İrəvan yalanı

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Ermənistan beynəlxalq arenada ikili standartlara əsaslanan siyasətini davam etdirir. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə danışıqlar prosesini mümkün qədər uzatmaq üçün hər cür vasitələrə əl atır. Bu yanaşma regionda Ermənistan məsələsindən təzyiq aləti kimi istifadə etməyə çalışan Qərbin siyasi maraqları ilə tam uyğunluq təşkil edir. Süni maneələrin yaradılması, Qərb kuratorlarından siqnal gözləmək və xarici siyasətlə manipulyasiya etmək - bunlar Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin xarici dəstəyi möhkəmləndirmək və şəxsi siyasi davamlılığını təmin etmək məqsədinə xidmət edən əsas strategiyasıdır.

İrəvan anlayır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Qərb tərəfdaşlarından maliyyə, diplomatik və hərbi dəstək əldə etmək üçün münaqişədən istifadə imkanlarını əlindən alacaq. Ermənistanın əsas məqsədi regional gərginliyi qoruyub saxlamaqdır ki, ABŞ və Fransa kimi aktorların diqqət mərkəzində qala bilsin. Bu səbəbdən biz sərhəddə təxribatların davamlı təşkilini, Qarabağ ermənilərinin "soyqırımı" iddialarını və Qərb mediasının anti-Azərbaycan ritorikasını təşviq etməsini görürük.

Ermənistanın indiki strategiyası Qərbin təsirini regionda möhkəmləndirmək üçün institusional çərçivələrin yaradılmasına yönəlib. Belə ki, Ermənistandakı Avropa İttifaqı missiyası diplomatik status əldə edib, Fransanın hərbi attaşelərinin sayı artırılıb və Ermənistan Müdafiə Nazirliyinə amerikalı müşavir təyin olunub. Bu qərarlar, Vaşinqton və ya Brüsseldə baş verə biləcək siyasi dəyişikliklərdən asılı olmayaraq, Qərb təsirini uzunmüddətli perspektivdə təmin etməyə yönəlib.

Nikol Paşinyan açıq şəkildə Qərbin dəstəyini qazanmağa çalışır və hətta ABŞ-də Donald Trampın hakimiyyətə qayıdacağı halda belə kursun dəyişməsinin qarşısını alacaq uzunmüddətli mexanizmlər yaradır. Bayden administrasiyası dövründə Ermənistan mövzusu ABŞ-İran danışıqlarının konstruktiv hissəsi kimi qəbul edilir. Fəqət Birləşmiş Ştatlardakı prezident seçkilərində Trampın qələbəsi sözügedəny anaşmanı kökündən dəyişə bilər. İranla bağlı ritorikanın sərtləşdirilməsi Ermənistanın növbəti addımlarına, o cümlədən Tehranın hərbi müttəfiqi olmağa hazırlığına təsir göstərə bilər.

Ermənistan hazırkı şəraitdə Fransa ilə hərbi əməkdaşlığını artırmağa davam edir. Adətən Türkiyə və Azərbaycan əleyhinə çıxış edən Paris, Ermənistanı Cənubi Qafqazda öz təsirini gücləndirmək üçün əlverişli vasitə kimi görür. Bu vəziyyət Paşinyana Qərb, İran və Rusiya arasındakı ziddiyyətlərdən faydalanmağa imkan verir ki, bu da regionda vəziyyətin stabilləşməsini çətinləşdirir.

Ənənəvi olaraq qlobal və regional oyunçuların maraq dairəsində olan Cənubi Qafqaz, bu gün yenidən geosiyasi ziddiyyətlərin mərkəzindədir. Məhdud resurslara və kəskin daxili böhranlara malik Ermənistan İran, kollektiv Qərb və Rusiyanın maraqlarının toqquşduğu bir məkana çevrilib. Xarici güclərin təsirinin güclənməsi və İrəvanın yeni kurs müəyyənləşdirmək cəhdləri, mürəkkəb və dinamik bir kontekst yaradır. Bu şəraitdə Ermənistanın beynəlxalq arenada daha məsuliyyətli davranması, regionda uzunmüddətli sabitliyə nail olmaq üçün real addımlar atması tələb olunur.

Nikol Paşinyan ölkəsinin geosiyasi mövqeləri və daxili vəziyyəti nəzərə alaraq, Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə məcburdur. Bu tələskənlik əsasən iki amildən qaynaqlanır:

Ermənistanda iqtisadi çətinliklər və təhlükəsizlik sahəsində artan problemlər cəmiyyətdə narazılıqları daha da dərinləşdirib. Paşinyan hökumətinin zəifləyən mövqeləri, ona ictimaiyyəti sakitləşdirmək üçün hansısa uğuru nümayiş etdirmək zərurətini diktə edir. Azərbaycanla sülh müqaviləsinin imzalanması, onun siyasi gündəliyində "diplomatik qələbə" kimi təqdim oluna bilər. Bu, ölkə daxilində müəyyən qədər sabitlik yarada və cəmiyyətin müəyyən hissəsini sakitləşdirə bilər.

Trampın hakimiyyətisə Ermənistanın mövcud Qərb dəstəyini itirməsi ilə nəticələnə bilər. Bayden administrasiyası dövründə Ermənistanın vəziyyəti müəyyən qədər diqqət mərkəzində olsa da, Trampın daha sərt yanaşma sərgiləyəcəyi ehtimal olunur. Belə şəraitdə İrəvan Vaşinqtonun hazırkı dəstəyindən maksimal faydalanmağa çalışaraq mövqelərini gücləndirmək istəyir.

Azərbaycan üçün Ermənistanla sülh müqaviləsi regionun sabitliyini təmin etməkdən daha artığını ifadə edir. Bu, həm də tarixi ədalətin bərpası məsələsidir. Azərbaycan tərəfi dəfələrlə özünün ərazi bütövlüyünü qorumaq və Ermənistanla dinc yanaşı yaşamağa hazır olduğunu bəyan edib. Fəqət bu niyyətlərin reallaşması yalnız Ermənistanın real addımları ilə mümkün ola bilər. Təəssüf ki, İrəvan hələlik bu məsələdə konkretlik göstərməkdən çəkinir və sülh danışıqlarını müxtəlif vasitələrlə sabotaj edir.

Belə şəraitdə beynəlxalq ictimaiyyətin dəqiq mövqe tutması vacibdir. Ermənistanın ikili siyasəti və güclərarası ziddiyyətlərdən yararlanmaq cəhdləri dayandırılmalı, Azərbaycanın ədalətli tələbləri dəstəklənməlidir. İrəvan anlamalıdır ki, onun gələcək mövcudluğu yalnız sülh və əməkdaşlıq şəraitində mümkündür.

Türkiyə regionda yeni bir siyasi istiqamət müəyyənləşdirir. Gümrü-Qars dəmir yolunun açılması ilə bağlı aparılan danışıqlar Ankara ilə Ermənistan arasında münasibətlərin bərpasına marağı nümayiş etdirir. Ankara bu normallaşma prosesini regional siyasətdə daha güclü mövqe əldə etmək üçün strateji alət kimi istifadə edir.

Rusiyanın Ermənistandakı mövqelərinin zəifləməsi kollektiv Qərbin regionda möhkəmlənmək cəhdlərini daha da aktivləşdirib. Son illərdə Ermənistan, Avropa İttifaqı (Aİ), ABŞ və Fransa tərəfindən həyata keçirilən çoxsaylı təşəbbüslərin obyektinə çevrilib. Bu təşəbbüslər yalnız iqtisadi və ya humanitar yardım deyil, strateji təsirin institusional mexanizmlər vasitəsilə təmin edilməsinə yönəlib.

1. Aİ Missiyasının rolu

Avropa İttifaqının Ermənistandakı missiyasına diplomatik statusun verilməsi onun strateji əhəmiyyətini vurğulayır. Aİ-nin məqsədi Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik monitorinqini təmin etməkdir ki, bu da missiyanı Brüsselin təsir alətinə çevirir.

2. ABŞ-nin müdafiə siyasətinə təsiri

Ermənistan Müdafiə Nazirliyində ABŞ müşavirinin olması Pentaqonla daha sıx əməkdaşlıq perspektivlərini artırır. Bu addım, Qərbin maraqlarına uyğun şəkildə müdafiə planlaması üçün daha elastik strukturun yaradılmasına yönəlib.

3. Fransanın aktivləşməsi

Fransanın hərbi attaşe heyətinin artırılması Parisin Ermənistan məsələlərinə daha dərindən müdaxilə etmək niyyətini göstərir. Fransa regionda həm hərbi, həm də diplomatik müstəvidə öz təsirini gücləndirmək istəyir.

... Ermənistanın Qərbə inteqrasiya meyilləri digər oyunçular, xüsusən də Cənubi Qafqazı öz strateji maraq zonası hesab edən İran tərəfindən ciddi narazılıqla qarşılanır. İran Ermənistanın Rusiyanın təsirindən uzaqlaşmasını öz maraqları üçün bir fürsət kimi görərək, regionda təsirini genişləndirmək üçün fəal addımlar atır.

Bu mürəkkəb şəraitdə Ermənistan anlamalıdır ki, ikili oyunlar uzunmüddətli perspektivdə onun öz təhlükəsizliyini və sabitliyini təhdid altına qoyur. Azərbaycanın ədalətli tələblərini nəzərə alan konstruktiv yanaşma, Ermənistan üçün regionda yeganə rasional çıxış yoludur.

Rusiyanın zəifləyən təsiri və Qərbin artan aktivliyi İranı daha fəal hərəkət etməyə məcbur edir. Tehran Ermənistanın tamamilə Qərbin təsiri altına düşərək forposta çevrilməsinin qarşısını almaq üçün konkret addımlar atır:

1. Rusiyaya təzyiq

Mehri sərhəd-keçid məntəqəsindən rus sərhədçilərinin çıxarılması İranın təsiri ilə baş verib. Tehran bu addımı Ermənistanın əsas sərhəd nöqtələrində öz qüvvələrini yerləşdirmək üçün fürsət kimi görür. Analitiklərin fikrincə, İran Ermənistanla sərhəd boyu strateji nəzarəti gücləndirmək planları üzərində işləyir.

2. Ermənistanla hərbi saziş

2024-cü ildə böyük miqyaslı hərbi əməkdaşlıq sazişinin imzalanması üzrə aparılan danışıqlar İranın Ermənistan üzərində təsirini artırmaq məqsədinə xidmət edir. Ekspertlər bu sazişi Tehranın İrəvanı öz asılılığına daha da yaxınlaşdıracaq güclü rıçaq kimi qiymətləndirirlər.

3. ABŞ və Aİ-yə xəbərdarlıqlar

İran açıq şəkildə bildirib ki, Ermənistan üzərində Qərbin təsirinin güclənməsi onun strateji maraqlarını poza bilməz. Bu bəyanatlar Tehranın sərt addımlara hazır olduğunu nümayiş etdirir.

... Ermənistan xarici təsirlərin obyektinə çevrilərkən, Azərbaycan öz diplomatik və iqtisadi qələbələrini möhkəmləndirməyə yönəlib. Qarabağ üzərində nəzarətin bərpası əməliyyatı Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməyə hazır olduğunu göstərdi. İndi isə Bakı Ermənistandan aşağıdakı tələblərin yerinə yetirilməsini tələb edir:

Ərazi bütövlüyünün tanınması. Ermənistan rəsmi olaraq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməlidir.

Nəqliyyat dəhlizlərinə zəmanətö Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizi danışıqlarda əsas element olaraq qalır. Bakı hüquqi zəmanətlərdə israrlıdır.

Ermənistan, prosesin uzanmasının onun üçün sərfəli olmadığını anlayaraq danışıqları sürətləndirsə də, ölkədəki daxili siyasi böhranlar İrəvanın mövqelərini zəiflədir.

Baş nazir Nikol Paşinyan, hakimiyyəti əlində saxlamaq üçün sərt bəyanatlarla çıxış edir. Onun tarixi sənədlərə və erməni cəmiyyətinin mentalitetinə yönəlmiş tənqidi yalnız daxili gərginliyi artırır:

1. Müstəqillik bəyannaməsi

Paşinyan Ermənistanın müstəqillik bəyannaməsini "faciə" adlandıraraq, dövlətçiliyin zəif əsaslar üzərində qurulduğunu vurğuladı. Bu bəyanat ölkə daxilində və xaricdə narazılıq doğurdu.

2. Mentalitet tənqidi

Cəmiyyətdə "antidövlət düşüncə tərzi" ittihamları, milli identiklik böhranının dərinləşdiyini göstərir.

3. İdarəetmə səhvləri

2020-ci il razılaşmalarının imzalanmasında məsuliyyətini etiraf etməsi Paşinyanın mövqelərinin zəifliyinə işarə edir.

Bu açıqlamalar Ermənistanın daxili destabilliyini daha da artırır və ölkəni xarici təsirlərə daha həssas edir.

... Ermənistan bu gün daxili ziddiyyətlər və xarici təsirlər fonunda geosiyasi böhran yaşayır. İran, ABŞ, Aİ və Rusiya kimi böyük güclər, Ermənistanın zəifliyindən istifadə edərək regionda öz maraqlarını reallaşdırmağa çalışırlar. Bu şəraitdə Ermənistanın gələcəyi yalnız Azərbaycanla sülhə yönəlmiş konkret və real addımlardan asılıdır. Azərbaycan isə öz milli maraqlarını və regional sabitliyi təmin etmək yolunda qətiyyətli olaraq qalır.

Tehran hərbi və diplomatik vasitələrlə təsirini artırmağa davam edəcək. İran Ermənistanı Qərbə qarşı balanslaşdırıcı qüvvə kimi istifadə etməyi hədəfləyir.

Avropa İttifaqı, ABŞ və Fransa, institusional mexanizmlər və uzunmüddətli layihələr vasitəsilə regionda möhkəmlənməyi planlaşdırır. Bu addımlar Ermənistanı Qərbin təsir dairəsində saxlamaq məqsədini güdür.

Ankara iqtisadi və nəqliyyat layihələri vasitəsilə regiondakı rolunu gücləndirmək istəyir. Bu təşəbbüslər Türkiyənin Cənubi Qafqazdakı təsirini daha da artıracaq.

Azərbaycan üçün Ermənistanla sülh müqaviləsi regionun sabitliyinə nail olmaqdan əlavə, tarixi ədalətin bərpası anlamını daşıyır. Bakı dəfələrlə özünün ərazi bütövlüyünə sadiqliyini və Ermənistanla dinc yanaşı yaşamaq niyyətini bəyan edib. Lakin bu niyyətlərin həyata keçirilməsi yalnız İrəvanın real addımları ilə mümkündür. Təəssüf ki, Ermənistan indiyə qədər danışıqlar prosesini sabotaj etmək cəhdləri ilə seçilir.

Belə vəziyyətdə beynəlxalq ictimaiyyətin konkret mövqe sərgiləməsi və Azərbaycanın ədalətli tələblərinə dəstək göstərməsi vacibdir. Ermənistan anlamalıdır ki, onun gələcəyi yalnız sülh və əməkdaşlıq şəraitində mümkündür.

.. Ermənistan hazırda bir çox xarici qüvvələrin mübarizə meydanına çevrilmiş vəziyyətdədir. Ölkə İran, Qərb və Rusiya arasında balans axtarışları fonunda öz müstəqilliyini qoruyub saxlamaq və ya tamamilə bir xarici gücün alətinə çevrilmək arasında seçim etməlidir. İrəvanın ikiüzlü siyasəti və sülh prosesindən manipulyativ istifadə cəhdləri daha böyük böhrana səbəb ola bilər.

Bu tarixi keçid dövründə Ermənistan süni maneələrin zamanının artıq keçdiyini və regionun gələcəyinin yalnız real addımlarla təmin oluna biləcəyini anlamalıdır. Azərbaycan isə dayanıqlığını və ədalətli həllə olan hazırlığını göstərməyə davam edir. Bu yanaşma bütün Cənubi Qafqazın sabitliyi və rifahı üçün vacibdir.