Dünya azərbaycanlıları müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər - Komitə sədri - FOTO
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarına səfər çərçivəsində ölkəmizin Meksikadakı səfiri Seymur Fətəliyev və səfirlik əməkdaşları ilə birgə paytaxt Mexikonun Tlakskoake-Xocalı meydanında yerləşən "Xocalı Soyqırımı" abidəsini ziyarət edərək soyqırımı qurbanlarını ehtiramla yad edib, abidə önünə əklil qoyub.
Dövlət komitəsindən Day.Az-a bildirilib ki, səfər çərçivəsində, həmçinin Meksikada yaşayan azərbaycanlılarla görüş keçirilib. Tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərin xatirəsinin anılması ilə başlayıb. Sonra Prezident İlham Əliyevin çıxışlarının yer aldığı film nümayiş olunub.
Görüşdə çıxış edən səfir Seymur Fətəliyev müasir Azərbaycanın sürətli inkişafından, dövlətin həyata keçirdiyi diaspor siyasətindən və bunun Meksikadakı icmanın fəaliyyətinə təsirindən danışıb. O, soydaşlarımızın iki ölkə arasında mədəni və ictimai əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Komitə sədri Fuad Muradov isə xaricdə yaşayan hər bir azərbaycanlının dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb, diasporla sistemli iş aparıldığını bildirib. Qeyd olunub ki, dünya azərbaycanlıları yaşadıqları cəmiyyətlərdə uğurla inteqrasiya edir, müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər.
Görüşdə, həmçinin Latın Amerikası ölkələrində yaşayan azərbaycanlılar arasında koordinasiyanın gücləndirilməsi, Vətən müharibəsi və postmüharibə dövründə icmanın fəaliyyəti müzakirə olunub. İcma üzvləri beynəlxalq təşkilatlara ünvanladıqları müraciətlərlə Ermənistanın hərbi cinayətlərinə diqqət çəkdiklərini qeyd ediblər.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə Meksikada fəaliyyət göstərən Xaricdə Yaşayan Meksikalılar İnstitutu arasında imzalanmış memorandumun əhəmiyyəti də diqqətə çatdırılıb. Sənədin diaspor sahəsində əməkdaşlığın genişlənməsinə və yeni təşəbbüslərin həyata keçirilməsinə töhfə verəcəyi bildirilib.
Mexikodakı CUESEG Universitetinin müəllimi Günel Nağıyeva ölkəmizin uğurlarının xaricdə yaşayan azərbaycanlılarda qürur hissi doğurduğunu bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi ilə davam edib
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре