Milli Məclisin deputatları və əməkdaşları işğaldan azad edilmiş ərazilərə yürüş ediblər

Milli Məclisin bir qrup deputatı və Parlament Aparatının əməkdaşları "Konstitusiya və Suverenlik ili" çərçivəsində Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yürüş ediblər.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu ərazilərə ilk dəfə təşkil olunan yürüşdə Milli Məclisin komitə sədri Şahin İsmayılov, deputatlardan Şahin Seyidzadə, Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və Aparatın bir qrup əməkdaşı iştirak edib. Yürüş Daşaltı dərəsindən keçən eyniadlı çay boyunca həyata keçirilib.

Qeyd edilib ki, hazırda bu marşrutun keçdiyi ərazilərdə geniş abadlıq işləri aparılır. Şübhəsiz ki, yaxın gələcəkdə azad Qarabağın bu ərazisi də təbiətsevərlərin sevimli məkanlarından biri olacaq.