Çingiz Mehdiyev: "Marşallıq Azərbaycan üçün yeni istiqamətdir"

Day.Az представляет новость на азербайджанском языке

Bakıda təşkil olunacaq "Formula-1" Avropa Qran-pri yarışlarının başlanmasına artıq bir neçə gün qalıb. İyunun 17-dən 19-dək Bakı şəhər halqasında təşkil olunacaq yarış bütün diqqəti özünə cəlb edəcək. Beş min könüllünün qatılacağı yarışda marşalların da xüsusi yeri var.

Milli.Az bildirir ki, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin əməliyyatlar şöbəsinin Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev marşalların fəaliyyəti ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Çingiz müəllim, marşalların seçimi barədə nə deyə bilərsiniz? Seçim prosesində hansı meyarlar əsas götürülüb?

- "Formula-1" kimi mötəbər yarışların keçirilməsi marşallarsız mümkün deyil. Marşalların rolu çox önəmlidir. Məsələn, tras boyu dayanıb bayraqlar vasitəsilə işarə edirlər, qəzalar zamanı kömək göstərirlər. Bakıda keçiriləcək "Formula-1" yarışlarında 1200-dən çox marşal xidmət edəcək. Bu, Azərbaycan üçün yeni istiqamətdir. Marşallar son 6 ay ərzində seçilib və onlara xüsusi treninqlər keçirilib. Bizim marşal komandamız artıq hazırdır. Seçim prosesində əsas meyar marşalın 21 yaşdan yuxarı şəxslər olması və ingilis dilini bilmələridir. Marşal seçimində əsas tələblərə çevik reaksiya vermək və analiz bacarığının olması da daxildir.

- Seçilmiş marşallar beynəlxalq treninqlərdə iştirak ediblər. Onların digər Qran-prilərdə iştirakı haqqında nə deyə bilərsiniz?

- Marşallar yerinə yetirdikləri müxtəlif vəzifələrə əsasən qruplara bölünürlər: tibbi marşallar, yanğınsöndürən və xilasetmə marşalları, sektor marşalları, trek marşalları, kommunikasiya üzrə marşallar (və ya müşahidəçilər), bayraq marşalı və s. Biz sektor marşalları arasında seçilən 80 nəfəri "Formula-1" yarışlarında iştirak etmək üçün Bəhreynə yollamışdıq. Orada onlar informasiya və təcrübə treninqlərində iştirak ediblər. Bəhreyndəki yarışda onlar marşal kimi özlərini sınayıblar. Bakıya qayıtdıqdan sonra onlar öz komandalarını öyrədiblər. Biz Bakıda 4 treninq təşkil etmişdik. Bu treninqlərdə xarici mütəxəssislər də iştirak edirdi. "Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti tərəfindən təsis edilən Bakı Marşal Klubu marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda, beynəlxalq marşal klubları ilə də sıx əməkdaşlıq qurur.

- Bakı Marşal Klubunun fəaliyyəti nədən ibarətdir? Avropa Qran-prisindən sonra klubun fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

- Biz bu klubu daha maraqlı etmək üçün buraya ümumi maraqları olan insanları toplamışıq. Onların toplaşıb bir yerdə yarışları müzakirə edib və maraqlı vaxt keçirmələri üçün hər cür şərait var. Klubumuzda ən çox bəyəndiyim, bütün klub üzvlərinin bir yerə toplaşıb yarışları izləməsidir. İl ərzində "Formula-1" təqviminə görə 21 yarış keçirilir. Biz hər dəfə bir yerə toplaşıb bu yarışları izləyirik. Biz bir yerdə kartinq yarışlarında iştirak edir, peyntbol və boulinq oynayırıq.

- Avropa Qran-prisinə əcnəbi marşallar cəlb olunubmu?

- "Formula-1" Avropa Qran-pri marşallarının bir-birilərinə kömək etmək kimi yaxşı ənənələri var. Dünyanın digər ölkələrindən marşallar bizə köməklərini təklif ediblər. Azərbaycanda bu yarışın ilk dəfə keçirilməsini qeyd edən marşallar, Bakıya gəlib kömək etmək niyyətlərini bildirirdilər. Bu, bizim üçün çox xoş oldu. Bəhreyndən 200-ə yaxın, Böyük Britaniya, ABŞ, Avstraliya, Macarıstan və digər ölkələrdən 100-ə yaxın marşal Bakıya gəlib. Onlar öz xərclərini özləri qarşılayırlar.

- Növbəti mövsümdə yarışa yeni marşallar cəlb olunacaqmı?

- Marşallıq fəaliyyəti könüllülük üzərində qurulub. Bəzi insanlar bu işi sevir, digərləri heç xoşlamır. Özlərini sınayanlar olur, sonra bu işi davam etdirən və ya dayandıranlara da rast gəlinir. İnsanlar gəlib və ya gedə bilərlər. Kimlərsə klubu tərk edəndə, biz əlbəttə, yeni marşalları cəlb edəcəyik. Fikrimcə, əsas heyət qalacaq. Yeni marşalların 10-15 faizinin özlərini sınayıb, "Formula-1" yarışlarında iştirak etmək şansı əldə edəcəklərini düşünürəm.