Laborator analizlərin verilmə qaydaları

Day.Az представляет новость на азербайджанском языке
Qanın kliniki və biokimyəvi analizi üçün:
· Qanın kliniki analizi səhər saatlarında ac qarına, son qida qəbulundan 8 saat sonra verilməlidir.
· Müayinəyə gəlməzdən 1-2 gün öncə qida rasionundan yağlı, qızardılmış yeməklər, alkoqollu içkilər çıxarılmalıdır. Su qəbulu analiz nəticələrinə heç bir əks təsir göstərmir.
· Analiz verməzdən 1 saat öncə siqaret çəkməmək, fiziki iş və emosional faktorlardan uzaq olmaq lazımdır.
Milli.Az sahhat.az-a istinadən bildirir ki, aşağıda qeyd olunan prosedurlardan dərhal sonra qan analizi vermək məsləhət görülmür:
· Rentgen müayinəsi
· USM
· Fizioterapiya və s.
· Qanın kliniki analizini xəstəliyin gedişinə təsir göstərən dərman preparatlarının qəbulundan yalnız 10-14 gün sonra vermək məqsədə uyğundur.
· Xolesterinin, lipoproteinlərin qanda təyin olunması 12-14 saatlıq aclıqdan sonra aparılır.
· Hormonal müayinə mütləq qida qəbulundan öncə, səhər saatlarında aparılmalıdır.
· Reproduktiv yaş (16-45 yaş) dövründə olan qadınlarda laborator müayinə menstrual sikl nəzərə alınmaqla aparılır.
Qadın cinsi hormonları siklin günlərinə və ya hamiləliyin dövrünə uyğun müəyyən edilir:
LH,FSH- siklin 3-5-ci günü;
Estradiol - 5-7 ya 21-23-cü günü;
Progesteron - 21-23-cü günü;
Prolaktin, 17OH, DHEA, Testesteron - 7-9-cu günü.
Hər hansı infeksion xəstəliyə şübhə olarsa anticisimlərin müayinələri aparıla bilər. Yoluxma vaxtından və orqanizmin immunitetindən asılı olaraq müayinə nəticələri neqativ ola bilər. Lakin, nəticələrin neqativ olması infeksiyanın olmasını istisna etmir. Müalicə həkimi 2-3 həftədən təkrar müayinə məsləhət görə bilər.
Sidiyin ümumi analizi
Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir. Müayinə üçün laboratoriyaya yalnız səhər yuxudan oyandıqdan sonrakı ilk sidik təqdim olunur. Sidik quru, təmiz, steril qabda 2 saatdan gec olmayaraq laboratoriyaya çatdırılmalıdır.
Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalı və duzlu qidalar qəbul etməməlidir. Sidik analizini verməmişdən əvvəl cinsi orqanları sabunla təmiz yumaq lazımdır. Menstruasiya zamanı sidik analizi vermək məsləhət deyil.
Sidik turşusunun yoxlanılmasından 1-2 gün əvvəl qara ciyər, ət, balıq yeyilməməli və qəhvə içilməməlidir.
Hormonların müayinəsinə 2 həftə qalmış hormon preparatları qəbul etmək olmaz.
Nəcisin ümumi analizi
Nəcis analizi verərkən nəcis steril qaba yığılmalıdır. İmalədən sonra alınmış nəcis müayinə üçün yararsızdır.
Spermoqramma analizi
Spermoqramma analizi üçün müayinə olunan şəxsin öncə həkimin konsultasiyasından keçməsi vacibdir. Müayinə üçün sperma yalnız klinika daxilində xüsusi otaqda verilməlidir. Spermanın yığılması üçün xüsusi qab götürülür. Analiz verilməzdən 3-7 gün öncə cinsi əlaqədən, alkoqollu içkilərdən və dərman qəbulundan imtina etmək lazımdır.
PZR
Müayinə materialların (qan, yaxma, bioptat və s.) verilməsi üçün dərman preparatlarının qəbulundan 10-14 gün sonra müraciət etmək lazımdır.
Bəzi hallarda personalın peşəkarlıq səviyyəsindən asılı olmayan, hemoliz, qanın götürülməsi zamanı ağrı, damarların keçiriciliyi və kövrəkliyi səbəbindən manipulyasiya yerində hematoma (göyərmə) kimi hallar baş verə bilər.
Göstərilən halların baş verməməsi üçün aşağıdakılara riayət etmək lazımdır:
● Qan götürülmüş qolu 5-10 dəqiqə ərzində bükməmək;
● Manipulyasiyadan ən azı 2 saat sonrakı müddətdə ağırlıq qaldırmamaq;
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре