Azərbaycanda da ödənişli yollar olacaq

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda ödənişli avtomobil yollarının tikilməsi nəzərdə tutulur. Bu, Milli Məclisin müzakirəsinə təqdim edilən "Avtomobil yolları haqqında" qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər layihəsində öz əksini tapıb. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin iclasında müzakirə edilən bu əlavə və dəyişikliklər layihəsinə əsasən, ölkədə avtomobil yollarının şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Layihəyə əsasən, ödəniş, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiq edilə bilər. Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Ekspertlər hesab edir ki, bu təcrübə dünyanın bir çox ölkələrinə tətbiq edilib və Bakıda da nəqliyyatın problemlərini aradan qaldırmaq üçün bəzi yollar ödənişli edilə bilər.

Hansı yollar ödənişli olmalıdır?

Məsələyə münasibət bildirən Nəqliyyatçıların hüquqi problemlərinin həllinə yardım ictimai birliyinin sədri Məzahir Rüstəmov bizimlə söhbətində dünya praktikasında tətbiq olunan bu təcrübənin bizdə də reallaşdırılmasının mümkün olduğunu bildirdi. Onun sözlərinə görə, ölkədə bəzi yolların ödənişli olması yollardan sui-istifadə edən yük maşınlarının istifadə edilməsinin qarşısını ala bilər: "Dövlət tərəfindən büdcənin hesabına müəyyən yollar təmir edilir, lakin, bu yollar təmir edildikdən sonra da baxımsız buraxılmamalı, onun üstündə nəzarət gücləndirilməli və özünü təmin edə biləcək qiymətlər əsasında tənzimlənməlidir. Bu səbəbdən də yolların ödənişli olması onun keyfiyyətinə müsbət təsir edəcək".
Ekspert hesab edir ki, yolların ödənişli olması şəhərin daxilində yox, kənarındakı dairəvi yollara və şəhərə giriş-çıxışı olan yollara tətbiq edilməlidir: "Şəhərin mərkəzində və daxilində olan yolların ödənişli edilməsi zənnimcə, mümkün deyil. Çünki, əhalinin şəhər daxilində gündəlik hərəkət etməsi üçün pul ödəməsi böyük xərc tələb edəcək və onların maddi vəziyyətinə ciddi ziyan vuracaq. Bu səbəbdən düşünürəm ki, yalnız şəhərin dairəvi yolları və giriş-çıxışlarının ödənişli edilməsi mümkün ola bilər".

Yollara nəzarət gücləndiriləcək

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli ölkədə ödənişli yolların tikilməsini mümkün hesab etdiyini bildirdi və bu təşəbbüs tətbiq olunarsa, müsbət nəticələr verə biləcəyini söylədi: "Dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, bizə qonşu olan ölkələrdə də bu praktika bir neçə müddətdir ki, tətbiq edilib. Hesab edirəm ki, bu tətbiq edildikdən sonra, yollar hər hansı bir özəl şirkətə və ya dövlətə məxsus olduğu üçün burada məsuliyyət daha da gücləndiriləcək. Hamıya məlumdur ki, Azərbaycanda yollarda abadlıq işlərinin aparılmasına baxmayaraq, çəkilən yollar qısa müddətdə dağılır və yararsız hala düşür. Amma ödənişli yol o deməkdir ki, konkret bir şirkətin nəzarəti altında olacaq və burada yollar üçün müvafiq ödəmələr tətbiq olunacaq, həmin ödəmələrdən gələn vəsaitlərin nəticəsində yolun daha da keyfiyyətli qurulması üçün ciddi işlər aparılacaq". Ekspertin sözlərinə görə, ödənişli yolların tətbiqindən sonra, ağır tonnajlı yük maşınlarının üzərində ciddi nəzarət tətbiq olunmalı və onların bu yollara buraxılmasına müvafiq qadağalar qoyulmalıdır: "Bizim yollarımızı zədələyən nəqliyyat vasitələrindən biri də ağır tonnajlı yük maşınlarının normadan artıq yüklənməsidir ki, hərəkəti zamanı yollarda ciddi problemlər yaradır. Amma yollar ödənişli olarsa, həmin avtomobillər daha çox pul vəsaiti ödəməlidir, ya da yükləri normativə uyğun deyilsə, yollara buraxılmasına müvafiq qadağalar qoyulmalıdır".

Ödəniş iri tutumlu nəqliyyat vasitələrinə tətbiq edilməlidir

Ekspert hesab edir ki, bu qanun kiçik tutumlu avtomobil sahiblərinə tətbiq edilməməlidir: "Hər kəsə məlumdur ki, bu gün bizim vətəndaşların sosial vəziyyəti buna imkan vermir ki, hərəkət etdiyi yol üçün əlavə yol pulu ödəsin. Hesab edirəm ki, ödənişlər yalnız şirkətlərə məxsus böyük tonnajlı avtomobillərə, iri tutumlu nəqliyyat vasitələrinə və sərnişindaşıma ilə məşğul olan avtobuslara tətbiq olunmalıdır. Amma digər vətəndaşlar, hansı ki, şəxsi avtomobildən istifadə edirlər, qanunun onlara şamil edilməsini düzgün hesab etmirəm".

Bildiyimiz kimi, bir neçə ay bundan öncə şəhərin mərkəzi küçələrinin və tarixi hissələrində avtomobillərin hərəkətinin ödənişli olması gündəmə gəlmişdi. İ.Hüseynlinin sözlərinə görə bu praktika şəhərin mərkəzində tətbiq ediləcəyi halda tıxac probleminin artmasına səbəb ola bilər: "Şəhərdaxili avtomobil yollarına ödənişlərin tətbiq edilməsini birmənalı olaraq istisna kimi görürəm. Çünki, dünyanın heç bir ölkəsində şəhərin mərkəzi küçələrində belə bir praktika tətbiq edilməyib və mən bunun tətbiqini düzgün hesab etmirəm. Çünki, hər kəsə məlumdur ki, paytaxtda ciddi tıxac problemi var. Hər bir avtomobilin dayanmağı, ödəniş etməyi, yaxud kart sistemindən istifadə etməyi zaman aparan məsələdir. Bu, ciddi tıxacların yaranmasına səbəb ola bilər".

/Kaspi.az/