Metropoliten rəsmisi pik saatlarda qatarların intervalını AÇIQLADI

"Bakı Metropoliteni"ndə yeni tədris mövsümündən başlayaraq iş günlərində günün pik saatlarında olmaq şərtilə, hərəkət qrafiki 28 May stansiyasından Əhmədli stansiyasına qədər 1 dəqiqə 45 saniyə elan olunub.
Day.Az xəbər verir ki bunu Trend-ə açıqlamasında Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, Bakı Metropoliteninin bu gün əsas problemi yaşıl və qırmızı xətlərin 28 May stansiyasında kəsişərək birləşməsidir.
"Bu səbəbdən artıq 28 May stansiyasından İçərişəhər və Dərnəgül istiqamətində qatarların hərəkəti pik saatlarda iki dəfə artır, yəni interval 3 dəqiqə 30 saniyəyə çatır. Lakin Bakı Metropolitenində bu kimi hallarla bağlı əlavə tənzimləmə tədbirləri də mövcuddur. Məsələn, yalnız bir istiqamət üzrə götürsək, səhər saatlarında Memar Əcəmi xəttində iki xüsusi sıx stansiya var: 20 Yanvar və Koroğlu. 20 Yanvar stansiyası ilə yanaşı, son dövrlərdə sərnişin axını çox olan Memar Əcəmi və İnşaatçılar stansiyalarında sıxlığı tənzimləmək məqsədilə səhər saat 08:00-dan 09:00-a qədər Memar Əcəmi stansiyasından iki qatar geri qaytarılır. Bu zaman Memar Əcəmi-Dərnəgül istiqamətində qeyd etdiyim interval iki dəfə artır".
Bəxtiyar Məmmədov əlavə edib ki, həmin sahədə metronun texniki imkanlarına görə əlavə qatar buraxmaq mümkün deyil. Lakin bu istiqamətdə də sərnişin axını üzrə xüsusi monitorinqlər aparılır:
"Sıxlığın yaranması və sərnişin tələbatı daim nəzarətdə saxlanılır. Məsələn, səhər saatlarında Neftçilər istiqamətindən Koroğlu istiqamətinə hərəkət edən xətt üzrə ən sıx stansiya məhz Koroğludur. Bu səbəbdən saat 08:00-09:00 aralığında sərnişin axınını tənzimləmək məqsədilə bir qatar sərnişinsiz şəkildə Koroğlu stansiyasına göndərilir. Yəni, qatar Neftçilər stansiyasından sərnişin götürmədən çıxır, Koroğlu stansiyasına çatdıqdan sonra isə sərnişinlərlə yola davam edir".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре