İrandan idxalı hansı ölkə əvəz edə bilər?

İranla ticarət əlaqələri Azərbaycanın ərzaq bazarında mühüm rol oynayır. Xüsusilə çərəz, kənd təsərrüfatı məhsulları və bəzi gündəlik istehlak mallarının əhəmiyyətli hissəsi məhz bu ölkədən idxal olunur.

Ekspertlər hesab edir ki, İranda baş verən hadisələrin uzanması Azərbaycanın daxili bazarına da təsir göstərə bilər.

Day.Az xəbər verir ki, çərəz satışı ilə məşğul olan Tofiq Zeynalov bildirir ki, İran məhsulları qiymət baxımından bazar üçün daha sərfəlidir.

Onun sözlərinə görə, bu sahədə artıq 31 illik təcrübəsi var və satdıqları susamın böyük hissəsi İrandan gətirilir. Satıcı qeyd edir ki, İran məhsulları həm münasib qiymətə başa gəlir, həm də alıcılar tərəfindən daha çox tələbat görür.

Satıcı hesab edir ki, əgər İranda baş verən müharibə uzun müddət davam edərsə, bu, Azərbaycan bazarına da təsir göstərə bilər. Onun fikrincə, İranla ticarətin məhdudlaşması digər ölkələrdən gətirilən məhsulların qiymətinin artmasına səbəb olacaq.

Statistikaya görə, 2025-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 644 milyon dollar olub. Bunun 624 milyon dolları İrandan idxalın, 20 milyon dolları isə Azərbaycanın İrana ixracının payına düşür. Yəni ümumi ticarət dövriyyəsinin təxminən 97 faizi idxal hesab olunur.

Mütəxəssislər bildirirlər ki, söhbət yalnız qida məhsullarından getmir. Kənd təsərrüfatı məhsulları, məişət kimyası və tikinti materialları bazarında da İran məhsullarının payı kifayət qədər böyükdür. Bu məhsulların bazarda olması digər ölkələrdən gətirilən analoji malların qiymətlərinin kəskin bahalaşmasının qarşısını alan amillərdən biri hesab olunur.

Məsələn, ötən il Azərbaycana idxal olunan kərə yağının təxminən üçdə birinə yaxını - təqribən 27 faizi - İrandan gətirilib. Doğrudur, bu məhsul Türkiyə, Yeni Zelandiya və Avstraliya kimi ölkələrdən də idxal olunur. Lakin mütəxəssislərin fikrincə, İran məhsullarının bazardan çıxması digər ölkələrdən gətirilən məhsulların daha baha başa gəlməsinə səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, münaqişənin uzanması Azərbaycan bazarı üçün daha bahalı alternativlərin yaranması deməkdir. Logistika xərclərinin artması fonunda əsas məqsəd daxili bazarda kəskin qiymət artımına yol verməmək və məhsul tədarükünün coğrafiyasını genişləndirməkdir.

Hazırda ehtiyatlarda müəyyən məhsullar mövcuddur. Lakin bəzi məhsulların uzun müddət saxlanılması mümkün olmadığı üçün idxalın şaxələndirilməsi vacib sayılır. Mütəxəssislərin fikrincə, bəzi məhsullar Türkiyə, Rusiya və Gürcüstan kimi ölkələrdən də gətirilə bilər.

Elcan Turan
Day.Az