Ölkədə müxtəlif konfessiyaların bərabər fəaliyyəti Azərbaycanın demokratik və tolerant imicini ucaldır

Prezident İlham Əliyevin ötənilki müraciətində təqdim olunan digər bir mühüm mesaj isə məhz din xadimlərinə ünvanlanmışdı. Bu mesajın fəlsəfəsi, din xadimlərinin yalnız ibadət məkanlarının rəhbərləri kimi deyil, həm də mənəvi dəyərlərin daşıyıcıları, cəmiyyətin sağlam düşüncə ruhunda formalaşmasında mühüm təsir gücünə malik şəxslər olduğunu göstərir.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi çağırışı müasir dövrdə qloballaşma, informasiya bolluğu və dəyər aşınması fonunda xüsusi aktuallıq kəsb edir:

"Bu isə dünyəvi dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil etmir, əksinə, onları tamamlayır.

Qeyd edim ki, ötən müddət ərzində bu fəaliyyət düşünülmüş ideoloji və maarifləndirici işlərlə müşayiət olunub. Dövlət qeydiyyatına alınmış yüzlərlə dini qurumun, müxtəlif konfessiyaların bərabər şəraitdə fəaliyyət göstərməsi Azərbaycanın demokratik və tolerant imicini beynəlxalq aləmdə ucaldan mühüm amillərdəndir.

Azərbaycanın dövlət-din modelinin beynəlxalq arenada sülh adası kimi təbliği istiqamətində sistemli addımlar atılıb, dünyanın nüfuzlu beyin mərkəzləri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq platformaları yaradılıb".