Məktəbə telefon gətirən şagirdin valideyni cərimələnəcək? - Yeni dəyişiklik GÜNDƏMDƏ
Qazaxıstanda yeni qaydaya əsasən, şagirdlərin dərs zamanı mobil telefondan istifadə etməsi qadağan edilib. Qaydanı pozan şagirdin məsuliyyəti isə birbaşa valideynin üzərinə düşəcək. Belə hallar baş verdikdə, əvvəlcə valideynə xəbərdarlıq ediləcək, təkrar pozuntu olarsa, təxminən 70 manat məbləğində cərimə tətbiq olunacaq.
Müəllimlər dərs zamanı telefonla məşğul olan şagird aşkar etdikdə, bu barədə dərhal aidiyyəti qurumlara məlumat verməli olacaqlar. Qərarın əsas məqsədi məktəblərdə intizamı gücləndirmək, şagirdlərin diqqətini dərs prosesinə yönəltmək və mobil telefondan asılılığın qarşısını almaqdır.
Bəs bu yanaşma Azərbaycanda da tətbiq oluna bilərmi?
Day.Az xəbər verir ki, Təhsil eksperti İradə Talıbova Bizim.Media-ya açıqlamasında bildirib ki, dərs zamanı mobil telefon istifadəsinin məhdudlaşdırılması şagirdlərin dərsə daha çox fokuslanmasına və tənəffüslərin səmərəli keçməsinə şərait yaradar.
Onun sözlərinə görə, bu addım həm də valideyn məsuliyyətini artırar:
"Bəzi valideynlər hesab edirlər ki, uşağın davranışına yalnız məktəb və müəllim cavabdehdir. Belə bir qayda isə həm şagird, həm müəllim, həm də valideyn üçün faydalı ola bilər. Lakin bunun üçün ilk növbədə qanunvericilikdə dəyişiklik edilməli, dərs zamanı mobil cihazlardan istifadəyə dair tələblər və valideynlərin məsuliyyəti aydın şəkildə göstərilməlidir. Əks halda narazılıq yarana bilər."
Ekspert hesab edir ki, bu cür təşəbbüs Azərbaycanda da reallaşa bilər, lakin təkcə cərimə mexanizmi ilə kifayətlənmək düzgün olmaz:
"Burada valideyn-müəllim əməkdaşlığı, eləcə də şagirdlərin davranışına psixoloji yanaşma kimi əlavə tədbirlər də vacibdir."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре