İran rialının ucuzlaşması Azərbaycana necə təsir edə bilər?

İran rialının ucuzlaşması region ölkələri üçün, o cümlədən Azərbaycan üçün həm imkanlar, həm də risklər yaradır. Məsələyə iqtisadi və geosiyasi müstəvidə yanaşmaq məqsədəuyğundur.

İlk növbədə, ticarət baxımından imkanlar mövcuddur. Rialın dəyər itirməsi İran məhsullarının ucuzlaşmasına səbəb olur. Bu, Azərbaycanın İrandan idxal etdiyi kənd təsərrüfatı məhsulları, tikinti materialları və bəzi sənaye mallarının maya dəyərini azalda bilər. 

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kazımlı bildirib ki, İran rialının ucuzlaşmasının Azərbaycana birbaşa təsiri məhduddur. 

İran ölkəmizlə idxalda 2-3 faiz paya malikdir. Ölkəmizə əsasən kənd təsərrüffatı, ərzaq, sənaye və digər məhsullar bazarlarımızda satılır və bazarın formalaşmasına təsir göstərir. Gətirilən mallar digərlərinə nisbətən ucuz təklif edilir. Bu məhsulların bazardan çıxması qiymətləri bahalaşdıra bilər. Lakin İran rialının ucuzlaşması fonunda ölkəmizə gətirilən malların gətirilməsində problem olmayacaqsa ucuzlaşma da baş verə bilər. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İran rialının məzənnəsinin açıqlanmasını dayandırıb.

İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, Mərkəzi Bank tərəfindən 01 oktyabr 2025-ci il tarixindən İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb. Analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.