Sumqayıt və Xırdalan üçün "Dərnəgül həlli"

Bakıda tıxacların azaldılması və nəqliyyata əlçatanlığın artırılması üçün bir sıra məqsədyönlü layihələr həyata keçirilib.

Xüsusilə velosiped yollarının salınması şəhərdaxili qısa məsafələr üçün avtomobilə alternativ yaradıb və mikromobilliyin inkişafına təkan verib. İctimai nəqliyyatın daha sürətli və fasiləsiz işləməsi üçün avtobuslar üçün xüsusi hərəkət zolaqları ayrılıb ki, bu da onların tıxaclara düşmədən hərəkətini təmin edir. Eyni zamanda, şəhərin müxtəlif hissələrində maşınsız və avtomobil hərəkəti məhdudlaşdırılmış ərazilərin yaradılması piyadaların təhlükəsizliyini artırıb, ictimai məkanların keyfiyyətini yüksəldib və avtomobil axınını azaldıb.

Həmçinin Bakıətrafı ərazilərdə yaşayan sakinlərin şəhərin müxtəlif hissələri ilə əlaqəsinin təmin edilməsi məqsədilə dəmir yolu nəqliyyatının inkişaf etdirilməsinə xüsusi önəm verilir.

Bu layihələrdən ən diqqətçəkəni "Dərnəgül" metrostansiyasının yanında inşa edilən eyniadlı dəmir yolu stansiyasıdır.

Maraqlıdır, "Dərnəgül" dəmir yolu stansiyası və onun ətrafında yaradılacaq nəqliyyat qovşağı şəhərdəki sərnişindaşıma prosesinə necə təsir edəcək?

Məsələ ilə bağlı Day.Az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakıda inteqrasiya olunmuş nəqliyyat sisteminin əsas sütunlarından biri dəmir yoludur.

"Mövcud təcrübədə 28 May və Koroğlu nəqliyyat mübadilə mərkəzlərində metro, avtobus və dəmir yolunun vahid məkanda fəaliyyət göstərməsi bu yanaşmanın effektivliyini göstərir. Gələcək üçün planlaşdırılan Dərnəgül nəqliyyat qovşağı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Burada metro, avtobus və dəmir yolunun bir məkanda yerləşməsi, şəhərin şimal istiqamətindən gələn sərnişinlər üçün rahat və çevik nəqliyyat imkanları yaradacaq."

Ekspert bildirib ki, Dərnəgülün coğrafi mövqeyi xüsusilə əhəmiyyətlidir.

"Sumqayıt və Xırdalan istiqamətindən gələn sərnişinlər səfərlərini artıq Dərnəgül üzərindən təşkil edə biləcəklər. Bu, sərnişin axınının təkcə 28 May ətrafında cəmlənməsinin qarşısını alacaq, yeraltı və yerüstü nəqliyyat yüklərinin balanslı bölüşdürülməsinə imkan verəcək. Eyni zamanda, səkkizinci kilometr və digər istiqamətlərə səfər edənlər üçün dəmir yolundan alternativ marşrut kimi istifadə etmək mümkün olacaq."

Rauf Ağamirzəyev bildirib ki, dövlət proqramına əsasən, dəmir yolunun gündəlik sərnişin daşıma hədəfi mərhələli şəkildə artırılaraq yaxın beş ildə 250 min nəfərə çatdırılması nəzərdə tutulur.

"Bu məqsədlə dəmir yolunun "yerüstü metro" prinsipi ilə fəaliyyət göstərməsi vacib hesab olunur. Abşeron ərazisində qatarların 15-20 dəqiqəlik intervalla hərəkəti təmin edilərsə, şəxsi avtomobildən imtina edib qatara üstünlük verənlərin sayı xeyli artacaq. Bu isə hibrid və multimodal daşımaların - yəni səfərin bir hissəsinin qatarla, davamının metro və ya avtobusla həyata keçirilməsinin - geniş tətbiqinə şərait yaradacaq. Belə inteqrasiya olunmuş sistem sərnişinlər üçün həm vaxt, həm də xərc baxımından daha səmərəli olacaq. Nəticə etibarilə, dəmir yolunun ictimai nəqliyyat sistemində aktiv və inteqrasiya olunmuş şəkildə istifadəsi avtobusların üzərindəki yükü azaldacaq, relsli nəqliyyatın payını artıracaq və Bakının monosentrik modeldən polisentrik modelə keçidini dəstəkləyən əsas amillərdən birinə çevriləcək."

Elvin Səxavətoğlu
Day.Az