Psixiatriya müayinəsinin razılıq olmadan aparılması üçün yeni əsas müəyyənləşdirilir

"Psixiatriya yardımı haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, psixi pozuntusu olan şəxslərə göstərilən yardım və onların sağlamlıq vəziyyəti ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sistemində saxlanılacaq və həmin məlumatlara şəxslərin özləri birbaşa çıxış əldə edəcəklər.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bugünkü iclasında "Psixiatriya yardımı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırkı qanunvericilikdə şəxsin özü və ya qanuni nümayəndəsi tibbi məlumatları əldə etmək üçün müraciət etməli olurdu və məlumatlar iki iş günü ərzində təqdim edilirdi. Təklif olunan dəyişikliklərdən sonra isə pasiyentlər bu məlumatları elektron sağlamlıq kartı vasitəsilə birbaşa əldə edə biləcəklər.

Adil Vəliyev bildirib ki, qanuni nümayəndələrin məlumat əldə etməsi ilə bağlı mövcud qayda saxlanılır. Eyni zamanda şəxsin müayinədən imtina etməsi barədə məlumatların da elektron sağlamlıq sisteminə daxil edilməsi nəzərdə tutulur.

Layihədə həmçinin özünə və ətrafdakılara təhlükə yaradan şəxslərin stasionar müalicəsi, onların təcrid olunması və müalicə rejiminə əməl edilməsi ilə bağlı yeni müddəalar yer alıb.

Şöbə müdiri qeyd edib ki, hazırda "Psixiatriya yardımı haqqında" qanunla İnzibati Xətalar Məcəlləsi arasında müəyyən hüquqi uyğunsuzluqlar mövcuddur. Təklif olunan dəyişikliklər həmin boşluqların aradan qaldırılmasına və psixi pozuntu vəziyyətində olan şəxslərin, eləcə də digər şəxslərin sağlamlığı və təhlükəsizliyinin daha effektiv qorunmasına xidmət edir.

Onun sözlərinə görə, layihənin əsas yeniliklərindən biri psixi pozuntusu olan şəxsə yardımın gecikdirilməsinin onun özünün və ya digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratdığı hallarda, həmin şəxsin və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılmasına imkan verilməsidir.

Bu zaman prokurorun və ya Daxili İşlər Nazirliyinin inzibati araşdırma aparan səlahiyyətli şəxslərinin qərarı psixiatriya müayinəsinin aparılması üçün hüquqi əsaslardan biri olacaq.

Adil Vəliyev vurğulayıb ki, sözügedən dəyişikliklər psixi sağlamlıq sahəsində yardımın daha operativ göstərilməsinə və ictimai təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm yeniliklərdir.