Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib

Büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən istiqamətlər genişləndirilib.

Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun qərarı ilə "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası"na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, büdcədənkənar vəsaitin dövlət və ictimai əhəmiyyətli məqsədlərə yönəldilən hissəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə tədbirlərə maliyyə dəstəyinin göstərilməsi məqsədilə yaradılmış fondlara və təsisatlara vəsait ödənilməsinə xərclənəcək.