Sərnişinlər niyə məsuliyyətdən yayınırlar?

Day.Az представляет новость на азербайджанском языке

Bakının yeni nəqliyyat konsepsiyasında sərnişinlərin də məsuliyyəti barədə məsələlər var

Sərnişinlər tez-tez sürücülərlə bağlı şikayətlər etsələr də, bəzən öz vəzifə və öhdəliklərini bilmir, nəqliyyat vasitələrində qayda pozuntularına yol verir və çox vaxt məsuliyyətdən yayınırlar. Onlar ictimai nəqliyyatda davranış qaydalarını pozduqlarına görə nadir hallarda cərimələnirlər.

Halbuki qanunvericilikdə sərnişinlərin ictimai nəqliyyatda vəzifələri və öhdəlikləri ilə bağlı müddəalar var.

Qeyd edək ki, hazırlanmaqda olan Bakının yeni nəqliyyat konsepsiyasında sərnişinlərin məsuliyyəti barədə məsələlər də öz əksini tapıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın "Ekspress"ə bildirdiyinə görə, sərnişinlər ictimai nəqliyyat vasitəsində qanun pozuntusuna yol verirlərsə, aidiyyəti qurum müdaxilə edir: "Qanun pozuntusu baş veribsə, tutaq ki, sürücüyə qarşı şiddət tətbiq olunubsa, bu məsələ ilə bağlı polis əməkdaşları məşğul olur. Bu yaxınlarda "BakuBus"da sürücünün döyülməsi faktı baş vermişdi. Bu zaman polis əməkdaşları məsələyə müdaxilə etdi. Amma ictimai nəqliyyat vasitəsində sərnişin hər hansı xırda qayda pozuntusuna yol veribsə, bu zaman heç bir tədbir görülmür", - deyən müsahibimizə görə, indiyənə qədər qanunvericilikdə də bu nəzərdə tutulmayıb. Dediyinə görə, bununla bağlı Bakı Nəqliyyat Agentliyi Bakının ümumi nəqliyyat konsepsiyasını hazırlayır. "Nəqliyyat konsepsiyasında nəzərdə tutulur ki, sərnişin də artıq sürücü kimi məsuliyyət daşıyır".
Allahyarova qeyd edib ki, "BakuBus"a məxsus marşrut avtobuslarında kameralar yerləşdirilib, amma digər avtobuslarda bu kameralar mövcud deyil: "Həmin Konsepsiyaya uyğun şəkildə bütün avtobuslarda mərhələli şəkildə müəyyən məsələlər öz həllini tapdıqdan sonra digər avtobuslarda kameraların quraşdırılması nəzərdə tutulub. Kameralar olandan sonra qayda və qanun pozuntusunu yerindəcə təsbit etmək mümkün olacaq. Amma nəzərə alın ki, sərnişin sayı çoxdur. Sərnişinlərin nə qədər qayda pozuntuları olur. Məsələn, avtobusların salonunda qidanın istifadəsi qadağandır. Bu qayda pozuntusu baş verdikdə yerində müdaxilə lazımdır. Sürücü yerində müdaxilə etməli, ictimai qınaq olmalıdır".

BNA-nın sözçüsü vətəndaşlarımızın da bununla bağlı maariflənməsini vacib sayır. Bildirdiyinə görə, hər hansı qayda pozuntusu ilə bağlı yerindəcə hər hansı bir tədbirin görülməsi mümkün deyil. "Təbii ki, bununla bağlı Nəqliyyat Agentliyi çoxsaylı maarifləndirmə tədbirləri görəcək. Bu da tədricən problemlərin azalmasına xidmət edəcək".

Ekspert Ərşad Hüseynov isə "Trend"ə bildirib ki, sərnişinlərin böyük əksəriyyəti ictimai nəqliyyatda hansı vəzifələr və öhdəliklər daşımaları barədə məlumatsızdırlar.

Onun sözlərinə görə, qanunvericilikdə sərnişinlərin nəqliyyat vasitəsində vəzifələri və öhdəlikləri ilə bağlı müddəalar var: "Qanunvericiliyə əsasən, sərnişinlər avtobusa minmə-düşmə qaydalarını pozduqda, ictimai nəqliyyatın pəncərəsindən bayıra əşya atdıqda, sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olduqda və digər pozuntulara yol verdikdə, onlara cərimə tətbiq olunmalıdır. Amma təcrübədə bunlar tətbiq olunmur".
Hüseynov deyib ki, sərnişinlərə bu cərimələrin tətbiq olunma mexanizmi mürəkkəb prosesdir: "Hər gün ictimai nəqliyyatdan on minlərlə insan istifadə edir. Onların hər birinə ayrılıqda nəzarət etmək, hərəkətlərini izləmək çətindir. Nəzarət etmək üçün ictimai nəqliyyatda nəzarət kameraları quraşdırılır, amma bu da problemi həll etməyə lazımi səviyyədə kömək etmir. Çünki qaydanı pozan sərnişinin cəriməsi gərək həmin anda tətbiq olunsun. Əgər sərnişin nəqliyyatın pəncərəsindən bayıra əşya tullayırsa, onun cəriməsi gərək həmin vaxt tətbiq edilsin, əks halda sonra həmin şəxsi tapmaq problem olur".
Ekspert maarifləndirmə işinin bu məsələdə faydalı olacağını hesab edir. Dediyinə görə, sərnişinlərin məlumatlı olmaları üçün ictimai nəqliyyatda onların məsuliyyətini əks etdirən lövhələr olmalıdır.

Yol hərəkəti qaydaları və təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov "Yol hərəkəti haqqında" qanunun 41-ci maddəsində sərnişinlərin vəzifələrinin göstərildiyini xatırladıb: "Məsələn, sərnişin nəqliyyat vasitəsindən yalnız xüsusi minik meydançasından, belə meydança olmadıqda isə səkidən nəqliyyat vasitəsi tam dayandıqdan sonra minib- düşməlidir. Tez-tez görürük ki, sərnişinlər dayanacaq olmayan yerlərdə də avtobusları saxlatdırırlar. Bu hərəkətlərilə də həm özləri qaydaları pozur və sürücüləri də bunu etməyə şərait yaradırlar. Yaxud, avtobus sürücüsü dayanacağa yaxınlaşan zaman sürətini azaldır və avtobus tam dayanmamış qapını açır. Dəfələrlə bunun şahidi olmuşam ki, avtobus dayanmadan sərnişin tullanıb qaçıb gedir. Bu, qayda pozuntusudur və yolverilməzdir", - deyən həmsöhbətimiz sərnişinlərin bu tipli davranışlarının qanunla cəzalandırılmadığını təəssüflə billirir. Dediyinə görə, sərnişinlər bu cür hərəkətləri ilə müəyyən olunmuş qaydaları pozurlar. Sərnişinin avtobus tam dayanmadan avtobusa daxil olduğu və ya düşdüyü halda cərimə sanksiyasına avtobus sürücüsü məruz qalır. Çünki o, sərnişindaşınma qaydalarını pozur.

Allahverənov qeyd edib ki, sərnişin sürücü maşını idarə edərkən onun diqqətini yayındırmamalıdır: "Sürücü avtobusu sürür və yanında duran sərnişinlər nədənsə hündürdən danışırlar. Bu da sürücünün diqqətinin yayınmasına gətirən bir hadisədir. Bu hərəkətinə görə sərnişinə qarşı cərimə sanksiyası nəzərdə tutulmasa da, bu, yolverilməzdir.

Digər qayda tələb edir ki, nəqliyyat vasitəsində sürücünün yanında oturan sərnişin qabaq oturacaqdakı təhlükəsizlik kəmərini taxmalıdır. Təhlükəsizlik kəmərinin taxılmamasına görə İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulan cərimə sanksiyası 30 manat məbləğindədir. Əgər sürücü bu haqda sərnişini məlumatlandırmayıbsa və sərnişin də bundan xəbərinin olmadığını deyirsə, cəza sanksiyasına sərnişin deyil, sürücü məruz qalır və 40 manat cərimə ödəməli olur. Ona görə ki, o, yanında oturan və daşıdığı sərnişinin təhlükəsizliyini təmin etməyib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.