Bakıda çoxmərtəbəli binada yanğın olub - FOTO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Day.Az-а bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının on səkkiz mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 71 kvadratmetr olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin 8 nəfər bina sakini təxliyə olunub.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре