Məmmədbəyli kəndinə və Qırmızı Bazar qəsəbəsinə köçən sakinlərə evlərinin açarları təqdim olunub - FOTO
Bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Day.Az xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə 29 ailə olmaqla, 147 nəfər, Qırmızı Bazar qəsəbəsinə isə 37 ailə olmaqla, 169 nəfər qayıdıb.
14:18
xxx
Dekabrın 25-də həyata keçirilən növbəti mərhələdə respublikanın müxtəlif şəhər və rayonlarından yola düşən köç karvanı Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu mərhələdə Şuşakəndə 83 nəfərdən ibarət 20 ailə, Xanyurdu kəndinə isə 50 nəfərdən ibarət 12 ailə köçürülüb.
Mənzillərin açarlarının təqdimatında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinləri doğma yurda qayıtmaları münasibətilə təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri planlı və sürətli şəkildə davam etdirilir. Şuşakənd və Xanyurdu kəndlərində içməli su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər tam şəkildə təmin olunub. Sakinlərin məşğulluq məsələsi də diqqətdə saxlanılır. Doğma torpaqlarına qovuşan sakinlər də yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, illər sonra öz yurdlarında yaşamağın sevincini bölüşüblər.
14:10
xxx
İşğaldan azad olunan Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar.
Day.Az xəbər verir ki, bu gün Məmmədbəyli kəndinə 29 ailə olmaqla, 147 nəfər qayıdıb
Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
13:15
xxx
İşğaldan azad olunan Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Day.Az xəbər verir ki, bu gün Qırmızı Bazar qəsəbəsinə 37 ailə olmaqla, 169 nəfər qayıdıb.
Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb.
Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib. Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
13:07
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə və Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
Day.Az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı rayonunun Şuşakənd kəndinə 20 ailə (83 nəfər), Xanyurdu kəndinə 12 ailə (50 nəfər), Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 37 ailə (169 nəfər), Zəngilan rayonunun Məmmədbəyli kəndinə isə 29 ailə (147) nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре