Varşavada Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi qoyulub - FOTO
.png)
Polşa Respublikasının müftisi Tomaş Mişkeviç və Polşadakı tatar icmasının dəstəyi ilə Polşanın Varşava şəhərində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi qoyulub. Xatirə lövhəsinin açılışı 26 fevral 2025-ci tarixində Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş mərasim çərçivəsində baş tutub.
Azərbaycanın Polşadakı Səfirliyindən Day.Az-a verilən məlumata görə, mərasimdə Polşa müftisi, Polşanın dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, ölkənin dini, akademik, ictimai, mədəni xadimləri, biznes nümayəndələri, o cümlədən Azərbaycan, tatar və türk icmalarının təmsilçiləri iştirak ediblər.
Bir dəqiqəlik sükutla başlayan mərasimdə Xocalı soyqırımı qurbanları və bütün Azərbaycan şəhidlərinin ruhuna Quranı-Kərim oxunub. Ardınca, Polşa Respublikasının müftisi Tomaş Mişkeviç və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış ediblər.
Polşa Respublikasının müftisi Tomaş Mişkeviç öz çıxışında Azərbaycan və tatar xalqı arasındakı həmrəyliyi qeyd edib. Xocalı soyqırımı ilə bağlı danışan müfti həqiqətlərin onda böyük təsir bağışladığını vurğulamış və dəhşətli cinayətin təkcə Azərbaycan xalqının deyil, bütün müsəlman aləminin kədəri olduğunu bildirib.
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdikləri ehtirama və təşəbbüsə görə Polşanın müftisinə və tatar icmasına minnətdarlığını bildirib. Qətliam barədə məlumat verən səfir qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək 613 dinc sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanı qətlə yetirib. 6 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bundan başqa, 1000 Xocalı sakini yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb.
Xocalıda azərbaycanlılara qarşı törədilən qətliamın beynəlxalq aləmdə rezonansa səbəb olduğunu vurğulayan N.Qurbanova milli parlamentlər, beynəlxalq təşkilatlar, tanınmış beynəlxalq hüquqşünaslar, xarici jurnalistlər, hüquq müdafiəçiləri və beynəlxalq QHT-lər tərəfindən qətliamın soyqırımı aktı və ya insanlığa qarşı cinayət kimi pisləndiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.
Xocalı soyqırımının təsadüfi bir hadisə olmağını bildirən N.Qurbanova Malıbəyli, Daşaltı, Quşçular, Qaradağlı, Ağdaban, Ballıqaya, Başlıbel kəndlərində kütləvi qətllər törədilməsini xatırladıb. Azərbaycanın 5 il əvvəl öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Qarabağda 18 kütləvi məzarlığın aşkarlanmasının sırf azərbaycanlı olduqları üçün qətlə yetirilən yüzlərlə mülki şəxsin faciəvi hekayəsini üzə çıxardığı diqqətə çatdırılıb.
Təəssüflə bildirilib ki, Ermənistan Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsi, təcavüz və işğal zamanı hərbi qüvvələri tərəfindən törədilmiş çoxsaylı digər dəhşətli cinayətlərin araşdırılması və mühakimə olunması üçün heç bir addım atmayıb. Keçmiş münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyini də xatırlayan səfir Ermənistanın itkin düşmüş şəxslərin aqibətini aydınlaşdırmaqdan imtina etdiyini diqqətə çatdırıb. Məsələnin həlli təkcə qurbanların və onların ailələrinin hüquqlarına riayət olunması baxımından deyil, həm də münaqişədən sonrakı sülh və vəziyyətin normallaşdırılması baxımından vacib olduğu vurğulanıb.
Rəsmi çıxışlardan sonra xatirə lövhəsi açılışı baş tutub və Polşa Respublikasının müftisi Tomaş Mişkeviç video müsahibə verərək Xocalı soyqırımı ilə bağlı öz təəssüratlarını bölüşüb. Müfti xatirə lövhəsinin qoyulmasının təkcə soyqırımı qurbanlarının xatirəsinə ehtiram olmadığını, eyni zamanda Azərbaycan və tatar xalqları arasında tarixi dostluğun nümunəsi olduğu qeyd edib. Xocalı hadisəsinin yalnız Azərbaycanın deyil, bütün türk xalqlarının ürəyində yara olduğunu vurğulayan müfti Polşanın tatar icmasının Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib. Xocalı soyqırımından bütün xalqların dərs çıxarmalı olduğunu bildirən Tomaş Mişkeviç bu gün ən ali dəyərin soyqırımı cinayəti deyil, sülh olduğunu qeyd edib.
Mərasimin sonunda Azərbaycan milli ənənələrinə uyğun olaraq, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna halva çalınaraq qonaqlara təqdim olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре