDM-in 3,8%-nə çatıb ki, bu da sosial proqramlara və infrastruktura artan xərclərlə bağlıdır. Ermənistan iqtisadiyyatı 2024-cü ildə həm xarici, həm də daxili faktorlar səbəbindən ciddi təzyiq altında qalıb. ÜDM artımının 8,7%-dən 5,7%-ə enməsi ölkənin iqtisadi sisteminin qeyri-sabitliyi və yüksək həssaslığından xəbər verir. Tikinti, turizm və yüksək texnologiyalar kimi sahələrdəki uğurlar pul köçürmələrindən və Rusiya ilə ticarət əlaqələrindən asılılıqla bağlı problemləri kompensasiya edə bilmir.
2022-ci ildə inflyasiya dörd ilin ən yüksək səviyyəsinə çatmış, lakin 2023-cü ildə müvəqqəti olaraq 2%-ə enmişdi. 2024-cü ildə inflyasiya təzyiqi yenidən artıb, istehlak qiymətləri indeksi (CPI) 3,1%-ə yüksəlib. Bu artımın səbəbi beynəlxalq və milli faktorların birləşməsi olub. Ermənistanda 2024-cü ildə enerji resurslarının qiymətlərinin artması inflyasiyanın əsas hərəkətverici qüvvəsi olub.
Xüsusilə, Rusiyadan idxal olunan qazın qiyməti 2023-cü illə müqayisədə 15% artaraq 1000 kubmetr üçün 195 dollar təşkil edib. Bu, elektrik enerjisi, istilik və nəqliyyat xidmətlərinin qiymətlərinin artmasına zəncirvari reaksiya doğurub. Ermənistan istehlak etdiyi qazın təxminən 80%-ni Rusiyadan idxal etdiyi üçün ölkə qiymət və təchizat şərtlərinin hər hansı dəyişikliklərinə qarşı həddindən artıq həssas olaraq qalır. Rusiya və Ukrayna arasında davam edən münaqişə Ermənistanın məhsullarının əhəmiyyətli hissəsini idxal etdiyi ticarət marşrutlarını pozub.
İdxaldan asılılıq kritik səviyyəyə çatıb: ərzaq və məişət mallarının 70%-dən çoxu xaricdən gətirilir. Bu, istehsalçılar və distribüterlər üçün əlavə xərclər yaradaraq birbaşa son istehlakçılara zərbə vurub. 2024-cü ildə çörək, un, şəkər və bitki yağı kimi əsas ərzaq məhsullarının qiymətləri orta hesabla 8,5% artıb.
Bu, ailələrin 25%-dən çoxunun yoxsulluq həddindən aşağıda olduğu Ermənistanda ciddi zərbə olub. 2022-ci ildə ərzaq qiymətlərinin artımı 6%, 2023-cü ildə isə 3,2% təşkil etdiyi halda, 2024-cü ildə vəziyyətin pisləşmə tendensiyası aydın görünür. Beləliklə, Ermənistan iqtisadiyyatının mövcud vəziyyəti, onun artan problemləri və struktur zəifliyi nəzərə alınaraq, bu problemləri həll etmək üçün ciddi islahatlar zəruridir.
2024-cü ildə Ermənistan Mərkəzi Bankı inflyasiyanı yavaşlatmaq üçün ehtiyatlı pul-kredit siyasəti həyata keçirib. Bu çərçivədə əsas faiz dərəcəsi 0,5 faiz bəndi artırılaraq 8,5%-ə çatdırılıb. Lakin bu tədbir vəziyyəti köklü şəkildə dəyişdirməkdə təsirsiz olub. Faiz dərəcəsinin artırılması, xüsusilə ÜDM-in 30%-ni təşkil edən kiçik və orta sahibkarlıq subyektləri üçün kreditlərə çıxışı çətinləşdirib. Bu isə investisiya fəaliyyətinin azalmasına və nəticə etibarilə iqtisadi artımın yavaşlamasına səbəb olub.
2024-cü ilin sonuna olan məlumata əsasən, Ermənistan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları cəmi 3,1 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 7% azdır. Bu, valyuta bazarında qiymətlərin sabitləşdirilməsi üçün müdaxilə imkanlarını məhdudlaşdırır. Hökumət qiymət artımının nəticələrini yumşaltmaq üçün 120 milyard dram (təxminən 300 milyon dollar) həcmində subsidiya ayırıb.
Amma bu tədbirlər daha çox simvolik xarakter daşıyıb və real effektivlik nümayiş etdirməyib. Statistikaya əsasən, 2024-cü ildə yalnız aztəminatlı ailələrin 15%-i ünvanlı yardım alıb.
Subsidiya vəsaitlərinin böyük hissəsi yanacaq və gübrə qiymətlərinin artmasından əziyyət çəkən kənd təsərrüfatı sektorunun dəstəklənməsinə yönəldilib. Bununla belə, ərzaq məhsullarının ümumi qiymət artımı subsidiya təsirini son istehlakçılar üçün heçə endirib. Qiymət artımı və dövlətin kifayət qədər dəstək göstərə bilməməsi əhali arasında narazılığın artmasına səbəb olub.
Sosial sorğuların məlumatına əsasən, əhalinin 42%-i hökumətin inflyasiya ilə mübarizədə uğursuz olduğunu hesab edir. Qiymətlərin artması, işsizlik səviyyəsinin yüksəkliyi (13,5%) və aşağı əməkhaqları ilə birləşərək sosial bərabərsizliyi daha da dərinləşdirib. 2024-cü ildə əhalinin təxminən 27%-i yoxsulluq həddindən aşağıda yaşayıb ki, bu da 2023-cü illə müqayisədə 2% artım deməkdir. BVF-nin proqnozlarına görə, 2025-ci ildə inflyasiya Ermənistanın zəif makroiqtisadi siyasəti və artmaqda davam edən idxal xərcləri səbəbindən 3,8%-ə çata bilər. İqtisadi uğursuzluqlar və əhali arasında artan sosial narazılıq siyasi sabitliyə təhdid yarada bilər. Artıq 2024-cü ildə hökumətə olan etimad səviyyəsi son beş ilin ən aşağı göstəricisi olan 34%-ə düşüb.
Ermənistanda 2024-cü ildə inflyasiya yalnız iqtisadi göstərici deyil, həm də dərin struktur problemlərin simptomudur. Enerji daşıyıcılarının idxalından yüksək asılılıq, Mərkəzi Bankın və hökumətin böhrana effektiv şəkildə nəzarət edə bilməməsi və artan sosial narazılıq Ermənistanın iqtisadi siyasətindəki uğursuzluqları nümayiş etdirir. Xarici asılılığın azaldılması və daxili istehsalın dəstəklənməsi istiqamətində dərin islahatlar aparılmasa, ölkədə vəziyyət yalnız pisləşəcək və bu, iqtisadi və siyasi sabitliyə təhlükə yaradacaq. 2024-cü ildə Ermənistan hökuməti dövlət borcunun səviyyəsinə nəzarət və büdcə kəsirinin azaldılması istiqamətində səylərini gücləndirib.
Fəqət bəyan edilən məqsədlərə baxmayaraq, vəziyyət narahatedici olaraq qalır. Dövlət borcu 2023-cü illə müqayisədə 2% artaraq ÜDM-in 50%-nə çatıb.
Xarici borclanmadan asılı olan və müstəqil iqtisadi artım imkanları məhdud olan Ermənistan iqtisadiyyatı üçün bu borc səviyyəsi əhəmiyyətli risklər yaradır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı dövlət borcunun ÜDM-ə nisbəti 63%-ə çatıb ki, bu da hərbi xərclərin ödənilməsi üçün təcili borclanmalarla bağlı olub. Həmin vaxtdan etibarən hakimiyyət bu göstəricini azaltmağa çalışıb, lakin əldə olunan nəticələr kosmetik xarakter daşıyır. 2020-ci ildə dövlət borcu 7,9 milyard dollar (ÜDM-in 63%-i) təşkil edib. 2023-cü ildə borc ÜDM-in 48%-ə qədər azalmış, lakin onun mütləq dəyəri 9,1 milyard dollara yüksəlib.
2024-cü ildə isə borc ÜDM-in 50%-ə çataraq, 10 milyard dolları aşmışdır ki, bu da fiskal siyasətin səmərəsizliyini göstərir. 2024-cü ildə Ermənistan büdcə kəsiri ÜDM-in 3,8%-ni təşkil edib. Əsas səbəblərdən biri sosial proqramlara, infrastruktur layihələrinə və borcun xidmətinə çəkilən xərclərin artmasıdır. Son beş ildə dövlət borcuna xidmət xərcləri 25% artaraq 2024-cü ildə 700 milyon dollara çatıb.
Ermənistan beynəlxalq maliyyə qurumlarının yardımı və xarici kreditlərdən asılı olaraq qalır. 2024-cü ildə ölkə 1,5 milyard dollar yeni borc götürüb ki, bunun 800 milyon dolları büdcə kəsirinin ödənilməsinə, qalan hissəsi isə infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilib. Nominal ÜDM artımına baxmayaraq, onun tempi 2023-cü ildəki 8,7%-dən 2024-cü ildə 5,7%-ə qədər azalıb.
Bu, dövlətin gəlirləri artırmaq və borc yükünü azaltmaq imkanlarını məhdudlaşdırır. Büdcə gəlirlərinin 30%-dən çoxu dolayı vergilər hesabına formalaşır ki, bu da Ermənistan iqtisadiyyatını hər hansı xarici şoklara qarşı həssas edir. Ermənistan iqtisadiyyatı pul köçürmələri, Rusiya ilə xarici ticarət və zəif sənaye bazasından asılı olaraq qalır. 2024-cü ildə pul köçürmələrinin həcmi 12% azalıb ki, bu da istehlak və büdcə gəlirlərinə mənfi təsir göstərib. Ermənistanın iqtisadi vəziyyəti struktur problemlərdən və qeyri-effektiv idarəçilikdən əziyyət çəkməyə davam edir.
2024-cü ildə Ermənistanın cəlb etdiyi borc vəsaitləri əsasən bir neçə əsas istiqamətə yönəldilib. Sosial proqramlar üçün təxminən 400 milyon dollar xərclənib.
Bu vəsaitlərin böyük hissəsi uzunmüddətli sosial müdafiə mexanizmlərinin yaradılmasına deyil, cari xərclərin ödənilməsinə sərf edilib. Bununla belə, yoxsulluq səviyyəsi hələ də yüksək olaraq qalır - əhalinin 27%-i yoxsulluq həddindən aşağıda yaşayır. İnfrastruktur layihələrinin inkişafı üçün isə 600 milyon dollar ayrılıb ki, bunun əsas hissəsi yolların tikintisi və enerji infrastrukturunun modernləşdirilməsinə yönəldilib. Bir çox layihələr tamamlanmamış qalmış və onların səmərəliliyi suallar doğurur. Məsələn, avtomobil yollarının bərpası üzrə xərclər inflyasiya və korrupsiya səbəbindən 30% artıb. Rəqəmsal transformasiya layihələrinə isə 100 milyon dollar sərf edilib. Bu vəsaitlər elektron hökumət sistemlərinin tətbiqi və telekommunikasiya infrastrukturunun modernləşdirilməsinə yönəldilib. Bu investisiyalar sürətli təsir göstərməyib və onların real səmərəsi yalnız 2026-cı ildən əvvəl gözlənilmir.
Ermənistan dövlət borcunun artması ilə bağlı risklər də artmaqdadır. 2024-cü ildə dövlət borcuna xidmət xərcləri 700 milyon dollar təşkil edib ki, bu da büdcə xərclərinin 15%-ni əhatə edir. ABŞ və Avropada əsas faiz dərəcələrinin artması Ermənistan üçün xarici borclanma xərclərini daha da artırıb ki, bu da büdcə üçün əlavə risklər yaradır. ÜDM-in 50%-nə çatan borc səviyyəsi hələ idarəolunan hesab edilsə də, borcun artmaqda davam etməsi borc böhranına gətirib çıxara bilər.
Hazırkı borclanma tempinin davam etdiyi təqdirdə, 2026-cı ilədək dövlət borcunun ÜDM-ə nisbəti 60%-i keçə bilər ki, bu da ölkəni defolt həddinə çatdıra bilər. Ermənistanın dövlət borcunun 70%-dən çoxu xarici valyutada ifadə edilib ki, bu da ölkəni valyuta məzənnələrinin dəyişməsinə qarşı həddindən artıq həssas edir. 2024-cü ildə dramın 5%-lik devalvasiyası borc yükünü əlavə 500 milyon dollar artırıb. Bundan əlavə, borc vəsaitlərinin xərclənməsi üzrə şəffaflıq səviyyəsi çox aşağıdır. "Transparency International" təşkilatının məlumatına görə, 2024-cü ildə Ermənistanda korrupsiya səviyyəsi yüksək olaraq qalıb ki, bu da ölkənin maliyyə siyasətinə olan inamı zəiflədir.
Ermənistan hazırda borc böhranının həddində balanslaşdırır. 2024-cü ildə dövlət borcunun ÜDM-in 50%-nə çatması fiskal siyasətin səmərəsizliyini və iqtisadiyyatın zəifliyini vurğulayır. İqtisadiyyatın diversifikasiyasına, korrupsiyaya qarşı mübarizəyə və vergi bazasının genişləndirilməsinə yönəlmiş struktur islahatlar olmadan ölkə borc asılılığından çıxış yolu tapa bilməyəcək. Qarşıdakı illərdə Ermənistan ya büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artırmalı, ya da sosial və investisiya proqramlarını azaltmalı olacaq ki, bu da sosial gərginliyin artmasına səbəb ola bilər. Hazırkı borc artımı və büdcə kəsiri tempi davam edərsə, ölkə 2027-ci ilə qədər borc böhranı ilə üzləşə bilər. Ermənistan iqtisadiyyatı ciddi transformasiyaya ehtiyac duyur, əks halda dövlət borcu artmağa davam edəcək və ölkənin maliyyə və siyasi sabitliyinə təhlükə yaradacaq.
2024-cü ildə Ermənistanın ixracı 53,1% artaraq 13 milyard dollara çatıb. Amma bu göstərici arxasında qeyri-proporsional təkrar ixrac payı, xüsusən də qızılın təkrar ixracı dayanır ki, bu da xarici ticarət gəlirlərinin artımının əsas mənbəyi olub.
Qızıl ixracı ümumi ixrac artımının 40%-dən çoxunu təşkil edib. Bununla belə, təkrar ixrac olunan qızılın böyük hissəsi Ermənistan hüdudlarından kənarda istehsal edilib və Rusiya, Çin və digər ölkələrə göndərilib. Bu isə Ermənistan mənşəli malların faktiki ixrac payının minimal olaraq qalması deməkdir. 2024-cü ilin ilk 11 ayında Ermənistan mənşəli malların ixrac artımı cəmi 1,4% təşkil edib. Rusiya ilə sıx iqtisadi əlaqələrə baxmayaraq, bu ölkəyə ixrac 11% azalaraq 3,1 milyard dollara düşüb. Bunun əsas səbəbləri Qərb sanksiyalarının təsiri ilə Rusiyada alıcılıq qabiliyyətinin azalması və Ermənistan məhsullarına tələbatın zəifləməsidir. Ermənistan innovativ texnologiyalar ixracının artımını bəyan etsə də, bu sektorun ümumi ixracdakı payı əhəmiyyətsiz olaraq qalır. İT sektorunda ixracın həcmi təxminən 250 milyon dollar təşkil edib ki, bu da ümumi göstəricinin cəmi 2%-ni təşkil edir.
İdxal isə 34% artaraq 17 milyard dollara çatıb. İdxalın əsas mənbəyi olaraq Rusiya qalır və bu ölkənin idxal strukturundakı payı iki dəfədən çox artaraq 9,4 milyard dollara yüksəlib. Rusiyadan idxalın nəzərəçarpacaq artımı sanksiyalar altında olan avadanlıqlar, elektronika və xammal kimi malların üçüncü ölkələrə re-ixracı üçün nəzərdə tutulan tədarüklərlə əlaqədar olub. Bu, Ermənistana qısamüddətli iqtisadi mənfəət gətirsə də, ölkənin qeyri-sabit Rusiya iqtisadiyyatından asılılığını artırıb. Ermənistan enerji daşıyıcıları, ərzaq və sənaye məhsullarının idxalından demək olar ki, tamamilə asılı olaraq qalır. Ölkədə istifadə edilən qaz və neftin 85%-dən çoxu Rusiyadan gətirilir ki, bu da Ermənistan iqtisadiyyatını geosiyasi təlatümlərə qarşı son dərəcə həssas edir.
Ermənistan coğrafi mövqeyi və regiondakı gərgin geosiyasi vəziyyət səbəbindən xarici iqtisadi əlaqələrin inkişafında ciddi məhdudiyyətlərlə üzləşir. Nəticədə, Ermənistanın yüksək nəqliyyat xərcləri ixrac məhsullarının rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Məsələn, yüklərin Gürcüstan limanları vasitəsilə çatdırılması məhsulun maya dəyərini 25-30% artırır. Ermənistanın nəqliyyat problemlərinin yeganə həlli Azərbaycanla sülh sazişi bağlamaq və Zəngəzur dəhlizini açmaqdan keçir. Əks halda, Ermənistan beynəlxalq logistika marşrutlarından səmərəli istifadə edə və qlobal təchizat zəncirlərinə inteqrasiya ola bilməyəcək. Sanksiyalar altına düşən malların re-ixracı Ermənistanın xarici iqtisadi siyasəti üçün əlavə risklər yaradır. Ölkəyə qarşı beynəlxalq təzyiqin artması ehtimalı yüksəkdir ki, bu da xüsusilə Avropa İttifaqı və ABŞ-dan olan tərəfdaşların etimadını zəiflədir.
Ermənistan xarici ticarəti diversifikasiya etməyə çalışır, xüsusilə texnologiyalar, bərpa olunan enerji və kənd təsərrüfatı sahələrinə diqqət yetirməyə cəşd göstərir. Amma nəticələr məhdud olaraq qalır. 2025-ci ilin yanvarında ABŞ ilə iqtisadi əməkdaşlıq, enerji və təhlükəsizlik sahələrini əhatə edən strateji tərəfdaşlıq sazişi imzalanması gözlənilir. Lakin nəqliyyat problemləri həll olunmadıqca və struktur islahatlar həyata keçirilmədikcə bu cəhdlər əhəmiyyətli dəyişikliklərə səbəb olmayacaq. Ermənistan hökuməti sərhəd obyektlərinin modernləşdirilməsi və rəqəmsal ticarət platformalarının yaradılması üçün təxminən 500 milyon dollar sərmayə qoyub. Ancaq bu tədbirlər dənizə çıxışın olmamasını və Azərbaycan və Türkiyə ilə bağlı qapalı sərhədləri kompensasiya etmək iqtidarında deyil.
2024-cü ildə Ermənistanın xarici ticarət göstəricilərindəki artım əsasən qızıl və sanksiyalar altındakı malların təkrar ixracı ilə bağlı olub. Ermənistan istehsalı olan malların ixracda real payı son dərəcə aşağı olaraq qalır. Azərbaycanla münaqişəni həll etmək və qonşu ölkələrə qarşı aqressiv siyasətdən imtina etmək qabiliyyətsizliyi Ermənistanın iqtisadi təcridini dərinləşdirir. Zəngəzur dəhlizinin açılmadığı və Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmadığı təqdirdə Ermənistan məhdud iqtisadi artım perspektivləri ilə qapalı iqtisadi sistem olaraq qalacaq. Ermənistan iqtisadiyyatının uzunmüddətli inkişafı üçün idxaldan asılılığın azaldılması, yerli istehsalın inkişafı və korrupsiyanın aradan qaldırılması istiqamətində real islahatlar zəruridir. Lakin hökumətin mövcud siyasəti strateji baxışın olmamasını göstərir ki, bu da yaxın illərdə iqtisadi böhranın dərinləşməsinə səbəb ola bilər. Ermənistanın xarici iqtisadi siyasəti davamlı olmayan bir model nümayiş etdirir, burada re-ixrac və manipulyasiyalar ciddi struktur problemləri müvəqqəti olaraq maskalayır. Genişmiqyaslı islahatlar həyata keçirilmədən və regional təcrid siyasətindən imtina edilmədən Ermənistan tamhüquqlu iqtisadi inkişaf və sabitlik imkanlarını itirmək riski ilə üzləşir.
2024-cü ildə Ermənistanın iqtisadi göstəriciləri ziddiyyətli mənzərə yaradır. Bir tərəfdən, xarici ticarət əlaqələrinin genişlənməsi, infrastrukturun inkişafı və startap ekosisteminin möhkəmlənməsi iqtisadi irəliləyiş illüziyası yaradır. Digər tərəfdən, detallı təhlil göstərir ki, bu nailiyyətlər, əsasən, re-ixrac manipulyasiyaları, xarici borcun artımı və əsas struktur problemlərini həll etməyən müvəqqəti tədbirlərlə bağlıdır. Ermənistan iqtisadiyyatının qarşısında duran əsas çağırışlar arasında inflyasiya və işsizliyin artması xüsusi yer tutur. 2024-cü ildə inflyasiya 3,1%-ə çataraq əhalinin real gəlirlərinə mənfi təsir göstərib. Rəsmi işsizlik səviyyəsi isə 13,5% olaraq qalmışdır ki, bu da daxili istehlakı zəiflədir və sosial gərginliyi artırır.
Xarici investisiyaların azalması Ermənistan üçün ciddi problemlərdən biridir. Hökumətin infrastruktur layihələrinin inkişafına dair bəyanatlarına baxmayaraq, 2024-cü ildə birbaşa xarici investisiyalar əvvəlki illə müqayisədə 8% azalıb. İnvestorlar geosiyasi vəziyyətin qeyri-sabitliyindən, şəffaflığın olmamasından və yüksək korrupsiya səviyyəsindən çəkinirlər. Ermənistanın aqressiv xarici siyasətindən qaynaqlanan iqtisadi təcrid isə başqa bir ciddi maneədir. Türkiyə və Azərbaycanla sərhədlərin bağlı olması vacib ticarət marşrutlarına çıxışı məhdudlaşdırır və nəqliyyat xərclərini artırır. Bu amillər Ermənistan ixracını qlobal bazarlarda rəqabətə davamlı edə bilmir.
Eyni zamanda, Ermənistanın xarici borcdan asılılığı artmaqda davam edir. 2024-cü ildə dövlət borcu ÜDM-in 50%-nə çatıb və borcun xidmətinə çəkilən xərclər büdcənin əhəmiyyətli hissəsini təşkil edib. Struktur islahatlar olmadan bu asılılıq yalnız daha da artacaq və ölkənin maliyyə sabitliyini təhdid edəcək. Hökumətin iqtisadiyyatı diversifikasiya etmək və investisiyaları stimullaşdırmaq cəhdləri isə dərin problemləri həll etməkdə kifayət qədər təsirli deyil. İnfrastruktur layihələri müvəqqəti iş yerləri yaradır, lakin uzunmüddətli artım təmin etmir. Subsidiyalar və vergi güzəştləri inflyasiyanın mənfi təsirlərini qismən kompensasiya edir, lakin onun səbəblərini aradan qaldırmır. Startap ekosistemi inkişaf etsə də, bu sektorun ölkə iqtisadiyyatına töhfəsi minimaldır və ənənəvi sektorların gəlirlərinin azalmasını kompensasiya edə bilmir.
Ermənistan iqtisadiyyatı ciddi struktur problemlərlə üzləşir və indiki tədbirlər onların həllində kifayət qədər təsirli deyil. Mövcud yanaşmalar dərin islahatlar olmadan iqtisadi sabitlik üçün zəruri şəraiti təmin edə bilməz. Ermənistanın bu problemlərdən çıxışı yalnız xarici siyasətdə dönüş, regionla inteqrasiya və iqtisadi idarəetmədə şəffaflıq yolu ilə mümkündür. Əks halda, ölkə iqtisadi inkişaf və sabitlik perspektivlərini daha da itirmək riski ilə üz-üzə qalacaq.
Ermənistanın uzunmüddətli iqtisadi inkişafını təmin etmək üçün ölkə öz prioritetlərini radikal şəkildə yenidən nəzərdən keçirməlidir. İlk növbədə, regional inteqrasiyaya yönəlmək zəruridir. Azərbaycanla sülh sazişi bağlanması Ermənistan üçün həyati əhəmiyyət daşıyır, çünki bu, Zəngəzur dəhlizi də daxil olmaqla mühüm nəqliyyat marşrutlarına çıxışı təmin edəcək və ölkəni iqtisadi təcriddən çıxaracaq. Bu, Ermənistanın qlobal bazarlara real çıxış əldə etməsi üçün vacibdir. Əgər Azərbaycan və Türkiyə ərazisindən keçən stabil logistika marşrutları qurulmasa, Ermənistan qlobal ticarət zəncirlərinə qoşulmaq imkanından məhrum olacaq və qapalı iqtisadi sistem olaraq qalacaq.
Ermənistan xarici siyasətini də dəyişməlidir. Aqressiv millətçi ritorika və qonşu ölkələrə qarşı iddialar beynəlxalq tərəfdaşları uzaqlaşdırır və regional əməkdaşlığa mane olur. Okupasiya siyasətindən imtina və Konstitusiyada müvafiq dəyişikliklərin edilməsi qonşu dövlətlərlə etimadın bərpası və münasibətlərin normallaşması üçün vacib addımlardır.
2024-cü il ərzində Ermənistan iqtisadiyyatı müvəqqəti amillərdən və xarici borclardan asılı olaraq qalıb. Siyasətdə kəskin dəyişikliklər və regional əməkdaşlığa real meyl olmadan, ölkə durğunluğa məhkumdur. Azərbaycanla şərtsiz sülh sazişi bağlanması, nəqliyyat dəhlizlərinin açılması və geosiyasi təxribatlardan imtina Ermənistan rəhbərliyinin prioritetləri arasında olmalıdır. Əks halda, Ermənistan daxili nailiyyətləri ilə deyil, xarici kreditorların şərtləri və beynəlxalq bazarlardakı təsadüfi dalğalanmalarla müəyyən edilən iqtisadi taleyi ilə üzləşəcək. Bu addımlar olmadan Ermənistanın iqtisadi təcriddən çıxması və sabit inkişaf yolu tutması qeyri-mümkün olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре