Bu halda kredit vaxtından əvvəl bağlasa belə faizin hamısını ödəməlidir

Kreditin tam ödənildiyi zaman faizin necə tənzimlənəcəyi ilə bağlı sual bir çoxunu düşündürməkdədir.

Day.Az-a açıqlamasında bank məsələləri üzrə ekspert Emin Kərimov deyib ki, əgər kredit müqaviləsində xüsusi hal nəzərdə tutulmayıbsa, şəxs krediti götürdüyü gündən etibarən istənilən vaxt tam bağlaya bilər.

O, qeyd edib ki, nu zaman borcalan yalnız bağlanma gününə qədər hesablanmış faizi ödəyir.

"Yəni son ödəniş tarixindən kreditin bağlandığı günə qədər hesablanmış faiz və qalan əsas məbləğ ödənildikdə kredit tam bağlanmış hesab olunur.

Lakin müqavilədə xüsusi şərt nəzərdə tutulubsa və kredit müddətinin sonuna qədər hesablanmış bütün faizlərin ödənilməsi tələb edilirsə, həmin halda borcalan krediti vaxtından əvvəl bağlasa belə ümumi hesablanmış faizin hamısını ödəməlidir. Məsələn, şəxs 1000 manat kredit götürüb və bir ilin sonunda ümumilikdə 1200 manat qaytarmalıdırsa, burada 200 manat faiz hesab olunur. Əgər müqavilədə həmin 200 manatın tam ödənilməsi şərti varsa, kredit hansı tarixdə bağlanmasından asılı olmayaraq, borcalan bu məbləği tam ödəməlidir", - o bildirib.

Ekspert vurğulayıb ki, hazırda əksər banklarda tətbiq olunan mexanizmə görə isə yalnız faktiki istifadə olunan günlər üzrə faiz hesablanır:

"Məsələn, şəxs mayın 1-də 1000 manat kredit götürür, iyunun 1-də ilk ödənişini edir və sonradan iyunun 10-da krediti tam bağlamaq istəyir. Bu halda o, iyunun 1-dən 10-na qədər hesablanmış faizi və qalan əsas borcu ödəməklə krediti bağlaya bilər. Bu praktika hazırda demək olar ki, əksər banklarda tətbiq olunur. Ancaq müqavilədə faizlərin tam ödənilməsi ilə bağlı xüsusi şərt varsa, həmin faiz məbləği də tam şəkildə ödənilməlidir".

Nəsimi Ələsgərli