Sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Son günlər dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Böyük Qafqaz, Kiçik Qafqaz, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda sululuq artıb.

Day.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, yağan intensiv xarakterli leysan yağışları nəticəsində iyunun 14-də Şəki rayonu ərazisindən axan Damarçınçaydan, Xızı rayonu ərazisindən axan Ataçaydan, Şabran rayonu ərazisindən axan Gilgilçaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçaydan, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Şamaxı və Qobustan rayonları ərazisindən axan Pirsaatçaydan sel keçib:

"Ölkə ərazisində gözlənilən qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 17-si axşamadək davam edəcək".