Heydər Əliyev Fondu tərəfindən Samuxda inşa olunan yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn layihələri paytaxtla yanaşı regionları da əhatə edir.

Day.Az xəbər verir ki, 70-dən artıq yaşı olan Samux rayonu Alıuşağı kənd tam orta məktəbinin də yenilənməsinə əsas yaranmışdı. 1953-cü ildə inşa olunan təhsil ocağı ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü.

Heydər Əliyev Fondu tərəfindən 2024-ci ildə 360 şagird yerlik yeni məktəbin inşasına başlanılmışdı.
3 mərtəbəli məktəb binası 4 korpusdan ibarətdir.

Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb, əmək təlimi otaqları, eləcə də məktəbəqədər sinif otağı, kitabxana, yeməkxana, akt və idman zalları qurulub, məktəbin ərazisində açıq idman meydançası yaradılıb.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun yeni təhsil ocaqlarının inşası və artıq istifadəyə yarasız olan təhsil müəssisələrinin yenidən qurulması istiqamətində gördüyü işlər dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək olaraq gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almasına töhfə vermiş olur.