Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"ın dəstəyi ilə bu gün, iyulun 24-də axşam saatlarında XIV Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Gözəl bir ənənəyə çevrilən festival iyulun 29-dək davam edəcək. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən tanınmış ifaçılar, gənc istedadlar, musiqi kollektivləri iştirak edəcəklər. Festival çərçivəsində, həmçinin görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də xüsusi konsert proqramları ilə qeyd ediləcək.

Trend xəbər verir ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

Proqrama uyğun olaraq, bu gün axşam saat 19:00-da açıq səhnədə (Qafqaz Resort) XIV Qəbələ Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, tanınmış ifaçılar tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcəklər. Konsert Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunacaq.

Festival günlərində musiqisevərlər, həmçinin "Mercadonegro " musiqi qrupunun (Latın Amerikası), Tbilisi Big Band ansamblının (Gürcüstan), "Ciurlionis" kvartetinin (Litva), həmçinin "Gənclərə dəstək" layihəsi iştirakçılarının, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, "Detaşe-Sabah" violinoçular ansamblının, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin, Bakı Dövlət Kamera Orkestrinin, tanınmış musiqiçilərin çıxışlarını izləmək imkanı əldə edəcəklər.