Bu avtomobillər Azərbaycanda yerli mütəxəssislər tərəfindən istehsal olunur - DETALLAR
Gəncə Avtomobil Zavodunda istehsal edilən kommunal təyinatlı texnikalar, eləcə də "Kamaz" və "Maz" markalı yük avtomobilləri yerli mütəxəssislər tərəfindən yığılır. Bugünə qədər istehsal sahəsində 115 ədəd, hər biri 22 kub metr tutumlu texnika istehsal edilib.
Day.Az xəbər verir ki, bu texnikalar regionlarda kommunal xidmətlərin yüksəldilməsinə, sanitar və gigiyenik vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcək. İstehsal olunan texnikaların 58 şəhər və rayona göndərilməsi nəzərdə tutulur. Avtomobillərin üst hissəsi yerli mütəxəssislər tərəfindən hazırlanıb ki, bu da zavod üçün ilk dəfədir.
Layihə çərçivəsində müəssisəyə müasir avadanlıqlar alınaraq quraşdırılıb və bütün proseslər - kəsmə, əymə, qaynaq, montaj və rəhləmə - yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Paytaxt Bakı ilə yanaşı, regionlarda da sosial infrastrukturun və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə bu layihə ardıcıl şəkildə davam etdiriləcək.
Ümumilikdə, Gəncə Avtomobil Zavodunda traktor, kombayn, digər kənd təsərrüfat texnikası, minik və yük avtomobilləri istehsal olunub. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.
Elcan Turan
Day.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре