”Bozbaş Pictures”in Fəlakəti: “Şanslıyam” - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Aktyor Elşən Orucovun Milli.Az-a müsahibəsi

- Elşən Orucov "Bozbaş Pictures"də Fəlakət obrazı ilə sevilən aktyor, sizi şanslı hesab etmək olar?

- Əlbəttə, şanslıyam. Bu, hər insana qismət olmur ki, bir obraz canlandırasan və bir anda səni milyonlarla insan tanısın və sevsin. Bizim, ümumiyyətcə, komanda olaraq uğurumuz ondadır ki, biz xalqa yaxın olan dildən danışırıq. Tamaşaçılar içlərində, ətraflarında gördükləri insanları daha qabardılmış şəkildə efirdə görürlər ona görə bu onlara yaxın və doğma gəlir. Yəni bu işin uğuru bundadır.

- Aktyorlar var ki, illərdir bu sənətdədirlər, amma heç kim onları tanımır. Həmin o aktyorların paxıllıqları ilə üzləşməmisiz?

- Mən İncəsənət Universitetinin teatr və kino aktyorluğu fakültəsini bitirmişəm. Xalq artisti Kamal Xudaverdiyevin tələbəsi olmuşam. Yəni inanmıram mənə həmkarlarım paxıllıq etsin, amma var təbii ki, aktyorlar şans onların üzlərinə gülmür. Onlar yadda qalmırlar, nə qədər seriallarda oynasalar da, tamaşalarda çıxış etsələr də, alınmır onlarda. Amma onların mənə paxıllığı ilə üzləşməmişəm. Bəlkə də, içlərində hansısa ağ paxıllıq olsun, o da təbiidir. Onu da qeyd edim ki, mən, inanın, kimlə rastlaşıramsa, müsbət fikirlərini eşidirəm, istər həmkarlarım olsun, istər tamaşaçılar olsun.

- "Əla-əla","bunu ma neçiyə verərsən?" artıq bir aforizm kimi dillərə düşüb, sizi görənlər birinci belə müraciət edir, deyəsən?

- Mən hansı tədbirə gedim, yəni cəmiyyət arasına çıxan kimi eşitdiyim ilk kəlmə "əla, əla"dır (gülür). Əgər kimləsə ünsiyyətə girirəmsə, onun ikinci cümləsi "bunu ma neçiyə verərsən" olur (gülür). Bununla mən daha çox sosial şəbəkədə rast gəlirəm. İstənilən bir şəkil yükləyim və yaxud mənə aiddiyyəti olmayan bir şəkil olsun, orada olan rəylər arasında "əla,əla", "bunu ma neçiyə verərsən" 100 faiz olur (gülür).

- Bu, sizi bezdirmir?

- Xeyr, bezmirəm. Mən sevinirəm ki, canlandırdığım obraz belə sevilir. Amma bir şeyi sizə etiraf edim ki, mən özüm real həyatda bir az narahatam, yəni mən Elşən Orucov kimi tanınmağı istəmirəm. Oynadığım obraz tanınsın, sevilsin. Amma mən özüm tanınmaq tərəfdarı deyiləm. İstər efirlər olsun, istər hansısa məclislər, yəni mən getmirəm, uzağam, çalışıram ki, özüm kimi görünməkdən bir az qaçım.

- Bəlkə qorxursuz ki, məşhurluq insanları dəyişir, efirlərdən, mətbuatdan görürük ki, bir az məşhurluq əldə edən insanların keçmişi ilə bu günü arasında çox fərq var.

- Bəli, haradasa razıyam sizinlə. Amma mən bundan qorxmuram, mən düşünürəm ki, belə hallarda insanın əhatəsi çox böyük rol oynayır. Bununla yanaşı, mən təcrübəli insanam, səkkiz ildir ki, televiziyada çalışıram. Mənim təmasda olduğum insanlar elə efirdən gördüyünüz "Bozbaş Pictures" komandasıdır. Günümün çox hissəsini mən onlarla keçirdirəm. O dostlarım da məşhurluqdan başı gicəllənənlərdən heç vaxt ola bilməzlər. Sizə bir şeyi deyim ki, məni həyatda tanımayan insanlar elə bilirlər ki, elə mən həyatda da "Fəlakət"əm. Yəni mənə də hər zaman bu maraqlı olub ki, niyə elə düşünürlər ki, mən elə bir insanam (gülür).

- Sualım elə yerinə düşəcək, canlandırdığınız obraz ilə bir əlaqəniz var?

- Bizim öz aramızda belə bir söhbətimiz olub və biz belə qərara gəlmişik ki, bəli bizim beşimizin də içində canlandırdığımız obrazlardan nəsə var. Mən bunu tam ciddi deyirəm. Bu ondan irəli gələ bilər ki, biz çox insanlar görürük və onlardan çox şey götürürük. İstər şəhərdə, istər rayonlarımızda. Yəni müxtəlif insanların danışığını, xasiyyətini, hərəkətlərini daha da qabardıb, yumor şəklində tamaşaçılara təqdim edirik. Həmin o insanlar da baxıb gülürlər, amma özlərini görmürlər, yəni bizim onları canlandırdığımızı anlamırlar, axı biz buna yumor tərəfindən yanaşırıq (gülür).

- Amma həyatdan götürülmüş bir obrazdır, tez-tez rastlaşırsiz "Fəlakət" kimi insanlarla?

- Həyatdan götürülmüş və daha da qabardılmış bir obrazdır. Bəli, belə insanlar təəssüf ki, var və çoxdur (gülür).

- Gördüyümüz kimi həyatda çox ciddisiz, sənətiniz ilə xasiyyətiniz əks-təzad təşkil edir?

- Məni narahat edən elə budur. Ona görə mən həyatdakı kimi tanınmaq istəmirəm. Məni oxucularımız səhv anlamasın, mən gördüyüm iş ilə fəxr edirəm, yəni bu işin uğuru məni sevindirir, ona görə işimlə tanınmaq istəyirəm, özüm kimi, yəni Elşən Orucov kimi tanınmaq məndə kompleks yaradır.

- Real həyatda "Bozbaş Pictures" komandası, yəni İlkin Həsəni, Azər Baxşəliyev, Ramil Babayev, Nicat Rəhimov və siz yaxın dostsuz, özü də bu dostluq illərin dostluğudur, qısaca bu dostluğun yaranma tarixçəsi ilə bağlı açıqlama verərsiniz?

- Mən ilk olaraq bu dostlarım arasında Azər Baxşəliyevi tanımışam. Biz Azərlə bir məktəbdə oxumuşuq. Daha sonra İlkin Həsəni ilə universitetdə tanış olmuşuq. Əvvələr tanış idik, sonra dost olduq, sonra yaxın dost olduq, daha sonra ən yaxın dost olduq, indi də əsl dostuq (gülür). ATV telekanalına gəlməyimdə də İlkinin rolu var, ATV-yə gəldikdən sonra Ramil Babayev ilə tanış oldum, o, mənə çox kömək oldu televiziyaya aid bütün sahələri örənməkdə. Daha sonra Nicat ilə tanış olduq hamımız. Nicatı universitetdən tanıyırdıq. İlkinlə bir neçə il bundan qabaq söhbətimiz oldu ki, onu da "Bozbaş Pictures" ə dəvət edək. Çünki çox istedadlı insandır. İndi də möhkəm dostuq beşimiz də. İllər keçsə də, bu dəyişməyəcək.

- Əsl dost olmaq üçün çəx sınaqlardan keçmək lazımdır?

- Xeyr, çox sınaqlara ehtiyac yoxdur, əsl dost olmaq üçün insan gərək nəfsinə sahib çıxsın. Bir kişi ki, dostluğu qadın və pul nəfsinə satmırsa, deməli, o əsl dostdur. Önəmli olan bax budur. Bu qədər...

- Aldığımız məlumatlara əsasən, illər öncə haqqınızda ölüm xəbəri yayılmışdır?

- (Gülür) Bəli, mənim bu dostlarımın bir zarafatı idi. İlkinlə Azər mənim ölümümlə bağlı bir video çarx hazırlamışdılar. Guya ki, mən orada avtomobil qəzasına düşüb, ölürəm (gülür). Hətta İlkin youtube kanalına yerləşdirmişdi. Oradan baxan insanlar da inanaraq, "Allah rəhmət etsin" kimi rəylər bildirirdilər, sonra İlkin onu çıxartdı youtube-dan. İnanın mən o video çarxı izləyəndə bir həftə maşını 20-30 sürətindən artıq sürmürdüm. Yəni o dərəcədə təsirlənmişdim. Hətta başqa dostlarımız da baxanda gülmək əvəzinə oturub ağlayırdılar (gülür).

- Gələcəkdə Elşən Orucovu ciddi bir rolda görə biləcəyik?

- Mən çox istəyirəm, ciddi obraz yaradım. Təklif olsa, məmnuniyyətlə qəbul edərəm. Mən hətta özüm dostumuz Kənan M.M-ə demişəm ki, ciddi bir obraz olsa, məni çəksin.

- Maraqlıdır, görəsən, Elşən Orucovun şəxsi həyatında vəziyyət necədir, sevdiyiniz xanım var? Yəqin bu sualımız xanım fanatlarınıza da çox maraqlıdır.

- Bu sualı mənə 4 il əvvəl versəydiz, mən canfəşanlıqla cavablandırardım. İndi mən sevgili yox, ailə haqqında düşünən yaşdayam. Sevdiyim insan yox, ailə qura biləcəyim insan yoxdur. Mən də istəyərəm ailə qurum övladlarım olsun, yəni artıq o yaşa gəlib çatmışam, amma təəssüflər olsun ki, elə bir namizədim yoxdur.

- O necə bir namizəd olmalıdır?

- Onu indi sizə təsəvvür edə bilmərəm. Bu, bir qismətdir ilk öncə. Yəni qarşılaşacağın insana bağlıdır. Hələ ki ətrafımda belə birisi yoxdur. Olsa, evlilik haqda düşünərəm.

- "Bozbaş Pictures" komandası olaraq, deyəsən, subaylıq sultanlıqdır, prinsipi ilə yaşayırsız?

- Aramızda bir evli var, "Şöşü", Ramil Babayev, gözəl ailəsi var, iki qız övladı var. Yerdə qalanlar subaydır. Deyəsən, evlənəndə də hamımız birdən evlənəcəyik (gülür).

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.