Növbəti il üçün cari xərclərin əsas hissəsi məhz sosialyönlü xərclərin payına düşür - Himalay Məmişov
Növbəti il üçün cari xərclərin əsas hissəsi məhz sosialyönlü xərclərin payına düşür.
Day.Az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2026-cı ildə sosialyönlü xərclərə 17,1 milyard manat və ya dövlət büdcəsi xərclərinin 41,1 faizi həcmində vəsait ayrılacaq:
"Bu 2025-ci illə müqayisədə 213,0 milyon manat və ya 1,3 faiz çoxdur. Bu xərclərin 89,7 faizi və yaxud 15,4 milyard manatı əməyin ödənişi və sosial təminat xərclərinin payına düşməklə son 5 ildə (2022-2026-cı illər) 4,4 milyard manat və ya 39,6 faiz artmışdır".
Himalay Məmişov əlavə edib ki, 2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur:
"Bu cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur. Ortamüddətli dövrdə təhsil və elmə ayrılan vəsait mütləq ifadədə 1,4 milyard manat və ya 35,2 faiz artmışdır.
Gələn il ümumi və məktəbəqədər təhsil xərclərinə 2,9 milyard manat, dövlət sifarişi də daxil olmaqla, ali təhsilin maliyyələşdirilməsinə 828,5 milyon manat, peşə və orta ixtisas təhsilinə 199,7 milyon manat, təhsil sahəsi üzrə məqsədli proqramlar və tədbirlər, habelə təhsil sahəsində tətbiqi tədqiqat xərclərinə 1,1 milyard manat vəsait nəzərdə tutulur".
"Dövlət sifarişi ilə ali təhsilin maliyyə təminatı üçün ayrılacaq vəsaitin 42,0 milyon manatı həssas qrupdan olan 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulmuşdur.
Həmçinin, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsait proqnozlaşdırılır", - deyə nazir müavini qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре