Lüksemburq Parlamenti anti-Azərbaycan qətnaməsini qəbul etməklə öz iç üzünü büruzə verib - Tural Gəncəliyev
Lüksemburq Parlamentinin Deputatlar Palatası növbəti dəfə Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirərək, anti-Azərbaycan qətnaməsini qəbul edib və həmin sənədlə öz iç üzlərini bir daha büruzə veriblər.
Day.Az xəbər verir ki, bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O qeyd edib ki, Lüksemburq Deputatlar Palatasının qəbul etdiyi həmin sənəddə Azərbaycan Hökuməti tərəfindən guya insanların fikir azadlığına, vətəndaş cəmiyyətinə qarşı addımların atıldığı qeyd edilərək, Azərbaycandan bütün "qanunuz" həbs olunmuş insanların azadlığa buraxılmasını tələb edir.
"Qətnamənin mətninə nəzər saldıqda əmin oluruq ki, Lüksemburq Parlamenti Fransanın himayəsi nəticəsində Avropa Şurası Parlament Assambleyasında, Avropa Parlamentində və ATƏT-in digər qurumlarında qəbul edilmiş 2024-cü il sənədlərinə istinad edir və həmin sənədlər əsasında Azərbaycana qarşı fikirlər irəli sürür.
Qətnamədə Azərbaycan hökumətinin guya sivil vətəndaş cəmiyyətinə, siyasi fəallara, müxalifətə və müstəqil mediyaya qarşı zorakı hərəkətlər etdiyi vurğulanır və Lüksemburq Parlamentinin Deputatlar Palatası Azərbaycanı buna son qoymağa çağırır.
Həmçinin, həmin qətnamədə "Amnesty İnternational" və "Human Rights Watch" kimi təşkilatların hesabatlarına istinad edərək, guya Azərbaycanda 300 nəfərin hazırda qanunsuz şəkildə siyasi məhbus kimi saxlanıldıqlarını iddia edirlər. Bununla yanaşı, Lüksemburq Parlamentinin Deputatlar Palatasının qəbul etdiyi qətnamədə Azərbaycan və Ermənistanla bağlı da sənədlərə istinad edilir.
Bütün bunlar onu göstərir ki, Lüksemburq özü kiçik bir ölkə olmasına baxmayaraq, Fransanın Avropa İttifaqındakı erməni diasporuna xidmət edən siyasətçilərin əlində bir oyuncaq kimi seçilib. 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı da Lüksemburqun Azərbaycanın öz qanuni torpaqlarını erməni işğalından azad etməsi ilə bağlı çox narahatlıq keçirdiyini və sərsəm bəyanatlar verdiyini də xatırlayırıq.
Bütün bunlar Lüksemburqun beynəlxalq insan hüquqları, mülkü hüquq və vətəndaş cəmiyyəti adı altında pərdələnərək əslində Azərbaycana qarşı öz çirkin və qəbuledilməz siyasətlərini davam etdirdiyini göstərir. Lüksemburq Parlamentinin Deputatlar Palatasının müharibədən sonra Azərbaycanın ədaləti bərpa etməsi və hazırda ölkəmizin inkişaf səviyyəsi və ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də COP29 kimi BMT-nin müvafiq dünya səviyyəli tədbirinin Azərbaycanda keçirildiyi günlərdə belə bir sərsəm bəyanat qəbul etməsi ölkəmizin uğurlarını həzm edə bilmədiklərinin və bir daha oyuncaq parlamentlər vasitəsilə ölkəmizə təzyiq göstədiklərinin sübutudur.
Ancaq təbii ki, biz güclü dövlət, güclü xalq və güclü liderə sahib olaraq elə bir tarix yazmışıq ki, Lüksemburq kimi cırtdan ölkənin belə qərəzli bəyanatları bizi bir addım da olsun öz milli maraqlarımızdan, öz mövqeyimizdən geri çəkindirə bilməz. Azərbaycan Avropadakı "insan hüquqları" demokratik dəyərlərdən fərqli olaraq, əsl insani dəyərlərə və ümumbəşəri dəyərlərə sahibdir.
Lüksemburq, Fransa, Avropa İttifaqı və onların müttəfiqləri yalnız öz prizmaları baxımından dəyərləri çərçivəyə salırlar və onlar üçün öz dəyərlərindən kənar dünya mövcud deyil. Yalnız özlərinin yaratdığı məhdud bir dəyər çərçivəsində düşünürlər və digər sivilizasiyaları və dəyərləri qəbul etmirlər. Bu da onların nə qədər tolerantlıqdan uzaq və məhdud düşüncəli olduqlarının sübutudur", - o qeyd edib.
"Mən Milli Məclisini üzvü kimi Lüksemburq Parlamentinin Deputatlar Palatasının qəbul etdiyi qərəzli və obyektivlikdən uzaq qətnaməyə qəti etirazımı bildirirəm və ökəmizə qarşı növbəti qarayaxma kampaniyası kimi qiymətləndirirəm.
Bizim üçün bu sənədin heç bir əhəmiyyəti, heç bir qüvvəsi və effektivliyi ola bilməz. Azərbaycan xalqı, Azərbaycan dövləti öz inkişaf yolunu seçib və heç kimə imkan verə bilmərik ki, bizi öz yolumuzdan döndərsin. Heç bir qüvvə Azərbaycanı öz dəyərlərindən kənara çıxara bilməz, Azərbaycan ümumbəşəri dəyərlərə sadiqdir və Lüksemburq kimi cırtdan ölkənin də bu dəyərlərimizə qarşı və Azərbaycana qarşı olan tələblərini də rədd edirik", - deputat əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре