Ermənistanda kütləvi zəhərlənmə şübhəsi:

Byureghavan şəhərində yüzlərlə insanın eyni simptomlarla tibbi yardıma müraciət etməsi kütləvi zəhərlənmə ehtimalını gündəmə gətirib.

Day.Az bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Bildirilir ki, təxminən 10 min əhalisi olan şəhərdə ürəkbulanma, qusma, ishal və qızdırma şikayətləri ilə azı 300 nəfər həkimə müraciət edib, onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Yerli səhiyyə qurumları və Veolia Water nümayəndələri hadisənin səbəbini müəyyən etmək üçün su və digər mümkün mənbələrdən nümunələr götürərək yoxlamalara başlayıb. Hazırda konkret səbəb açıqlanmasa da, ilkin ehtimallar hadisənin içməli su ilə bağlı ola biləcəyini göstərir.

Rəsmilər bildirir ki, xəstələrin vəziyyəti qənaətbəxşdir və yeni müraciətlərin sayı azalıb. Ermənistan Səhiyyə Nazirliyi isə epidemioloji araşdırmaların davam etdiyini və nəticələrin yaxın vaxtda ictimaiyyətə açıqlanacağını qeyd edib. Sakinlərə ehtiyat tədbiri olaraq kran suyunu yalnız qaynadaraq istifadə etmək tövsiyə olunur.