Dəmiryolu xətlərinin mühafizə zolağında mövcud olan tikililər təhlükə yaradır

Nərimanov rayonu ərazisində, Nərimanov-Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında mövcud olan tikililər təhlükə yaradır. Ərazidə 161 qeyri-qanuni tikilmiş ev mövcuddur.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, qanunsuz tikililərlə bağlı cinayət işləri açılıb və araşdırmalara başlanılıb.

"Ərazidə ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırmalar göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edir. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir. Həmçinin 54 ailənin başqa ünvanlarda evləri var. 11 nəfər isə oradakı evini kirayəyə verib. Evlər sənədsiz və qeyri-qanuni tikilib.

 

Bundan başqa, tikililər dəmir yolunun mühafizə zolağında yerləşir ki, bu, həm dəmiryolu nəqliyyatına ciddi problemlər yaradır, həm də onların özləri üçün təhlükə mənbəyidir", - ADY rəsmisi əlavə edib.

Onun sözlərinə görə, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbaxt hadisələr baş verib:

"30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb. Əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları daxil ola bilmir. Bu da insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Tikililər şəhərin ümumi görünüşünü pozmaqla yanaşı, ərazidə kommunal xidmətlər çox aşağı səviyyədədir və işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur".