Hindistanın Cənubi Qafqazdakı təhlükəli oyunu
Müəllif: Elvin Səxavətoğlu
Ermənistan Azərbaycanla sülh danışıqları aparmaqla yanaşı sürətlə silahlanmaqda davam edir.
İrəvanı silahlandıran dövlətlər
Rəsmi İrəvan ötən müddət ərzində Fransadan "Acmat" şirkətinin istehsalı olan çoxməqsədli "Bastion" zirehli texnika alıb.
Həmçinin ABŞ və Hindistanla da hərbi əməkdaşlığını genişləndirib.
Bir neçə gün əvvəl ABŞ-nin iki hərbi təyyarəsi sözügedən hava limanına silah və şəxsi heyət çatdırıb, Ermənistanı snayper tüfəngləri, gecəgörmə cihazları, rabitə vasitələri, zirehlər, mini-dron və minalarla təmin edib. Bundan əlavə, ABŞ Ermənistanın İranla sərhədində yerləşən uyğunlaşdırılmış silah və sursatlar, eləcə də İranın raket trayektoriyalarını izləmək üçün qurğular göndərib.
Ermənistan Hindistan istehsalı "Pinaka" raket sistemini də əldə edib.
Hazırda isə rəsmi İrəvan 2024-cü ilin sonuna kimi "Akash 1S" Hava Hücumundan Müdafiə Sistemlərini əldə etmək istəyir.
Bu müdafiə sistemləri reaktiv, raket və dronlara qarşı müdafiə qabiliyyətinə malikdir.
"Akash 1S" təxminən 4 ilə 25 km radiusda döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi hava hədəflərini zərərsizləşdirə bilmək potensialına malikdir.
Qeyd edək ki, Hindistanın ən böyük silah idxalçısı Ermənistandır. Silah ticarətinin dövrüyyəsi 600 milyon dollar civarındadır.
Bəs Hindistan niyə Ermənistanla hərbi əməkdaşlıqda maraqlıdır?
Məlumdur ki, Pakistanla Hindistan uzun illərdir müharibə vəziyyətindədir. Azərbaycanla Pakistan isə yüksək hərbi, siyasi və iqtisadi əlaqələrə malikdir. Çox ehtimal ki, Hindistan-Ermənistan yaxınlaşmasının kökündə Azərbaycan-Pakistan münasibətlərinə qısqanc yanaşma dayanır.
Hindistan dünya silah bazarına yeni daxil olur. Yeni Dehli 2018-2022-ci illərdə dünyanın ən böyük silah ixracatçısı olub.
Görünür, Ermənistan silah bazarına yenicə daxil olan Hindistan üçün sadəcə reklam vasitəsidir. Yəni Yeni Dehli silahlarını reklam etmək üçün İrəvandan istifadə edir. Hindistan bu silahların aktiv döyüşlərdə istifadəsində də maraqlıdır. Çünki döyüşlərdə yeni növ silahlara maraq daha çox olur və dövlətlər həmin silahlarla maraqlanmağa başlayır.
Təbii ki, sülh prosesinin intensiv şəkildə davam etdiyi bir dövrdə Hindistanın öz maraqları naminə Ermənistanı silahlandırması bölgədə gərginliyi artıran amillərdəndir. Ümumiyyətlə, Hindistanın dəstəyi Ermənistanı revanşa həvəsləndirir və bu Cənubi Qafqazda sülh üçün ən böyük təhdiddir.
Hindistan Azərbaycanla əlaqələrinə zərbə vurur
Məlumdur ki, Azərbaycan neftinin əsas alıcılarından biri Hindistandır.
Həmçinin Hindistandan başlayan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas hissəsi Azərbaycan ərazisindən keçir. Dəhliz iqtisadiyyatı sürətlə böyüyən Hindistan üçün həyati əhəmiyyətə malikdir.
Bu səbəbdən, Hindistan Azərbaycanla iqtisadi və siyasi əlaqələrini inkişaf etdirməkdə maraqlı olmalıdır. Amma Yeni Dehli tam əksinə siyasət yürüdür. Ümumilikdə, Hindistanın Ermənistanla silah ticarəti regionda revanşist meyilləri artırmaqla yanaşı, iki ölkə arasında sağlam münasibəti zədələyir və etimadı azaldır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре