Şirvanda zəhərlənmə: problem qidada, yoxsa nəzarətdədir?
Xəbər verdiyimiz kimi, bu gün Şirvanda bir ailənin 5 üzvü qidadan zəhərlənib. Məlumata görə, həmin şəxslərin zəhərlənməsinə səbəb evə sifariş verdikləri pizza olub.
Biz bu kimi hallardan qorunmaq üçün nə etməliyik? Qida zəhərlənmələrinə əsas səbəb nədir?
Mövzu ilə bağlı Day.Az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov deyib ki, qida zəhərlənmələri əksər hallarda məhsulların düzgün saxlanılmaması, kifayət qədər bişirilməməsi və ya gigiyena qaydalarına əməl olunmaması nəticəsində baş verir.
Mütəxəssis qeyd edib ki, riskli qidalar sırasında toyuq məhsulları, ətli pizzalar, mayonez əsaslı yeməklər, eləcə də sosiskalar xüsusi yer tutur. Onun sözlərinə görə, xüsusilə "Sezar" tipli pizzalar mayonezlə hazırlandığı üçün daha tez xarab ola bilər və bu da zəhərlənmə riskini artırır.
O bildirib ki, qida zəhərlənmələrinin böyük hissəsi məhz toyuq məhsulları ilə bağlı olur: "Toyuq salmonella bakteriyasının daşıyıcısıdır. Bu bakteriya qanadlı heyvanlarda və yumurtalarda mövcud ola bilər. Əsas məsələ onun miqdarıdır. Normadan artıq olduqda qida zəhərlənməsi baş verir".
Mütəxəssis vurğulayıb ki, toyuq əti lazımi temperaturda bişirilmədikdə və ya qida təhlükəsizliyi qaydalarına əməl olunmadıqda zəhərlənmə riski qaçılmazdır. "Qida zəncirində hər hansı bir mərhələdə qayda pozuntusu olarsa, bu, son nəticədə istehlakçı üçün təhlükə yaradır", - deyə o əlavə edib.
Bununla yanaşı, o, bəzi ictimai iaşə obyektlərində gigiyena qaydalarına düzgün riayət olunmadığını da diqqətə çatdırıb. Bildirib ki, soyuq emal zamanı əlcəkdən istifadə mütləqdir, lakin bəzi hallarda bu qaydalara əməl olunmur və hətta sosial şəbəkələrdə bunun əksi təbliğ edilir.
Mütəxəssis aidiyyəti qurumları, o cümlədən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini bu kimi hallara nəzarəti gücləndirməyə çağırıb.
Seyranə Quliyeva
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре