Bakı və Astana arasındakı münasibətlər öz inkişafının zirvəsindədir

Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər öz inkişafının zirvəsindədir.

Day.Az xəbər verir ki, bunu Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun eksperti Əminə Kosbayeva Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində Trend-in Astanaya ezam olunmuş xüsusi müxbirinə deyib.

"Əməkdaşlığın ən müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı sazişlər bağlanıb. Xüsusilə magistral nəqliyyat marşrutları sahəsində fəal işlər nəzərə çarpır - hər iki ölkə Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Bu gün ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır," - deyə o qeyd edib.

Kosbayeva vurğulayıb ki, ikitərəfli əməkdaşlığın potensialı böyükdür və bunu statistika da təsdiqləyir.

"2020-ci ildən bəri Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, heyranedici nəticədir, hərçənd bəziləri bunu qeyri-kafi hesab edə bilər, belə ki, hər iki ölkənin məqsədi ticarət dövriyyəsini bir milyard dollara çatdırmaqdır. Bununla belə, bu məqsədə çatmaq üçün həm potensial, həm də imkanlar mövcuddur", - deyə ekspert bildirib.

Kosbayeva əlavə edib ki, Azərbaycanın sənaye sektorundakı sabit artım ikitərəfli iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açır.

"Xüsusilə səfər çərçivəsində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsinin gözlənildiyini qeyd etməyə dəyər. Düşünürəm ki, bu tədbir dövlətlərarası səviyyədə əldə olunmuş razılaşmaların praktik müstəviyə - hər iki ölkənin şirkətləri arasında real müqavilələrə və sazişlərə çevrilməsinə imkan verəcək mühüm mərhələ olacaq", - deyə o əlavə edib.