Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və SABAH qrupları Zəfər Gününə həsr olunmuş hakaton təşkil edib - FOTO
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları ilə birgə Zəfər Gününə həsr olunmuş "Secure Tomorrow" hakatonunu təşkil edib. Bu yarış AKM-in "CyberPark" bloku çərçivəsində həyata keçirilib.
Uğurlu əməkdaşlığın davamı olaraq artıq 2-ci dəfə baş tutan yarış hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla, SABAH qruplarının bakalavr və magistr tələbələri arasında keçirilib. Hakatonun əsas məqsədi komandaların təhlükəli faylları təhlil etmək üçün həm açıq mənbə, həm də özəl hazırlanmış texnologiyaları daha dayanıqlı, təhlükəsiz və səmərəli şəkildə birləşdirmə bacarığını qiymətləndirmək olub. Hakaton kibertəhlükəsizlik sahəsində innovativ yanaşmaların tətbiqinə və süni intellekt texnologiyalarının kiberproseslərə inteqrasiyasına yönəlib.
Hakaton çərçivəsində təqdim olunan layihələr minimum işlək məhsul (MVP) mərhələsinə gətiriləcək. Belə ki, qalib komandaların layihələri startap inkişaf proseslərinə yönləndiriləcək ki, bu isə tələbələrin ideyalarını real biznes modellərinə çevirməyə imkan verəcək.
Qeyd edək ki, iştirak edən komandaların seçim prosesi AKM-in yüksək ixtisaslı ekspertlər qrupu tərəfindən xüsusi olaraq müəyyən edilmiş kriteriyalara əsasən aparılıb. Həmçinin tədbirin yekununda nəticələr müstəqil ekspertlər qrupundan təşkil olunan münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Sözügedən hakatonun keçirilməsində məqsəd ölkəmizin kibertəhlükəsizlik sahəsindəki gücünü və potensialını nümayiş etdirmək, həmçinin yeni nəsil mütəxəssislərin yetişdirilməsinə dəstək verməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре