BOKT krediti bankdan imtinaya səbəb olur? - Ekspert AÇIQLADI
"Əsas məsələ vətəndaşın haradan kredit götürməsi deyil, həmin öhdəliyi necə idarə etməsidir".
Bunu Day.Az-a açıqlamasında bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov deyib.
O, BOKT-lardan kredit götürən vətəndaşların müxtəlif problemlərlə qarşılaşdığı iddialarına aydınlıq gətirib.
Mütəxəssis bildirib ki, bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit vermə prinsipi ilə bağlı cəmiyyətdə müxtəlif yanlış fikirlər dolaşır.
"Ən çox rast gəlinən iddialardan biri də budur ki, guya hansısa vətəndaşın BOKT-da krediti varsa, banklar ona avtomatik şəkildə kredit verməkdən imtina edir. Əslində isə məsələ tamamilə fərqlidir. İstənilən maliyyə qurumu kredit ayırmazdan əvvəl vətəndaşın razılığı əsasında Kredit Bürosuna müraciət edir və onun kredit tarixçəsini yoxlayır. Əgər həmin tarixçədə gecikmələr, ödəniş problemləri və ya risk yaradan digər məqamlar aşkarlanarsa, bank kredit verməmək və ya məbləği azaltmaq qərarı verə bilər. Yəni əsas məsələ vətəndaşın haradan kredit götürməsi deyil, həmin öhdəliyi necə idarə etməsidir", - deyə o qeyd edib.
Həmçinin Ə.Həsənov deyib ki, əslində banklar və BOKT-lar üçün kredit vermək əsas gəlir mənbələrindən biridir.
"Buna görə də onlar etibarlı və ödəniş intizamı yüksək olan müştərilərlə işləməkdə maraqlıdırlar. Əgər vətəndaş əvvəllər götürdüyü kreditləri vaxtında ödəyibsə və müsbət kredit tarixçəsinə malikdirsə, onun həm bankdan, həm də digər maliyyə qurumlarından kredit alma şansı yüksək olur. Yəni sağlam kredit tarixçəsi maliyyə etibarının göstəricisidir və bu, vətəndaş üçün gələcəkdə daha əlverişli maliyyə imkanları yaradır", - o sonlandırıb.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре